• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Onlar bizdən küsüblər - Ramanadan REPORTAJ/FOTOLAR

Onlar bizdən küsüblər - Ramanadan REPORTAJ/FOTOLAR

Onun sarı saçları, yumru mavi gözləri var idi. Əyninə toxunma yun paltar geyinmiş bu qızcığaz yaşıl otların, göyərçinlərin ətrafında oturmuşdu. Mənzərə heç vaxt gözümün önündən getməyəcək. Bəlkə də, qeyri-adi görünməyə bilər. Amma bu balaca qız gəlincik idi və oturduğu da əlil arabası idi. Bu, əlil arabasında gəlincik toxuyan bır qızın, bir əlilin keçirdiyi hisslər, dünyaya çatdırmaq istədiyi mesajdır.

Sən demə, əlil arabasında bütün dünya başqa cür görünür. Hər şey, hətta insanlar da…Bunu reportaj hazırlamaq üçün getdiyim Ramanada yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə ayaq qoyan andan dərk etməyə başladım. Əslində bizim əhəmiyyət vermədən keçdiyimiz bir çox şeylər bu insanlar üçün dəyər də ola bilər. Bəlkə də, heç zaman düşünməmişik əlsiz, ayaqsız, hansısa orqanı işləmədən yaşamaq nə deməkdir. Çoxlarımızın bədən üzvlərimizlə bağlı “burnum bir az uzundu, onu kəsdirim”, “dodağım bir az da böyük olsun”, “dərimin rəngi xoşuma gəlmir” və s. kimi komplekslərimiz var.

Əslində isə narazı qaldığımız sağlam bədən üzvlərimizin bizə Allah tərəfindən verilmiş bir bəxşiş olduğunun fərqində deyilik.

Kənar şəxslərin acıyıcı baxışları səbəbindən fiziki qüsurlu şəxslər evdən çıxmaq istəmirlər. Bir çox hallarda evə qonaq gələndə də belə uşaqlar başqa bir otaqda gizlədilir. Bu, sanki uşağın öz seçimiymiş kimi onu başqa uşaqlardan, ətrafdan təcrid edirlər. Bunun nəticəsidir ki, hansısa fiziki qüsuru olan uşaqlar cəmiyyətə adaptasiya oluna bilmir, onlarda bir çox hallarda hamıya, hər şeyə qarşı aqressiv olurlar. Xarici ölkələrdə müxtəlif sahələrdə çalışan əlil insanları görsək də bizdə bu səbəbdən çox qapılar əlillərin üzünə bağlıdır.

Bəlkə, çoxumuzun xəbəri yoxdur ki, ölkədə bu problemi aradan qaldırmaq üçün Ramanada sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyası və peşə hazırlığı sahəsində fəaliyyət göstərən müəssisə mövcuddur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan və əvvəllər “Gənc əlillərin Əmək və İstirahət evi” adlanan bu müəssisə 1990-cı ildə 2 saylı internat evin bazasında yaradılıb. 2011-ci ildə əsaslı təmir və yenidənqurma işlərinə başlanılan mərkəz 2013-cü il dekabrın 24-də açılışdan sonra fəaliyyətə başlayıb.

Mərkəz respublikada sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyası və peşə hazırlığı sahəsində fəaliyyət göstərən yeganə müəssisədir. Peşə Reabilitayasiya Mərkəzinin fəaliyyətində əsas məqsəd sağlamlıq imkanları məhdud gənclərin peşə hazırlığını təşkil etmək, yiyələndikləri peşələrin onların cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyası baxımından əhəmiyyətini, eləcə də, gələcək müstəqil həyatlarındakı rolunu təmin etməkdir.

Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətovanın Publika.az-a verdiyi məlumata görə, mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə hazırlıqlarıyla yanaşı, onların yaşamaları, qidalanmaları, ekskursiya və gəzintilər, konsertlər və idmanla məşğul olmaları üçün şərait yaradılıb.

Burada müalicə və bərpa kursu keçən şəxslərin əksəriyyəti evdə ilk təhsilini almış gənclərdir. Mərkəz isə belə gənclərə peşə hazırlığı verməklə yanaşı onları cəmiyyət içərisinə çıxarır. Onların özlərini cəmiyyətdə rahat hiss edə bilmələri üçün mərkəzdə hər cür şərait yaradılıb.

R. Həsrətovanın sözlərinə görə, mərkəz 188 yataqlıdır və gedib-gəlmə şərti ilə daha da artıq şəxsi qəbul edə bilər. İndiyə qədər 250 nəfərdən çox şəxs burada peşə və reabilitasiya kursu keçib. Onların 92 nəfərinə işləmək üçün peşə sertifikatı verilib. 54 nəfərə arayış verilib. Hazırda isə mərkəzdə 74 nəfər var.

Direktorun sözlərinə görə, əmək qabiliyyəti 80% olanlara sertifikat verilir:

“Ümumiyyətlə, peşə öyrənməsələr belə, bura gələnlərin hər hansı fiziki məhdudluğu varsa, onu fizioterapiya ilə aradan qaldırırıq. Onlar hər şeydən əvvəl ünsiyyət qurmağa başlayırlar. Cəmiyyətdən utanmırlar, insanlardan qaçmıralar. İlk öncə bir-biri ilə ünsiyyət qurmağa başlayırlar. Bura gələnlər ən çoxu bir həftəyə adaptasiya olur, sonra onların mimikası da, jesti də dəyişir, ahəng yaranır” , deyə direktor bildirdi.

R. Həsrətova ilə söhbətimizdə bildirdi ki, mərkəzə əvvəlcə gəlmək istəməyən şəxslərin hətta bura gələndən sonra evlərinə getmək istəməyənləri də olub.

Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi əsas və çoxfunksiyalı binadan ibarətdir. Tibbi korpusda sağlamlıq imkanları məhdud gənclər reabilitasiya keçir. Korpus ən müasir avadanlıqla təchiz olunub. Mərkəzin digər korpusunda ayrı-ayrı bölgələrdən gələn əlillərin qalması üçün 53 otaq var. Otaqların hamısında bu kateqoriyadan olan gənclərin yaşaması üçün şərait yaradılıb. Hazırda mərkəzdə respublikanın müxtəlif bölgələrindən gəlmiş yaşı 18-ə qədər olan yeniyetmələr və 18-30 yaş arası sağlamlıq imkanı məhdud onlarca gənc yaşayır və 10 növ üzrə peşə hazırlığı keçirlər. Mərkəzdə açılmış xalçaçılıq, rəssamlıq, ağac üzərində oyma, kompüter istifadəçisi, toxuculuq, tikişçi, kişi və qadın bərbəri, aşpaz köməkçisi kurslarında işinin ustası olan yüksək ixtisaslı peşəkarlar çalışır və gənclərə seçdikləri peşələrin sirlərini öyrədirlər.

Mərkəzdə peşə kursları ilə bərabər, dizayn, musiqi və bədii yaradıcılıq kabinələri, eləcə də, idman zalı fəaliyyət göstərir.

Respublikanın bütün rayonlarından bu mərkəzə gəlib qalanlar var. Direktorun sözlərinə görə, gələcəkdə peşələrin çeşidlərinin artırılması, yeni peşələrin əlavə olunması da mümkündür: “Biz həm maddi cəhətdən gəlirli, həm də oturaq yerdə işləyə bilmələri üçün olan peşələri öyrədirik. Bura gələnlərdə həm sosial adaptasiya gedir, həm də əmək vərdişləri yaranır. Onlarda cəmiyyətə qarşı aqressiyası itir. Onların hər birinə fərdi olaraq proqram seçilir”.

Mərkəzin qısa vaxt ərzində bir sıra uğurlar qazandığını deyən R. Həsrətovanın sözlərinə görə, artıq burada reabilitasiya olunan gənclərdən biri avarçəkmə üzrə Paralimpiya oyunlarına lisenziya alıb. Bir nəfər diskatma üzrə Avropa Çempionatında iştirak edib. Çəkiliş apardığımız müddətdə isə dekabrın 5-də Azərbaycanda ilk dəfə keçiriləcək bossiya yarışlarına xüsusi hazırlıq gedirdi.

Bir neçə aydır ki, burada müalicə alan Könül Quliyeva Publika.az-a müsahibəsində bura gəlişini həyatının ən böyük addımı hesab edir. Bu arzusunun yalnız xəyallarda gerçəkləşəcəyini düşünən Könülün sözlərinə görə, mərkəzdə müalicə və peşə vərdişləriylə yanaşı həm də yaxşı dostlar qazanıb: “Bu mərkəz haqqında eşidəndə valideynlərimə bildirdim, onlar əvvəlcə getməyimə razılaşmadılar. Onları çətinliklə razı saldım. Valideynlərim düşünürdülər ki, onlarsız mənə burada çətin olacaq. Lakin mən burada özümü yalqız hiss eləmirəm. Bura gəldiyimə görə çox sevinirəm”.

Mərkəzdə müalicə olunan Asif Qasımov isə bu mərkəzin onun həyatını büsbütün dəyişdiyini deyir: “İki il depressiyadan evdən bayıra çıxa bilmədim. Bura gələndən həyatım dəyişdi. Mərkəzdə bizim üçün çox yaxşı şərait yaradılıb. İdmanla rahat məşğul ola bilirəm, rəssamlıq və ağac üzərində döymə kursları keçirəm. Ən əsası da insanlarla ünsiyyətdən qaçmıram”.

Mərkəzdə reablitasiya olunan gənclərlə söhbətimizdə onlarda daha çox özünə güvən gördüm və bu, məni sevindirdi. Onlar bizdən fərqli deyillər. Bizim kimi onların da yaşamaq, işləmək, istirahət etmək, ailə qurmaq, təhsil almaq və s. haqları var. Onlar bu haqlarını gerçəkləşdirmək üçün mücadilə aparırlar, həm özləri ilə, həm də cəmiyyətlə.

Fiziki qüsurlu olmaq eyib deyil. Eyib insanın mənəviyyatının qüsurlu olmasıdır.

Onların cəmiyyətə inteqrasiyasını təmin etmək, mövcud komplekslərindən xilas olmasına nail olmaq isə hər birimizin borcudur.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR