Qəfləti ölümlərin 90-95%-nin səbəbi ürək xəstəlikləridir
Bizi izləyin

Qırmızı.az

Qəfləti ölümlərin 90-95%-nin səbəbi ürək xəstəlikləridir

Hər il ürək-damar sistemi xəstəliklərindən 17 milyon insan ölür. Bu tendensiya bəzi ölkələrdə azalır, bəzilərində artır. Ölkə üzrə bütün ölümlərin yarıdan çoxu ürək-damar xəstəliklərindən baş verir. Qəfləti ölümlərin 90-95%-də səbəb bu xəstəliklərdir. Yaşlı əhalinin 30-35 %-də qan təzyiqi, 10-15%-də ürəyin işemik xəstəliyi aşkarlanır.

Bunu Publika.az-a açıqlamasında Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru, baş kardioloq Adil Baxşəliyev deyib.

Həkimin sözlərinə görə, xəstələrin sayının azalması xəstəliyin vaxtında aşkarlanması və düzgün müalicədən asılıdır. Xəstəlik ilkin mərhələdə aşkarlananda müalicə asanlaşır. Təəssüf ki, bizdə xəstəlik ağırlaşanda həkimə müraciət edilir. Bu da müalicənin çətin və gərgin aparılması ilə nəticələnir.

“Kişilərdə daha çox ürəyin işemiyası, qadınlarda isə hipertoniyaya daha çox təsadüf edilir. Bu xəstəliyə şəkərli diabet də əlavə olduqda, xəstəliyin gedişi ağırlaşır.

Lakin son illər bu xəstəlik cavanlaşıb. Əvvəlki illərdə 50-dən sonra, indi isə 40-dan sonra ildə bir dəfə tibbi müayinədən keçmək tövsiyə edilir. Bu xəstəliklərdə genetik faktorların rolu böyükdür”.

Kardioloqun sözlərinə görə, xəstəlikdən qorunmaq üçün sağlam həyat tərzi sadəcə şüar olmamalı, həm də tətbiq edilməlidir:

"Bunun üçün risk faktorları aradan qaldırılmalı, siqaret çəkməməli, gəzinti, yüngül qaçış, qida mədəniyyəti formalaşmalı, xörək duzunun miqdarı qida rasionumuzda azalmalıdır. Emosional gərginliyi azaltmaq lazımdır. Çünki hər bir gərginlik zamanı bədəndə ziyanlı maddələrin miqdarı artır, onlar ürək əzələsi və damarlara təsir göstərir, damarı sıxır, qanı qatılaşdırır, infarktı sürətləndirir”.

Kardioloq ürəyin köçürülməsi əməliyyatı ilə bağlı hazırlıq işlərinin aparıldığını dedi:

“Dünyada ürəkdə həyata keçirilən bütün əməliyyatlar ölkəmizdə də həyata keçirilir. Bunlar bəzən xarici, əksər hallarda yerli mütəxəssislər tərəfindən edilir. Minlərlə insanın damarlarına stend qoyulub. Artıq ürəyin köçürülməsi əməliyyatına hazırlıq işləri görülür. Təxminən yaxın bir ilə bu əməliyyatı keçirəcəyik. Bu əməliyyat nadir hallarda həyata keçiriləcək. Çünki bunun üçün uyğun donorun tapılması çətindir”.

Qeyd edək ki, 2001-ci ildən etibarən 29 sentyabr Dünya Ürək Günü kimi qeyd olunur. Məqsəd ürək-damar sistemindəki problemlərə diqqətin cəlb olunmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada ölümə ən çox səbəb olan xəstəlik məhz ürək-damar sistemindəki çatışmazlıqdır. Bu ildən Ürək Günü Azərbaycanda da qeyd edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm