• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Öz mənzilimizə, yoxsa son mənzilə - SSRİ-dən qalan miras

Öz mənzilimizə, yoxsa son mənzilə - SSRİ-dən qalan miras

Şəfiqə xalanın 68 yaşı var. 7 ildir ayaqları tutulan Şəfiqə xala özünün dediyi kimi “7 ildir ki, ev dustağıdır”. Bakının Xətai rayonunda İnqilab İsmayılov küçəsində 21 saylı binanın 8-ci mərtəbəsində yaşayan Şəfiqə xala deyir ki, SSRİ dağılandan sonra onun yaşadığı binanın lifti də yavaş-yavaş sıradan çıxıb: “Əvvəllər liftlər xarab olanda pul yığıb təmir etdirirdik, hərdən işləyirdi, sonra tamam xarab oldu. İdarədən gəlib baxdılar, dedilər təmirlik deyil, dəyişdirilməlidir. Ayaqlarım tutulmamışdan qabaq heç olmasa, gündə bir dəfə aşağı düşüb hava alırdım, indi ondan da məhrum olmuşam. Bu 7 ildə iki dəfə həkimə getmişəm, onu da uşaqlar qucaqlarında pilləkənlə düşürüblər. Nə toya gedə bilirəm, nə yasa, ev dustağı olub qalmışam”.

Kiçik xatırlatma verim, ötən il Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 13 yaşlı Orxan Rüstəmov liftin şaxtasına düşərək ölməsəydi, bu il 14 yaşı olacaqdı.

…Bakının ölüm liftləri. Bunu elə-belə demədim. Doğurdan da, paytaxtın çoxmərtəbəli binalardakı bərbad gündə olan liftlərə potensial qatildən başqa ad vermək mümkün deyil. Sovet dövründən qalan və istismar müddəti çoxdan bitmiş yararsız liftlər ucbatından hər il bir neçə adam dünyasını dəyişir və ya ağır xəsarətlər alır. Hələ hər gün liftdə qalan və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilənləri demirəm. Əslində, Bakı liftlərinin acınacaqlı vəziyyətini təsvir eləməyə o qədər də ehtiyac yoxdur, liftlərimiz paytaxt sakinlərinə yaxşı tanışdır.

Sovet dövründə liftlər vaxtı-vaxtında dəyişdirilsə də, ittifaq dağılandan sonra bu məsələ bir qədər arxa plana keçib. Bunun əsas səbəbi isə odur ki, dövlətə məxsus binalardakı mənzillər özəlləşdirildiyindən liftlər də özəl mülkiyyətə keçib. Lakin hələ ki, texniki xidmətləri və liftlərə nəzarəti Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir. Elə qəzalar da istismar müddəti çoxdan bitən və hələ də dəyişdirilməyən liftlərdə baş verir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2013-cü il ehtiyat fondundan Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 7 milyon manat ayırıb. Daha əvvəl də 3 il ərzində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 5 milyon manat ayrılmışdı. Buna baxmayaraq, liftlərdəki qəzalar bitmir, əvəzində orada həyatlar bitir.

Kiçik bir araşdırma aparsaq görərik ki, əhali sovet dövründən qalma doqquzmərtəbəli binalardakı liftlərlə müqayisədə yeni tikilmiş göydələnlərdəki liftlərə daha çox etibar edir.

Hüquqşünas Sahib Məmmədovun Publika.az-a verdiyi məlumata görə, liftlərdəki qəzaların baş verməsinin əsas səbəbi onların paraşüt sistemində olan ciddi qüsurlardır: “Liftlərdə paraşüt sistemi olur. Əgər liftlərin istismar vaxtı başa çatıbsa, onlarda bu sistem işləmir. Təzələrdə də bu sistem keyfiyyətsiz quraşdırıldıqda, texniki şərtlərə əməl etmədikdə paraşütlər açılmır və ya qüsurlu açılır, nəticədə lift şaxtaya düşür” .

Əslində liftin şaxtaya düşməməli olduğunu deyən ekspertin sözlərinə görə, lift xarab olursa, o, ən yaxşı halda yarım metr sürüşüb dayanmalıdır. Normal liftlər yüklənəndə sadəcə olaraq işləməməlidirlər. Bizdə isə bunun əksi baş verir.

Sahib Məmmədovun sözlərinə görə, Bakı şəhərində olan bütün liftlərin total yoxlanışı həyata keçirilməlidir. Trosların istismar müddəti başa çatıbsa, çıxarılıb dəyişdirilməlidir. Ekspert hesab edir ki, nasaz liftin təhlükəli vəziyyətdə qalmasındansa, heç olmaması daha yaxşıdır.

Sahib Məmmədovun sözlərinə görə, əslində binaların hamısı özəlləşdirildiyinə görə, dövlətin liftlərə vəsait ayırmaq borcu yoxdur: “Özünüidarəetmə olmayan binalarda liftləri ancaq sakinlər özləri idarə edə bilərlər. Əhalinin birgə mülkiyyətində olan sahələr - binaların şaxtaları, zirzəmisi, çardağı, ümumi girişdə istifadə olunan avadanlıqlar, lift özünüidarəetmə olmayan binalarda sakinlərin özləri tərəfindən dəyişdirilməlidir. Mənzil İstismar Sahələri (MİS) də liftləri dəyişdirə bilmirlər, çünki onların bunun üçün lazımi büdcəsi yoxur. Özəl şirkətlərin tikdikləri binalarda isə MİS tipli MMC-lər yaradılıb və liftlərə onlar cavabdehlik daşıyırlar.

Bakı Şəhər İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin “Lift-Təmir” İstehsalat Birliyinin texniki şöbəsinin rəisi Mehdi Hüseynovun Publika.az-a verdiyi məlumata görə, sözügedən birlik paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinin dövlət mənzil fondunda olan mənzil-kommunal təsərrüfatı təşkilatlarına aid binalarda 5 219 liftə müqavilə əsasında texniki xidmət göstərilir. Onun sözlərinə görə, Bakı şəhər mənzil-kommunal təsərrüfatı təşkilatlarının dövlət mənzil fondundakı liftlər hər il Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişi ilə birgə texniki baxışdan keçir və yalnız texniki təhlükəsizlik qaydalarına cavab verən liftlərin növbəti il üçün istismarına icazə verilir. Qüsurlar aşkar olunmuş liftlər isə dayandırılaraq müvafiq təmir-bərpa işləri aparıldıqdan sonra işə buraxılır.

M. Hüseynovun sözlərinə görə, dövlət mənzil fonduna aid binalarda istismar müddətini bitirmiş 1519 ədəd lift Prezidentin şəxsi təşəbbüsü və göstərişi əsasında yenisi ilə əvəz edilib. Hazırda qeyd olunan işlərin davam etdiyini deyən birlik sədri liftlərin yararsız vəziyyətə düşməsində sakinləri günahkar bilir:

“Liftlərin təhlükəsiz və daimi işlək olmasının əsas təminatlarından biri də liftdən istifadə qaydalarına düzgün riayət olunmasıdır. Vətəndaşlarla mütəmadi olaraq maarifləndirmə işləri aparmağımıza baxmayaraq, liftdən istifadə zamanı bəzi problemlər yaranır. Liftdən düzgün istifadə olunmaması, kənar şəxslərin cəlb edilməsi, şaxta çalasına tullantıların atılması, minmə medançalarında, maşın şöbəsinin damında su çənlərinin quraşdırılması və onların daşması zamanı axıdılan sular liftin elektron idarəetmə sistemini sıradan çıxarır və bu da, liftin uzunmüddətli dayanmasına gətirib çıxara bilər”.

Ekspertlər hesab edirlər ki, problemi həll etmək üçün, sadəcə əməli işə keçmək lazımdır. Buna görə, Bakı şəhərində nə qədər liftin təmirinə, nə qədərinin yenilənməsinə ehtiyac olduğunu dəqiqləşdirmək və bununla bağlı konkret addımlar atmaq lazımdır. Dövlət pul ayırır, icraçı qurum bəllidir və qalır bu işi həyata keçirm

Doğrudur, qismət, bəxt deyilən bir şey də var, hamının haradasa ömrü bitir, amma bu ünvan qəzalı vəziyyətdə olan və hər gün istifadə etdiyimiz lift olmamalıdı axı. Yeri gəlmişkən, gələn il Bakıda Birinci Avropa Oyunları keçiriləcək. Təbrik edirəm, biz yüksəklərə bu liftlərləmi qalxacağıq?

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR