• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ziyarətgahlar və məzarlıqlarla bağlı qanun qəbul edilməlidir

Ziyarətgahlar və məzarlıqlarla bağlı qanun qəbul edilməlidir

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, professor Rafael Hüseynov "Ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında" qanunun qəbul edilməsi təklifi ilə çıxış edib.

Trend xəbər verir ki, millət vəkili bu təklifini Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında səsləndirib: "Mən hələ iki il öncə belə bir təkliflə çıxış etmişdim, hətta müvafiq qanun layihəsi hazırlamışdım. İndi belə hesab edirəm ki, ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında qanunun qəbuluna çox ciddi və çox böyük ehtiyac var. Bu yöndə qanun layihəsi, nəhayət, komitəmizin iclasına çıxarılmalı və parlamentin plenar iclasına tövsiyə edilərək qəbul olunmalıdır".

R.Hüseynov qeyd edib ki, hazırda əksər ölkələrdə məzarlıqlar, qəbiristanlıqlar xüsusi qanunlarla idarə olunur və tənzimlənir: "Mən bir neçə il öncə Azərbaycan xalqının böyük şəxsiyyətlərindən olan Əlimərdan bəy Topçubaşovun Paris şəhəri yaxınlığındakı qəbiristanlıqda məzarını ziyarət edərkən gördüm ki, orada hər bir məzarın, qəbirin sənədi, şəxsi vərəqəsi var, onlar qanunla tənzimlənir. Eyni zamanda, dünyanın bir çox yerlərində də görürük ki, məzarlıqlar hamısı eyni vəziyyətdədir, məzarlar, qəbirlər eyni standartda və ölçüdədir. Üzr istəyirəm, amma bizdə bəzi məzarlıqlar, qəbiristanlıqlar qaraçı köçünə oxşayır. Qəbirlərin biri böyük, biri balaca, biri oradan çıxır, biri buradan. Bu, olduqca yolverilməzdir. Eyni zamanda, bəzən görürsən ki, kimsə valideyninin qəbri üzərində 4-5 metr hündürlüyündə abidə ucaldıb. Ancaq xaricdə bu belə deyil, sadəcə, tarixdə yeri, xidməti olan şəxslərin qəbirləri üzərində abidənin ucaldılmasına icazə verilir. Düşünürəm ki, nəhayət, bizdə də belə olmalıdır”.

Millət vəkili hesab edir ki, Azərbaycanda bəzi ziyarətgahlar, ibadət yerləri var ki, onlar bəzən inanclıqdan, inanc yerlərindən çıxıb siyasi hadisəyə, siyasi məkana çevrilirlər: “Bəzi radikal-dini qruplar da var ki, onlar həmin ziyarətgahlardan, ibadət yerlərindən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışırlar. Onların bu cür yolverilməz, çirkin məqsədlərinin qarşısının alınması, gələcəkdə hay-küy qaldırmalarına əsas olmaması üçün də bu yerlər qanunla tənzimlənməlidir. Bu baxımdan hesab edirəm ki, "Ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında" qanun layihəsi əvvəlcə komitəmizin, sonra isə plenar iclasın müzakirələrinə çıxarılaraq qəbul olunmalıdır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR