Belçikada Azərbaycanın biznes imkanları yüksək dəyərləndirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

Belçikada Azərbaycanın biznes imkanları yüksək dəyərləndirilib - FOTO

Brüsseldə "Walloniya-Export Investment Agency" (AWEX) şirkətinin ofisində Belçika-Azərbaycan ilk biznes forumu keçirilib. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Publika.az-a verilən məlumata görə, Cəmiyyətin London və Parisdə uğurla keçirdiyi biznez forumlar seriyasından sonra bu tədbir cəmiyyətin Belçika nümayəndəliyi tərəfindən təşkil olunub.

Brüssel biznes forumunda əsas diqqət qeyri-neft sahəsinə yönəlib. Forum 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan olunması çərçivəsində təşkil olunub. Belə ki, Azərbaycan öz xarici bazarlarının inkişaf etdirilməsinə, iqtisadiyyatının çoxşaxəliliyinə və Dünya Ticarət Təşkilatına qoşulmağa can atır. Forumda AWEX-lə bərabər, “Flanders Investment and Trade" (FIT), eləcə də “Brussels Investment and Export (BIE) şirkətləri də iştirak ediblər.

200-dən artıq nümayəndənin qatıldığı bu tədbir Belçika şirkətlərini Azərbaycanın tikinti, kənd təsərrüfatı və ətraf mühitin qorunması sahəsində təklif etdiyi imkanlarla tanış etmək məqsədi daşıyırdı.

TEAS-ın direktoru Lionel Zetter vurğulayıb ki, iqtisadiyyatının inkişafı, Qərb ölkələri ilə əlaqələrinin artması və stabilliyi baxımından Azərbaycan çiçəklənən ölkədir: "Azərbaycanı ziyarət edənlərin hamısı bilməlidir ki, bu ölkədə biznes qurmaq çox asan və azaddır. Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqına ən yaxın ölkələrdən biridir. Bu ölkə ziyarət, yaşamaq və biznes qurmaq üçün çox əlverişlidir".

Belçika Xarici İşlər Nazirliyinin Qarşılıqlı və iqtisadi işlər şöbəsinin müdiri Yohan van Dessel deyib ki, Belçika və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edir: "Lakin hər zaman bu münasibətləri daha da yaxşılaşdırmağa ehtiyac var. Avropa İttifaqının tərkibində olan bir ölkə kimi Belçika Azərbaycanla "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıqdan məmnundur. Bu, uzunmüddətli əməkdaşlığın əsas şərti olan cəmiyyətin davamlı siyasi sabitliyinin olduğunu göstərir. Hazırda Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sədri missiyasını həyata keçirir. Noyabr ayında bu quruma Belçikanın sədrliyi başlayacaq və biz Azərbaycanın uğurlu işini davam etdirməyə ümid edirik".

Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Avropa İttifaqı yanında Azərbaycan nümayəndəliyinin başçısı Fuad İsgəndərov qeyd edib: "Mən 2019-cı ildə Azərbaycan qazını Avropaya nəql edəcək "Cənub" dəhlizinin təməlqoyma mərasimində iştirak etmək üçün Bakıdan yenicə qayıtmışam. Bu 45 milyard dollar dəyəri olan layihədə Azərbaycan Avropa istiqamətində hərəkət etməyi qərara alıb. Bu layihədə iştirak edən səhmdarlardan biri də Belçikanın "Fluxys" şirkətidir. Ölkəmizi inkişaf etdirmək üçün bizim Qərb texnologiyaları və elmi yanaşmalara ehtiyacımız var. Məhz buna görə də hər il yüzlərlə tələbə Prezident təqaüdü ilə başqa ölkələrə göndərilir: bu tələbələr yeni nəsil menecerləri olacaqlar. Azərbaycana xoş gəlmişsiniz: mənim ölkəm öz gələcəyinin qurulmasında sizin iştirakınız üçün açıqdır".

Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf bildirib ki, Azərbaycan iqtisadiyyatı son bir neçə il ərzində dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olub və ölkə hazırda Cənubi Qafqazın ən iri iqtisadiyyatına malikdir: "Son beş ildə qeyri-neft sahəsinin inkişafı ümumi iqtisadiyyatın inkişafının katalizatoru olub və bizim bu sahəni inkişaf etdirmək kimi, aydın strategiyamız var. Biz Azərbaycanı elm üzərində qurulmuş bir dövlət kimi görmək istəyirik. Burada azad sərmayə şəraiti var və biz 46 qarşılıqlı sərmayə sazişi imzalamışıq. Ümid edirəm ki, Brüsseldəki növbəti biznes forum AİŞ ilə Belçika şirkətləri arasında müştərək müəssisələrin yaradılması ilə nəticələnəcək".

Dünya Bankının baş infrastruktur müfəttişi Hacı Hüseynov deyib ki, hazırda Bakı şəhərinin 2030-cu ilədək inkişaf planı reallaşmaqdadır: "Biz 2015-ci il ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində avtonəqliyyat infrastrukturunun və ictimai nəqliyyatın rahat hərəkət sisteminin inkişafı yollarının axtarışındayıq. Hökumət 85 yeni su anbarının istifadəsi və istifadə olunmuş çirkab suların təmizlənməsinə dair yeni plan hazırlayıb".

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinn müdiri Rəşad Məcidovun sözlərinə görə, Azərbaycanda mövcud olan doqquz iqlim zolağında bir çox meyvə-tərəvəz növləri becərilir: "Hazırda bu məhsullar Türkiyə, Rusiya və Gürcüstana ixrac olunur. Ancaq Azərbaycan məhsullarına Qərbi Avropada da tələbat var. Ölkə əhalisinin 40 faizi kənd təsərrüfatı sahəsində çalışır və bu, karbohidratlardan sonra ikinci ən böyük ixracdır. Bu sektor qeyri-neft sahəsinin lokomotividir, amma təəssüf ki, ÜDM-in cəmi 5,1 faizini təşkil edir. Ötən onillik ərzində biz hər il 5 faizlik artıma nail olmuşuq. Kənd təsərrüfatı avadanlıqlarına, yeni məhsul və gübrə növlərinə sərmayə cəlb etmək üçün hökümət vergi güzəştləri siyasətini yürüdür. Belçika təcrübəsini tətbiq etmək üçün böyük imkanlar var".

"Təmiz Şəhər" ASC-nin "Abşeron göllərinin bərpası" proqramının İctimayi əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov qeyd edib: "Biz Sovet dövrünün tənzimlənməyən neft hasilatı nəticəsində çirklənmiş doqquz gölün bərpasına 500 milyon avro xərcləməyi planlaşdırıq. Bu göllərdən birinin 2015-ci il Avropa Oyunlarına kimi bərpa olunacağına ümid edirik. Bu göllərin bərpasında Belçika şirkətlərinin iştirakı üçün böyük imkanlar var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm