“Uşaqlardan birinin dilini kəsmişik...” – Fotoreportaj
Bizi izləyin

Qırmızı.az

“Uşaqlardan birinin dilini kəsmişik...” – Fotoreportaj

Qadağalar qoyulsa da, küçələrdən dilənçiləri yığışdırmaq hələ də mümkün olmayıb. Onlara şəhərimizin hər tərəfində təsadüf etmək olur. Müxtəlif bəhanələr gətirir, insanların zəif damarını tutur və niyyətlərini gerçəkləşdirə bilirlər.

Elə son vaxtlar Dərnəgül yolunda yerləşən “X-Petrol” yanacaq doldurma məntəqəsinin qarşısındakı körpünün altında məskən salan dilənçilər də belələrindəndir. Dörd yolayrıcı olan bu məkanda işıqforların nizamladığı yol hərəkətlərinə görə buradakı dilənçilərin işləri heç də pis getmir.

Yaxınlıqda inşaat materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan baza var. Elə buna görədir ki, bura qələbəlikdir. Bu qələbəlik yerdə dayanan dilənçilərin hər biri əlində bir şikəst uşağın böyüdülmüş şəklini tutub çörək qazanır.

Qara paltarlı qadınlar

Əsasən qara paltar geyinən bu qadınların sifətləri də elə paltarları rəngdədir. Üz-gözlərinə yolun tozu hopub. İşıqforlarda dayanan maşınlara yaxınlaşıb yazıq səslə şəkildəki şikəst uşağın müalicəsi üçün yardım istəyirlər. Ürəyi rəhmli insanlar onların istəyini gözündə qoymur, açıq ovuclarına əzik manatlıqlar, dəmir qəpiklər qoyurlar.

Sayıram, ayrı-ayrı yerdə 6 qadın dayanıb. Əksəriyyəti bir-birinə oxşayır. Yanlarında kiçik yaşlı uşaqlar da var. Bunları da əlavə etsək, 11 nəfər olarlar. İsmiyə (Axar.az-ın fotoqrafı – red.) fotoaparatını hazırlamağı tapşırıb, qadınlardan ən yaşlısına, dodaqları şişkin olanına yaxınlaşıram.

Bunu niyə belə yaratdı ki?..

- Allah şəfa versin, nədir bu körpənin xəstəliyi, - soruşuram.

Qadının gözləri əllərimin ardınca “axır”. Sakit səslə deyir:

- Heç həkimlər də dərdini tapa bilmədi. Bilirik ki, nə azardı? Qurban olum Allaha, bunu niyə belə yaratdı ki... - ağlamsınır. Çəkiləsi dərd deyil. Dərmanını, yemək-içməyini güclə çatdırıram. Allah yaxşı insanlara, sənin kimi qardaşlara dəyməsin.

Qadının ovcuna qoyduğum 20 qəpiklik, deyəsən, az oldu. Təşəkkür etməyi unutdu. Ya da “uşağının” dərdi onun minnətdarlıq duyğusunu yaddan çıxartdı. Ürəyiyananlıq edirəm:

- Srağagün də burada idin, yolu keçəndə gördüm.

Aralanmaq istəyən qadın, mənə tərəf çevrilmədən:

- Hə, burda idim, nə edim, iş yoxdur ki, işləyim. Yazığın hər şeyi pulnandır.

- Bundan da yaxşı iş? Durmusan burda, daş daşımırsan, palçıq qarışdırmırsan, allah bərəkət etsin, naşükür olma, – artıq uzaqlaşmaq istəyən qadına arxadan səslənirəm.

Qadın artıq addımlarını yeyinlədib yolun əks tərəfinə keçib. Ardınca gedirəm:

– Dayan da bir. Sənə sözüm var. Sən allah, düz de, neçə uşağın var?

- Üç. İkisi sağlamdır. Xəstə tək budur. Nə edim, yaşatmalıyam da, çölə atmayacam ki...

İyirmi “köpüy” pul veribsən

Səsində hirs də var. Yəni nə qır-saqqız olmusan?.. Bu dəfə mən səsimin tonunu dəyişirəm:

- Bəs srağagün sənin əlində olan şəkil başqa uşağın şəkli idi axı, bu deyildi. Kim tez yuxudan durdu, hansı şəkli götürüb küçəyə çıxdıdır da sizdə, hə?

- A kişi, başına iş qəhətdi? İyirmi “köpüy” pul veribsən, dayanmadan danışırsan. Nə düşübsən dalımca...

Acıqla yenidən yolun əks tərəfinə keçir. Bir qədər aralıda dayanıb eyni üsulla dilənən yeniyetmə qıza yaxınlaşıram. Əlində ayaqları şikəst olan oğlan uşağının çərçivəyə salınmış şəklini tutub. Qadından fərqli olaraq ağbəniz olan bu qızın geyimi də rənglidir. Başı isə yaylıqla möhkəm sarınıb. Adını soruşuram. Dinmir. İsmi şəklini çəkmək istəyir. Gülümsəyir, asta səslə:

– Çəkmə, nə olar? - yazıqcasına dillənir.

İsmiyə tərəf dönürəm:

- Çəkmə. Yeniyetmə qızdır. Məktəblidir, güman ki... Utanar.

Biz oxuya bilmərik

Sonra da yeniyetmə qıza üz tuturam:

- Qızım, niyə buradasan? Niyə dilənirsən? Olmaz ki məktəbə gedəsən?

Qız zəif səslə:

- Biz oxuya bilmərik, - deyir.

- Niyə, mənim balam? – bu qıza doğurdan da ürəyim yanır. Həm də o biri yaşıdları kimi üzündən biclik yağmır, dil boğaza qoymadan insanlara yalvarmır.

- Bilmirəm, bizim burda evimiz yoxdur axı, rayonda oluruq.

- Hansı rayonda?

Sualım cavabsız qalır. Bayaq söhbətə tutduğum qadın yanımızdan keçir. Saymazyana yerisə də, qəzəblə düz qızın gözlərinin içinə baxır. Qız bizimlə söhbət etməkdə səhvə yol verdiyini anlayır. Sakitcə yolun əks tərəfinə, işıqforun hökmü ilə dayanan maşınların bol olduğu tərəfə keçir.

Yaşca böyük olan bu qadın, deyəsən burda dilənənlərə həm də nəzarət edir. Müşahidə edirəm, görürəm ki, arada azyaşlı dilənçilərə yaxınlaşıb, onların qazandıqları pulları alıb qoynunda - daha etibarlı yerdə gizlədir.

Bu dəfə yolun tamam əks tərəfinə, yanacaqdoldurma məntəqəsinə tərəf keçirik. Burada dilənən başqa bir qadına yaxınlaşıb işinin çətin olub-olmamasını, onları incidənlər, mane olanlar haqda soruşuram. Qadın ürkək halda:

- Bizi heç kəs incitmir. Səndən başqa. Səhərdən düşübsən o yazıqların ardınca, - deyir.

- Onları tanıyırsan?

- Yox, haradan tanıyım. Onlar da Allahın yazıq bəndələridir. Balaları şikəstdir, o qızın da qardaşı xəstədir. Pul yığırlar ki, müalicə etdirsinlər.

Uşaq satmaq istəyirəm

Qadına yavaş səslə:

- Bilirsən, o qadın mənə kömək etmək istəmədi. Məndə də iki şikəst uşaq var, istəyirəm onları birdəfəlik ya satam, ya da icarəyə verəm dilənsinlər. Ona görə də sizin “krışa”nızla görüşmək istəyirəm, - deyib özümü onlara yaxın adam kimi göstərmək istəyirəm.

Qadın sözlərimə inanmadı. İsmini göstərib:

- Bəs o şəkilçəkəni niyə salmısan ardınca, səhərdən çıkkaçıkı götürüb aləmi.

- Nə bilim, məndən əl çəkmir. Deyəsən, o da məni izləyir - deyirəm. Sonra yenə də uydurduğum yalanın üstünə qayıdıram:

- Hə, neyləyək o uşaqları? Dağıstandan aldadıb gətirmişik. Birinin dilini kəsmişik, o birini qıçlarını qırmışıq. Yaraları tam sağalıb. İşlədə bilmirik.

Qadın təəccüblə gözlərimə baxdı. Heyrətə gəlmişdi sanki. İnamsızlıqdan irəli gələn qəzəblə:

- Get işinin dalınca. Sən əgər onları bu günə salıbsansa, demək, işlədə də bilərsən. Biz o işlə məşğul deyilik. Üzünü yana çevirir. Daha suallarıma cavab vermir. O biri dilənçilər isə bizi çoxdan “nəzarətə” alıb. Biz yaxınlaşan kimi uzaqlaşırlar.

Qərara gəlirik ki, şəhərin digər yaxın küçələrindəki dilənçilərlə söhbət edək.

Tüpürüm sənin ağzının içinə

Ayna Sultanovanın heykəlinin yaxınlığında tıxacdır. Maşınlar hərəkətsiz dayanıb.

Azyaşlı qız İsminin kamerasına tuş gəlməkdən çəkinir. Hər iki əlini sifətinin qarşısında çəpər edib, arxasında gizlənir. Barmaqlarının arasından baxır və barmaqlarının arasından görünən gözlərində qəribə bir işıltı, təbəssüm var. O, həm şəklinin obyektivə düşməsini istəyir, həm də yox.

Qızcığazdan bir qədər kənarda dayanan yaşlı qadının çənəsi tərpənir. Bilmək olmur, bu dilənçi qadın kimlərə isə dua edir, yoxsa ağzında nə isə gəvşəyir. Yaxınlaşırıq. Gözləri İsmidədir. İsminin onun şəklini çəkdiyini görüb əvvəlcə əlləri ilə ona “alabaşına” eləyir. Sonra da:

- Tüpürüm sənin ağzının içinə, şəklimi niyə çəkirsən?

Bizi gülmək tutur.

- Nəyə gülürsüz? Özünüzə iş tapa bilmirsiz? İndi bilirsən də gəlib sizin aparatınızı alıb nə edərlər?

- Nə edərlər? – bu dəfə İsmi soruşur.

Qadın arxasını çevirib gedir...

Böyüyüb xarici pasport almaq istəyən

Yenidən əvvəlki məkana qayıdırıq. Günorta fasiləsidir. Bayaq burada dilənən qadınlar və onların ətrafında fırlanan azyaşlılar nahar fasiləsinə çıxıb. Yaxınlaşırıq. Körpünün altında səliqə ilə sərilmiş süfrələrində yumurta soyutması, qızardılmış kartof, qayğanaq, qovrulmuş içalat və sair var. Çaydanlar və armudu stəkanlar düzülüb. Stəkanların ağzına limon dilimi keçirilib. Bizi görcək ayağa qalxıb uzaqlaşırlar.

- Əyləşin, çörəyinizi yeyin, mane olduq. Nuş olsun. Sadəcə, soruşmaq istəyirdim ki, siz hansı rayondansınız?

- Kürdəmirdənik, - deyir dilənçi qadın. Boğazındakı tikəsini ötürüb mənə tərəf incik səslə: - Bəs deyirdin bu şəkil çəkən səninlə deyil. Aldadırdın?

- Yox, aldatmırdım. Onunla elə burda tanış olmuşam, deyib növbəti yalanımı deyirəm. Amma bizə dedilər ki, siz Yevlaxdansınız.

Azyaşlı uşaqlardan biri qadına tərəf uca səslə:

- Əmi yalan demir. Düz tapdı - Yevlaxdanıq da... Ay əmi şəkilçəkənə de, mənim pasport şəklimi çəksin, böyüyüb xarici pasport alacam, - deyir.

Elə bu arada İsmi mənə kənarda dayanan iki nəfər kişini göstərir.

- Əmi, o kişilər bunların adamıdır, deyəsən. Biz gələndə oturmuşdular, ayağa durub yaxınlaşdılar.

O iki nəfərə dönürəm. İsmiyə verdiyim “şəkillərini çək” işarəmi anında hiss edib, tez uzaqlaşırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm