Millət vəkilinin insanlıq üçün tutdurduğu gəncin faciəli həyatı
Bizi izləyin

Qırmızı.az

Millət vəkilinin insanlıq üçün tutdurduğu gəncin faciəli həyatı

Ramin Məmmədli bizim “xlebnik” (ruzi yoldaşı. – red.) idi. Əslən yevlaxlı olan bu gənc kifayət qədər sakit və tərbiyəli olması ilə də Yevlax əhlinin uşaqlarından fərqlənirdi. Bu əhldən olan dustaqlar kriminal aləmə daha çox meyilli olmaları ilə tanınırdı. Əksəriyyəti də 234-cü maddə ilə cəza almışdı. Bu maddə narkotik maddələrin istifadəsi və yayımı ilə məşğul olanlara şamil edilir. Elə Ramin də bu maddə ilə gəlmişdi.

Ramin CÇM-in tibb məntəqəsində qalırdı. Əvvəlcə bir nəfərlik otaqda “kirəkeş” idi. Sonradan bizim otağımıza yaxın 4 nəfərlik otağa daşındı. Kifayət qədər təminatlı ailədən olan Raminə öz əhllərindən qısqanc münasibət vardı. Bunu hər birimiz görürdük, lakin müdaxilə etmək haqqımız yox idi. Özləri bilər, əgər hər hansı xahişi olsa, məsələyə münasibət bildirərdik. Ramin isə əhllərindən olan bəzi sırtıqlardan hələ ki üzülüşmək istəmirdi.

Gizlin pul götürürdüm

Onun narkotikə meyli Sankt-Peterburqda yaşayanda yaranmışdı. Ailənin tək oğul övladı olan Raminin bütün arzuları zamanında gerçəkləşmişdi. Bakıda evləri, maşınları, qurduqları iş... Sankt-Peterburqda isə kifayət qədər qazanc gətirəcək topdansatış məntəqələri vardı. Ramin günahlarını başa düşürdü. Bir dəfə söhbətimiz zamanı etiraf etdi ki, düz yolda olmayıb.

- Şair, mən gərək belə etməyəydim. Ailəmi aldadırdım. Həm bazadakı topdansatışdan gizlin pul götürürdüm, həm də valideynlərim mənə kifayət qədər xərclik verirdi.

Ətrafında həmişə kriminal aləmə yaxın olan adamlar olub.

- Oturub-durduğum yalnız belə adamlar oldu. Onların həyat tərzi mənə maraqlı gəlirdi. Qorxmaz adamlar idilər.

O, yaxın qohumu, kriminal aləmdə kifayət qədər tanınan sima olan yevlaxlı avtoritet Elçin haqda danışardı:

- Elçin Piterin bazarına nəzarət edirdi. Lənkəran uşaqları ilə heç arası yox idi. Talışlarla düz gəlmirdi. İmkan düşdükcə bir-birlərinə zərər vururdular. Ona Rövşən Lənkəranski çox xəbərdarlıq etmişdi. Bu da heç ondan geri qalan deyildi. Axır da Elçini öldürdülər.

Onu narkotikə ermənilər cəlb edibmiş

Ramin isə narkotikə erkən yaşlarından qurşanıbmış. Dediyinə görə, onu bu pis vərdişə dostluq etdiyi erməni gənclər cəlb edibmiş. Sonradan atası Qalib kişi oğlunu müalicə etdirmək üçün çox əziyyət çəkmişdi. Ramin deyirdi ki, onun qanını tamam dəyişdiriblər. Finlandiyada, Özbəkistanda, Moskvada müalicələr alıb. Hətta bir müddət narkotikdən uzaq da olub. Amma yenə də pis vərdişindən əl çəkə bilməyib.

Oğlunun bu vəziyyətdən xilas olmaq yolunu ailəsi Bakıya qayıtmaqda görür. Bakıda ona toy edirlər. Ayrıca ev, maşın bağışlanır, atasının biznesinin müəyyən hissəsi ona həvalə olunur. Lakin pis adamlar onu tapmaqda heç də çətinlik çəkmir. Ramin iradəsiz adam idi...

Aqillə mən onu himayə etmək qərarına gəldik və buna nail də olduq. Bunu oğlu ilə görüşə gələn atası Qalib kişi bizdən xahiş etmişdi:

- Ramin həmişə sizdən danışır. O mənim tək oğlumdur. Onu yanınıza çəkin. Bizim yevlaxlılar onu pis yola çəkir.

Deputat qohumu vardı

Amma onun xahişinə qədər Raminlə bizim aramızda çox ciddi söhbət olmuşdu. Ramin kişi kimi söz vermişdi ki, siz nə desəniz, o da olacaq. Onun iki oğlu vardı. Yoldaşı tərəfdən qohumu, ölkənin tanınmış siyasətçilərindən olan partiya sədri və Millət vəkili idi.

Raminin dediyinə görə onun həbsi gözlənilməz olmuşdu:

- Mənim tutulmağım heç ağlıma da gəlməzdi. Gəldilər, həyətdən götürüb apardılar.

Sonra Qalib kişi ilə görüşəndə, dərdli, vaxtından qabaq qocalmış ata etiraf edəcəkdi ki, Raminin həbs olunması məsləhətlə olub:

- Biz elə bildik ki, həbsxanada olsa, onu bu pis vərdişdən uzaqlaşdıra bilərik. Narkotikdən uzaq olar. Ona görə də onu bura “yola” saldıq.

Raminə bir il həbs cəzası vermişdilər. Atası balasını bu bəladan xilas etmək, onu bu ağ ölümün pəncəsindən qurtarmaq üçün xərc çəkmişdi ki, oğlunu həbs etdirsin. Raminə “içəri”də çox gözəl şərait yaradılmışdı. Ərzağı bol, pulu da istədiyi qədər idi. Bundan əlavə Qalib kişi oğlunu himayə etmək üçün CÇM-in bəzi səlahiyyətlilərinə haqq da verirdi. Lakin poqon sahibləri kişinin pulunu alsalar da, boyunlarına götürdükləri işi yerinə yetirmirdilər. Ramin içəridə çox sərbəst idi, onun qayda pozuntularını “görmürdülər”. O, narkotikdən yenə də istifadə edirdi. Narkotik maddələrini içəridə daha sərbəst əldə etmək olurdu. Polisdən qorxu, ürkü yox. Onsuz da həbsdəsən.

Tövbə...

Ramin mal vursa da, bizdən əl çəkmirdi. Bir dəfə ona, “əgər bizimlə oturub durmaq istəyirsənsə bu vərdişindən əl çək”, dedik. Razılaşdı. Həmin gün hamama gedib çimdi. Birlikdə məscidə getdik. Tövbə etdi və azadlığa çıxana qədər narkotik maddə qəbul etmədi. İlk günlər bu ona əzab verirdi. Narahat olurdu. Onu gözdən qoymurduq. İşimizin adı nə idi ki? Boş vaxtlarımız onsuz da çox olurdu. Ramin günün çoxunu yatmaqla keçirirdi. Zaman keçdikcə bədənin ağrıları da azalırdı. Kitab oxuyur, bizimlə nərd oynayırdı.

Onun əhlindən olan uşaqlar Raminin bu halından çox narahat olurdular. Onun ardınca gəlir, kənara çəkib xeyli söhbət edirdilər. Ramindən onların nə istədiklərini soruşduqda, “heç” deyirdi. Bir dəfə, keçmiş hərbi kəşfiyyatçı, cəlilabadlı Nizara (oxucularımız Nizar haqda məlumatlıdır, onun haqda bəhs etmişik – F. B) dedim:

- Sən kəşfiyyatçı olubsan, öyrən gör, o uşaqlar bundan nə istəyir.

O da bizi qoruyurmuş

Nizar iki saatdan sonra gəlib dedi:

- O adamlar hamısı narkomanlardır. Raminin “kruq”dan çıxması onların qanını qaraldıb. Onu yenidən dəvət edirlər. Bu isə getmir. Amma ondan əl çəksinlər deyə, həmişə 1 “çet” (çet – qramın onda biridir. Bu qədər mala 3-4 nəfər yaxşı doya bilir. - F.B) malın pulunu verir. Özü də bu işdə Aqillə səni günahkar bilirlər. Ramin isə onlara deyir ki, özü bu vərdişdən çəkinib. Qorxur ki, sizə nə isə etsinlər, sizi qoruyur.

Raminlə bu haqda bir daha söhbət etdik. O, Nizarın dediklərini etiraf etdi. Həmin uşaqlardan ən “diribaşını” çağırıb söhbət etdik, və tapşırdıq ki, bir daha bu oğlanı narahat etsələr, inciməsinlər. Ramindən əl çəksələr də, Ramin onların payını heç vaxt əsirgəmirdi. Hər dəfə görüşdən sonra əhl üzvlərinə yemək göndərər və əhlin qara günü üçün pul verərdi.

Damara düşə bilməyib

Raminlə bağlı çox xatirələr var. Bir dəfə hər kəsin Eşşək Əli kimi tanıdığı nəzarətçi gəlib ondan qolunu çırmamağı tələb etdi. Raminin qolunun büküldüyü yerdə iynə yerləri vardı. Ətrafı göyərmişdi.

- Sən iynə vurursan, hələ də pis yoldasan, - deyib də onu rəis müavininin yanına apardı.

Bir azdan Ramin gəlib dedi:

- Şair, mən onları inandıra bilmədim. Deyirəm ki, soyuqlamışdım. Səttar həkimin vurduğu iynənin yeridir. Damara düşə bilməyib, dərman dərinin altına gedib. Deyirlər yox e, mal vurubsan. 500 dollar istəyirlər. Həkimi də çağırdılar. O da dedi ki, mən iynə vurmuşam. Onu otaqdam qovdular. İndi mən nə edim? Əgər o pulu verməsəm, batdım. Karsa salacaqlar. Üçdə birə düşə bilmərəm, kömək elə. 200 dollarım var. Atam gələndə qaytararam.

Raminə ürək-dirək verdim:

- Narahat olma, nə qədər pulun var ver, mən gedib danışaram.

Bütün rüşvət alanları güllələyərdim

Pulu alıb rəis müavinin yanına getdim. Və gözlərimnin qabağına CÇM-ə gələrkən sonradan dostlaşdığımız bu müavinlə aramızda olan insident gəldi. Demək, təzə gələn dustaqları rəis müavini tək-tək qəbul edir və fərdi söhbət aparırdı. Növbə mənə çatdıqda içəri keçdim, əllərim kürəyimdə daraqlanmış halda özümü təqdim etdim.

- Sən nə ilə tutulubsan?

- 311.1–lə.

- Yəni?

Rəis müavini kresloda oturub ayaqlarını qaldırıb stolun siyirməsinə qoymuşdu. Kefi kök idi.

- 311-ci maddə rüşvət almaqdır, - dedim.

- Demək, rüşvətxorsan. İmkanım olsa, bütün rüşvət alanları güllələyərdim!..

- Cənab mayor, o iş üçün güllə çatmazdı. Hər imkanı olan rüşvət alır.

Sən rüşvət almısan

Və bir qədər gərgin keçən tanışlıqdan sonra rəis müavini:

- Sən özünü məndən qoru, – hədə-qorxusu ilə “çıx bayıra” demişdi. Sonradan isə mənim görüşümə gələn millət vəkillərini, yazıçıları, jurnalistləri, ölkənin tanınmış ziyalılarını gördükdən sonra rəis müavininin mənə olan münasibəti dəyişmişdi.

- Əminliklə deyə bilərəm ki, sən rüşvət alıbsan. Yoxsa yanına belə insanlar gəlməzdi, - deyib zarafat etmişdi. Aramızda səmimi münasibət yaransa da, onu inandıra bilməmişdim ki, mən şərlənib həbs olunmuşam.

Bunları gözümün önündə canlandıraraq onun otağına keçməyə hazırlaşırdım.

Mən rəis müavininə Raminin narkotik qəbul etmədiyini, onun düz yolda olduğunu dedim.

Müavin:

- Sənə inanıram. Bilirəm ki, o iynə vurmur. Buna görə sənə və Aqilə minnətdar olmalıdır. Keçək əsas məsələyə. Nə olsun? - Dedi və düz gözlərimin içinə baxdı.

Əlimi cibimə apardığımı gördükdə isə stolun siyirməsini çəkdi. İki ədəd 100-lük dolları siyirməyə atdım:

- Olanı budur, - dedim.

Siyirməni geri itələdi.

-Yaxşı, get, - dedi. Sonra da gülümsəyib əlavə etdi: - Aqillə sən uşaqları düz yola gətirməklə korlayırsız...

Güllənə heyfin gəlsin

Onun kabinetinin qapısına çatdıqda geri dönüb əlimi tapança kimi qaldırıb, müavinə tuşladım.

- Ruff, – deyib, tapançanın lüləsini tüstünü qovurmuş kimi pilədim. Ürəkdən güldü:

- Şair, mən rüşvət almıram ki, iş düzüb-qoşuram, - dedi. - Güllənə heyfin gəlsin.

Raminlə bir neçə dəfə mərcləşmişdik. Həmişə də mərcdə uduzmuşdu. Erməni Mişanın ölümü ilə bağlı mərcimiz haqda oxucularımız məlumatlıdır. Bir dəfə də mənim idman etdiyimi görüb dedi:

- Şair, gəl mərcləşək, səndən çox “jim” edərəm. Razılaşdıq. Uduzan bir blok “vest” siqareti verəcəkdi. Əvvəlcə Ramin başladı. 45 dəfə jim etdikdən sonra dayandı. Mənim ondan kök olduğuma görə udacağına əmin idi. Növbə mənə çatdıqda isə 46 dəfə jim edib ayağa durdum. Özümü əziyyətə salmadım. Onsuz da mərci udmuşdum.

Aqil məndən, mən isə Ramindən bir ay tez azad oldum. Ramini qarşılamağa hər ikimiz getmişdik. Azadlıqdan çıxdıqdan sonra iki oğluna kiçik toy etdi. Uşaqlardan birinin kirvəsi mən, o birininki Aqil oldu.

Gəl, səni Raminin dostu ilə tanış edim

Ramin azad olduqdan sonra yenidən köhnə dostlarının əhatəsinə düşür. İçki məclisləırinin sonu narkotikə gəlib çıxır. Atası ona yaxşı bir maşın alıb bağışlamışdı. Ara-sıra görüşürdük. Hər dəfə o uşaqlardan uzaq olacağını deyirdi. Bir dəfə Aqil, Mehman, mən və Ramin Qubaya getdik. Yolda ayaqyoluna düşmək üçün maşından düşdü. Qayıdanda hiss etdik ki, ağ iyləyib. Kefi kök idi. Danladıq. Bu axırıncıdır, - dedi.

Amma axırıncı olmadı. Bir dəfə atası mənə zəng vurdu. Raminin Xətai polisinə aparıldığını dedi. Getdim. Kişi məni orda gözləyirdi. Polisin həyətinə girdikdə tanış bir sifət gördüm. Yadıma sala bilmədim. Polislərlə görüşüb, Raminin oğlunun kirvəsi olduğumu dedim. Tanış polis dostum vardı. Yardımçı oldu. Razılaşdıq, 1500 manat verib, Ramini götürdük. Çölə çıxanda həmin polis qulağıma pıçıldadı:

- Ramində heç nə tapılmadı. Dostu “nakolka” vermişdi. De ki, ondan uzaq olsun.

Qabil kişi:

- Gəl, səni Raminin dostu ilə tanış edim. Yaxşı oğlandır. Bizə o xəbər verdi. Gedib danışmışdı. Ondan 3000 manat istəmişdilər. Yaxşı ki, özünü yetirdin.

Raminin dostuna yaxınlaşdıq. O uzaqlaşmaq istəsə də, gec idi. Onu tanıdım. 10 saylı Cəza evində görmüşdüm. Yevlax əhlindən idi...

Bir neçə ay da keçmişdi. Raminlə telefonla əlaqə saxlayırdıq. Bir gün atası Qabil kişi mənə zəng etdi:

- Faiq, sənə bir söz deyim, amma qorxma, toxtaq ol, sabah Raminin 40-dır. Çox istədim orda olasan...

Faiq Balabəyli

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm