Şagirdini öldürməkdə ittiham olunan direktora hökm - BƏRAƏT
Bizi izləyin

Qırmızı.az

Şagirdini öldürməkdə ittiham olunan direktora hökm - BƏRAƏT

Sumqayıt şəhər Məhkəməsində orta məktəb şagirdinin ölməsində təqsirli bilinən Zəngilan rayon sakini, 1967-ci il təvəllüdlü Qəfər Hacıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, Sumqayıt şəhər 17 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən Qəfər Hacıyev 13 may 2013-cü il tarixdə, saat 09.00-da dərsə gecikmiş, məktəbin 11b sinif şagirdi Azad İlyasovun və digər 15-20 nəfər şagirdin dərsə gecikmə hallarının qarşısını almaq fikrinə düşüb . O, şagirdlərə cəza tədbiri tətbiq etmək qərarına gəlib.

Bu məqsədlə o, çoxsaylı şagird qrupuna məktəbin stadionunda qaçmaq barədə qanunsuz göstəriş verib. Həmin göstərişin yerinə yetirilməsi üçün stadionda bir neçə dövrə vurduqdan sonra fiziki gərginliyin nəticəsində təngnəfəs olan Azad İlyasov yerə yıxılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq Azad İlyasov ürək çatışmazlığından ölüb. Qəfər Hacıyev qanunsuz hərəkətləri ilə Azadın ölümünə səbəb olub. Azad İlyasov 19 oktyabr 2011-ci il tarixdən Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasında hipotrofik-kardiomiopatiya diaqnozu ilə qeydiyyatda olub.

"Əksər fənlərdən qiymətləri kafi olub"

Qəfər Hacıyevin barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və cinayət işi baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Hakim Zeyqəm Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Qəfər Hacıyev ifadə verib.

O bildirib ki, 2001-ci ildən Sumqayıt şəhəri, 17 saylı orta məktəbdə fiziki tərbiyə fənni üzrə müəllim, 1 fevral 2013-cü ildən isə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə təşkilatçı direktor müavini vəzifəsində işləyib: "Əsas vəzifəm şagirdlərin dərsə davamiyyətinə, məktəbli formasına, nizam-intizama riayət edilməsinə nəzarət etmək, gənclərin adət-ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi hazırlığına, fiziki inkişafına rəhbərlik etməkdən ibarət olub. Mərhum Azad İlyasov haqqında müəllim və şagirdlər tərəfindən şikayət daxil olmayıb. Onun davamiyyəti yaxşı olsa da, dərslərə hazırlığı zəif idi. Buna görə də əksər fənlərdən qiymətləri kafi olub".

"Dərsə gecikən oğlanlara asta qaçmağı tapşırdım"

Qəfər Hacıyevin sözlərinə görə, mayın 13-də hər gün olduğu kimi, dərsin başlanmasına 20 dəqiqə qalmış şagirdlərə səhər idmanı etdirib. O deyib ki, idman hərəkətlərindən sonra bütün şagirdlər dövlət himnini oxuyublar: "Himn oxunan zaman gecikən şagirdləri hörmətsizlik olmasın deyə dərhal cərgəyə keçməyə icazə vermədim. Himn oxunan zaman gecikən şagirdlər qrup halında cərgənin arxasında dayandılar. Bəzən gecikən şagirdlərin qeydiyyatını aparmışam və gecikmə hallarının qarşısını almaq üçün sinif rəhbərlərinin məsuliyyətini artırmaq üçün onlara xəbərdarlıq etmişəm, Zərurət yarandıqda isə gecikən şagirdlərin valideynlərini məktəbə dəvət etmişəm və onlarla bu barədə profilaktik söhbətlər aparmışam. Lakin bu növ tədbirlərin keçirilməsinin uşaqların dərsə davamiyyətinə heç bir müsbət təsiri olmayıb. Həmin gün dərsə gecikən 15-20 nəfər şagirdi məktəbin arxasına idman zalının önündəki stadiona apardım. Qızlara asta yeriməyi, oğlanlara isə asta qaçmağı tapşırdım. Həmin vaxt dərsə gecikənlərin sırasında Azad İlyasov da var idi. Azad təxminən 1 dövrə vurduqdan sonra mənə yaxınlaşdı və özünü narahat hiss etdiyini, daha qaça bilmədiyini dedi. Buna görə də Azada qaçışı dayandırmasına icazə verdim. 1-2 dəqiqədən sonra qəfildən Azad huşunu itirərək yerə yıxıldı. Həmin vaxt Rauf müəllimlə köməkləşərək Azadı yerdən qaldırdıq".

"Etdiyim əməl cinayət tərkibli deyil"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 5-10 dəqiqədən sonra Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkim briqadası gəlib və Azadı müayinə etdikdən sonra onun artıq öldüyünü bildiriblər: "Bir neçə dəqiqədən sonra hadisə yerinə Azadın anası gəldi. Ondan eşitdim ki, Azadın ürəyi xəstə olub, xəstəliyi ilə əlaqədar müalicə alıb, hadisə olan gün də dərsə gəlməmişdən qabaq dərman içib. Azadın xəstə olmasını onun ölümündən sonra bilmişəm. Bu barədə Azad və onun valideynləri tərəfindən məktəb rəhbərliyinə istər şifahi, istərsə də yazılı heç bir məlumat verilməyib. Şagirdlərin himn oxunarkən məktəbin stadionuna göndərilməsi cəza tədbiri deyil. Bu, ondan irəli gəlir ki, uşaqlar himn oxunarkən sırada hərəkət etməsinlər, həmçinin bəhanə edərək dərsdən qaçmasınlar. Etdiyim əməl cinayət tərkibli deyil. Buna görə də mənə bəraət verilməsini xahiş edirəm".

"Azad şagird və müəllimlərdən şikayət etməyib"

Zərərçəkmiş şəxsin hüquqi varisi Tariyel İlyasov bildirib ki, Qəfər müəllimi bu hadisədən sonra tanıyıb: "Qəfər müəllimlə heç bir düşmənçiliyim, ədavətim olmayıb. Azaddan başqa 1995-ci il təvəllüdlü Rəşad adlı oğlum var, Rəşad da 17 saylı orta məktəbin məzunu olub. Azad 2001-ci ildə 17 saylı orta məktəbin 1-ci sinfinə gedib. Onun şagird yoldaşları və müəllimləri ilə münasibəti yaxşı olub. Azad evdə bir dəfə də olsun şagird və müəllimlərdən şikayət etməyib. Oğlumun kiminlə dava-dalaş etməsinin, mübahisəsinin şahidi olmamışam. 12-13 yaşlarında ayaqlarındakı ağrılardan şikayət etdiyindən onu həkimə aparmışam. Müayinə etdirdikdən sonra onda revmatizm xəstəliyinin əlamətləri aşkar olunub. Buna baxmayaraq, həkimin göndərişinə əsasən dəqiq diaqnoz qoyulması üçün Azad exo-kardioqrama olunub. Müəyyən olunub ki, onun ürəyinin alt tərəfində qalınlaşma var. Oğlum "hipotrofik-kardiomiopatiya" diaqnozu ilə qeydiyyata alınaraq müalicə olunmağa başlayıb. Bu səbəbdən oğlum gündəlik dərman qəbul edib. Amma Azad məktəbdə xəstəliyini hamıdan gizlətməyə çalışıb. O, utandığından kiminsə xəstə olmasını bilməyini istəməyib. Azadın heç vaxt baş gicəllənməsi, qıcolması, ürəkgetməsi olmayıb".

"Oğlumun ölümündə Qəfər Hacıyevin günahı yoxdur"

Zərərçəkmiş daha sonra qeyd edib ki, mayın 13-də oğlu məktəbə gedib və bir qədər keçəndən sonra məktəbdə ölməsi xəbərini alıb. O, daha sonra bildirib ki, səhər dərsə gedərkən Azad dərman qəbul edib: "Həkimlər bildiriblər ki, dərman əks təsir göstərə bilər. Buna görə də zənn edirəm ki, oğluma dərman əks təsir göstərib. Oğlumun xəstə olmasına dair məktəbə heç bir sənəd təqdim etməmişəm. Azadın xəstə olmasından məktəb rəhbərliyinin xəbəri olmayıb. Buna görə də o, idman dərslərindən azad edilməyib. Oğlumun ölümündə Qəfər Hacıyevin günahı yoxdur. Ona qarşı şikayətim olmayıb".

Hakim şahid ifadələrini dinləyəndən sonra hökm elan edib. Hökmə əsasən, Qəfər Hacıyevin Azad İlyasovun ölümündə günahkar olması sübuta yetirilməyib və buna görə də onun barəsində bəraət hökmü çıxarılıb. Hökmdən Baş Prokurorluğu apelyasiya protesti versə də, prokurorluğun şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm