• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sumqayıtda tükürpədən ailə dramı - ŞOK TƏFƏRRÜAT

Sumqayıtda tükürpədən ailə dramı - ŞOK TƏFƏRRÜAT

Başqa kişi ilə yaşadığı üçün dini nikahda olduğu arvadını və qayınanasını öldürdü

Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Zöhrab Hüseynov həyat yoldaşını və qayınanasını öldürüb. Teleqraf.com xəbər verir ki, hadisə 2013-cü ilin oktyabrın 24-də baş verib.

Zöhrab Hüseynov boşandığı arvadı Tehranə Emiyevanın cəza çəkdiyi müddətdə Anar İsmayılov adlı şəxslə qeyri-rəsmi nikahda yaşadığını bilib və bu səbəbdən qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlib.

O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan beş gün sonra - oktyabrın 24-də, saat 14 radələrində bıçaqla silahlanaraq Tehranə Emiyevanın yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 42 saylı evə gəlib. Zöhrab qayınanası Ədilə Əmiyevanın da orada olduğunu görüb. Buna görə də o, həm arvadını, həm də qayınanasını öldürmək qərarına gəlib. Ədilə Əmiyevanın yalvarışlarına əhəmiyyət verməyən Zöhrab Hüseynov ana və qızına çoxsaylı bıçaq zərbələri vuraraq, onları öldürüb.

“Məhkəmə qaydasında boşandıq”

Zöhrab Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Zöhrab Hüseynov elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qonşuluqda yaşayan Tehranə Emiyeva ilə 2002-ci ildə ailə qurub, nikahdan sonra övladları Zaur və Fidan anadan olublar: “2006-cı ildə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm. Tehranə ilə əvvəllər münasibətlərim mehriban olsa da, 2009-cu ildən narkotik vasitə istifadə etməyə başladıqdan sonra münasibərimiz pozulmağa başlayıb. Narkotik vasitədən müalicə olunsam da, sonradan təkrar qurşandığım üçün Tehranə uşaqları ilə birlikdə atası evinə qayıtdi. 2011-ci ildə məhkəmə qaydasında boşandıq”.

“Tehraniyə “başını kəsəcəyəm dedim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ildə Cinayət Məcəlləsinin 29,177 və 234.1-ci maddələri ilə Nəsimi rayon məhkəməsi tərəfindən 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub: “Cəza çəkmə müəssisəsində olarkən, bir neçə dəfə Tehranəyə zəng etdim. Uşaqlarla danışmaq istədiyimi desəm də, Tehranə buna imkan vermədi. Təxminən 2012-ci ilin dekabr ayında Tehranəyə zəng etdim. Tehranə ailə qurduğunu, onu narahat etməməyimi söylədi. Tehranəyə “günüvü say, azadlıqa çıxıb sənin başını kəsib qabağına qoyacam” sözlərini dedim. Hədə-qorxu gəldiyim üçün Tehranənin atası Akif Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə zəng edərək, bu barədə şikayət ərizəsi verib. Cəza çəkmə müəssisəsində Tehranəni narahat etməməyimlə əlaqədar iltizam vermişəm və bundan sonra Tehranə ilə əlaqə saxlamamışam. Tehranənin Tağıyev qəsəbəsində yaşayan, məişət avadanlıqlarının satışı ilə məşğul olan, qiyabi tanıdığım Anar adlı şəxslə qeyri-rəsmi nikahda yaşadığını bilmişəm. Əsəbimdən özümə yer tapmamışam. Azadlığa çıxdıqdan sonra Tehranəni öldürmək qərarına gəlmişəm”.

“Tehranə dedi ki, camaat sənə gülür, səninlə kəbinim ola-ola başqası ilə ailə qurmuşam”

Zöhrab Hüseynov deyib ki, oktyabrın 19-da azadlığa çıxdıqdan sonra əvvəlcə Abşeron rayonu, Novxanı kəndində yerləşən atasının məzarına baş çəkib: “Daha sonra uşaqlarımı görmək üçün Tehranənin yaşadığı atası evinə yollansam da, Tehranə qapını üzümə bağlayıb. O, uşaqları görmək üçün polislə birlikdə gəlməyimi dedi. Bir söz deməyib, yaxınlıqda yaşayan atamın evinə getdim. Qardaşım, anam və yaxınlarım ilə görüşdüm. Həmin günü axşam tərəfi saat 18 radələrində Tehranənin atası Akiflə danışmaq məqsədilə ona zəng etdim. Akifə uşaqları görmək istədiyimi bildirdim. Akif də polislə gəlməyimi məsləhət gördü. Söhbət zamanı Akifdən Tehranənin başqa insanla yaşamağı barədə maraqlandım. Akif Tehranənin Anarla yaşadığını, onun həyatına qarışmamağımı bildirdi. Akif hərənin öz yolu olduğunu dedi. Bu zaman Akifin dediklərini təsdiqlədim və sadəcə, uşaqlarımı görmək istədiyimi izah etdim. Bu vaxt digər xəttdə Akiflə danışığımı dinləyən Tehranə polislə və ya məhkəmə qərarı ilə uşaqlarını görəcəyimi dedi. Söhbət əsnasında ona elədiyi hərəkətin, ailəli adamla yaşamağın uşaqlarının adına yaraşmadığını dedim. Tehranə dedi ki, camaat sənə gülür, səninlə kəbinim ola-ola başqası ilə ailə qurmuşam. Bundan sonra o dəstəyi yerə qoydu”.

“Oğlumun “sən atamız deyilsən”

deməsi mənə ağır təsir etdi” Təqsirləndirlən şəxsin sözlərinə görə, növbəti gün ərazi üzrə sahə müvəkkilinə müraciət edib və qardaşı Ramizlə uşaqlarını görmək üçün Tehranənin yaşadığı evə yollanıb: “Həyətdə olan otaqda oğlum və qızım ilə görüşdüm. Uşaqlarım mənə qarşı soyuq idilər. Hətta oğlumun “sən atamız deyilsən, bizim atamız var” deməsi mənə ağır təsir etdi. Akifə uşaqlarımın nə üçün belə danışdığını sual etdim. O, bu sualıma cavab vermədi. Tehranənin kiminlə yaşamasını soruşdum. Akif Tehranənin evli olan Anarla birlikdə yaşadığını, ailə qursa da, qurmasa da, birlikdə yaşayacaqlarını dedi. Növbəti üç gün Tehranədən xəbəri olmadı. Həmin müddətdə Sumqayıt şəhərinə gedərək qohum-əqrəbə, dost-tanışla görüşdüm. Oktyabrın 23-də bütün günü evdə oldum və axşam qardaşım Ramiz, bibioğlu Rəfael və ailəsi ilə birlikdə yaşadığım evdə yeyib-içdik”.

“Tehranə "kişiliyin çatmaz" dedi”

Onun ifadəsinə görə, Tehranənin başqası ilə yaşaması ona ağır gəldiyindən özünü yaxşı hiss etməyib: “Bu vəziyyətin gələcəkdə övladlarıma da pis təsir edəcəyini, söhbəti uzatmağa ehtiyac olmadığını düşündüm. Buna görə də Tehranəni öldürmək qərarına gəldim. Bu məqsədlə evdə olan mətbəx bıçağını götürərək Tehranənin yaşadığı evə getdim. Orada Tehranənin uşaqları dərsə aparmasını gözldim. Onun saat 13:15-də uşaqları məktəbə qoyduqdan sonra evə doğru getdiyini gördüm. Tehranə evə girmək istəyəndə onun ağzından tutaraq bıçağı boğazına dirədim və birlikdə evə girdik. Tehranəyə bəzi məsələləri araşdırmağa gəldiyimi dedim. Bu zaman qayınanam Ədilə qarşımda dayandı. Səs-küy saldıqları təqdirdə bıçaqla vuracağımı dedim. Bıçağı görən Tehranə və anası sakit dayandılar. Onlar nə istədiyimi soruşdular. Nə üçün ailəmi dağıtdıqlarını, dini nikahları ola-olaTehranənin niyə başqası ilə yaşadığını, uşaqlarının adına ayıb olduğunu, camaatın onlara güldüyünü dedim. Tehranə "camaat sənə gülür, səninlə kəbinim ola-ola başqasıyla yaşayıram" dedi. Söhbət əsnasında Ədilə onu öldürüb, qızına əl vurmamağımı xahiş etdi. Tehranə isə "kişiliyin çatmaz onu öldürməyə" ifadəsini bir neçə dəfə səsləndirdi. Bundan əsəbləşərək Tehranənin boğaz nahiyyəsindən bir neçə zərbə vurdum. Qızını vurduğumu görən Ədilə üstümə gəldi. Onu da bıçaqla vurdum. Onların öldüyünə əmin olandan sonra bıçağın qanını mətbəxdə yudum. Sonra güzgüdə üst-başımın qanlı olub-olmamasını yoxladım. Paltarımın qana bulaşmadığından əmin olandan sonra evdən çıxdım. Qardaşıma zəng edərək harada olması ilə maraqlandım. O, evdə olduğunu dedi. Bundan sonra yaşadığım evə getdim. Evdə heç nə olmamış kimi hərəkət etdim və qardaşıma şəhərə gedəcəyimi dedim. Qardaşımdan pul aldım və baş verən hadisə barədə bir söz demədim. Sonra birbaşa Sumqayıt şəhər Polis İdarəsinə gəldim və törətdiyim cinayəti etiraf etdim”.

Qızım ikinci arvad kimi yaşamağı qəbul edib”

Zərərçəkmişlərin hüquqi varisi Akif Emiyev deyib ki, qızı Tehranənin ailəsində tez-tez söz-söhbətlər olub. Onun sözlərinə görə, yeznəsi həbs olunandan sonra qızı başqası ilə ailə həyatı qurub. O, deyib ki, bundan sonra Zöhrab Hüseynov zəng edərək qızına hədə-qorxu gəlib. O, əlavə edib ki, bununla bağlı 2-ci polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında polislər Zöhrab Hüseynovdan izahat alıblar: “Tehranə 2011-ci ildə Zöhrabdan boşandıqdan bir müddət sonra H.Z.Tağıyev qəsəbəsində yaşayan, ailəli olan Anar adlı şəxslə yaxın münasibət qurub. Qızım Anara arvadını boşamağa ehtiyacı olmadığını deyib, ikinci arvad kimi yaşamağı qəbul edib. Anar da qızım Tehranəyə ailəsi kimi baxıb, yaşadığı evə gəlib gedib. Anarın ailəsi hətta qızım Tehranə üçün evimə elçi gəlib. 2013-cü ilin mart ayında nişan mərasimi də olub”.

Şahid qismində ifadə verən Anar İsmayılov deyib ki, 2011-ci ildə Zöhrab Hüseynovadan boşandıqdan sonra Tehranə Emiyeva ilə ünsiyyət quraraq faktiki evlənib: “2012-ci ilin dekabr ayında Tehranədən Zöhrabın cəza çəkmə müəssəsindən zəng edərək, onu öldürəcəyi ilə hədələdiyini və bu səbəbdən Tehranənin atası Akifin Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə şikayət ərizəsi verdiyini eşitdim. 24 oktyabr 2013-cü ildə saat 14 radələrində Tehranə uşaqları məktəbə qoyub evə qayıdarkən onunla telefonla danışdım. Təxminən saat 15 radələrində yenidən Tehranəyə zəng etsəm də, cavab vermədiyini gördüm. Narahat olduğum üçün ev telefonuna zəng etdim. Yenə də cavab verən olmadı. Qısa müddət sonra dükana gələn qəsəbə sakinlərindən Zöhrabın polis maşını ilə qəsəbədən aparıldığını eşitdim. Bundan sonra dərhal Tehranənin yaşadığı ünvana gəldim. Orada Tehranə ilə Ədilənin Zöhrab tərəfindən amansızcasına öldürüldüyünü bildim”.

Məhkəmə digər sübutları araşdırandan sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Zöhrab Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR