Uşaqların əmək hüquqları necə qorunur?
Bizi izləyin

Qırmızı.az

Uşaqların əmək hüquqları necə qorunur?

Bu ilin 8 ayı ərzində uşaqların əmək hüquqlarının pozulması halı qeydə alınmayıb.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət nəzarəti zamanı iş yerlərində yaşı 18-dən az olan şəxslərin əmək hüquqlarının pozulması ilə bağlı 2012-ci ildə 5 fakt, 2013-cü ildə isə 6 fakt aşkar edilib. Həmin faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq işəgötürənlər cərimələniblər.

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən zaman uşaq əməyinin tətbiqinə yol verilməyən aşağıdakı hallara nəzarəti daha da gücləndirib: 15 yaşdan aşağı yaşda olan uşaqların hər hansı ödənişli işlərə cəlb olunması; uşağın əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə onun fiziki, əqli və mənəvi rifahını təhlükə altına qoyan təhlükəli əməyə cəlb edilməsi; uşaq əməyinin ən pis formaları.

Məlumatda həmçinin qeyd olunur ki, Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər və 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. Belə müqavilələri bağlayan işəgötürən qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilir.

Nazirlikdən verilən məlumata görə, dövlət nəzarəti zamanı qeyri-leqal məşğulluq halları qeydə alınıb. Təkcə cari ilin 6 ayında əmək müqaviləsi bağlanmadan işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 5613 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlatdırılması DƏMX tərəfindən təmin edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,14 faiz çoxdur.

Təbii ki, həmin işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi onların əmək və gələcək sosial təminat hüquqlarının bərpasına, eyni zamanda, dövlət büdcəsinə qanunvericiliklə müəyyən olunmuş vergilərin və digər məcburi ödənişlərin də aparılmasına imkan yaradır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm