Ötən il Azərbaycanda əcnəbilərlə 2780 nikah bağlanılıb
Bizi izləyin

Qırmızı.az

Ötən il Azərbaycanda əcnəbilərlə 2780 nikah bağlanılıb

Əcnəbilərlə bağlanılan nikahların sayı artıb.

Əcnəbilərlə bağlanılan nikahların sayı artıb.

İlk baxışdan bunu problem kimi qəbul edənlər və yaxud normal hal kimi dəyərləndirənlər tapıldı. Bu cür fikir ayrılığının səbəbləri var. Çünki kimi müasir dünyada yaşayaraq hər şeyə yeni baxışlarla baxır, kimi də köhnə fikirlərə üstünlük verərək azərbaycanlı hara, əcnəbi ilə nikah hara deyir. Çox yox, 10 il əvvəl çox az hallarda azərbaycanlı oğlanlarla başqa millətlərdən olan qızların nikahı qeydə alınır, qızlarımız isə ümumiyyətlə beynəlmiləl ailə qurmaqdan çəkinirdi. Amma indi vəziyyət fərqlidir.

Rəsmi statistika göstərir ki, son illər azərbaycanlilarla əcnəbilər arasında bağlanılan nikahların sayı xeyli artıb. 2013-cü ildə 2688 nikah əcnəbi vətəndaşlarla bağlanılıb. Keçən il 86594 nikah qeydə alınıb ki, bunlardan da 2780-i əcnəbilərlə olub. Əcnəbi nikaha isti münasibət bəsləyən müasir azərbaycanlı qızlar sevib-sevdiyi oğlanların dili, dini, irqinə fərq qoymadıqlarını deyir. Yəni atalar demiş, “könül sevən göyçək olar”. Əcnəbilərə ərə gedən azərbaycanlı xanımlar daha çox türklərlə izdivaca üstünlük verirlər.

Baş məsləhətçi, Aynur Veysəlli: “Daha sonrakı yerləri İran vətəndaşları tutur. Amma son dövrlərdə daha çox Avropa ölkələrinə də üstünlük verirlər. Bu bir növ həmin şəxslərin xarici ölkələrə gedib qalmaları ilə əlaqədardır”.

Sosioloqlar isə belə hesab edir ki, əcnəbilərlə nikah dövrün tələbi, həm iqtisadi problemlər, həm də psixoloji amillərlə bağlıdır. Son 10 ildə mülki vətəndaşlar arasında əlaqələrin genişləndirilməsi və beynəlxalq aləmə inteqrasiya bu cür nikahların sayının artmasına səbəb olub. Bunun həm mənfi, həmdə müsbət tərəfləri var. Mənfi xüsusiyyətlərindən biri odur ki, milli mentalitetin min illər boyu hifz edə bildiyi özünəməxsus adət-ənənələrimizin yavaş-yavaş dəyişikliyə uğramasına gətirib çıxarır.

Sonda onu demək istərdik ki, keçən il əcnəbilərlə bağlanan 2780 nikahdan 211-i pozulub. Bu haqda fikirləşməyə dəyər. Deməli gənclər, ya bir-birləri ilə dil tapa bilmir, ya sona kimi bir-birini başa düşmür, ya da planlı şəkildə qurulan ailə çox çəkmir. Bəlkə fikirləşək? Kiminlə ailə qurmağımızdan asılı olmayaraq papağımızı qabağımıza qoyub 100 ölçüb 1 biçək. /ans tv/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm