AzeDer-in birilliyi İstanbulda qeyd edilib
Bizi izləyin

Qırmızı.az

AzeDer-in birilliyi İstanbulda qeyd edilib

Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) fəaliyyətə başlamasının bir illiyi münasibətilə İstanbulda təşkil olunmuş tədbirdə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, iş adamları, elm, təhsil və mədəniyyət sahələrinin təmsilçiləri, qardaş ölkədə təhsil alan tələbələrimiz, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir ötən gün Türkiyədə avtomobil qəzasında həyatlarını itirən üç azərbaycanlı tələbəni yad etmək məqsədi ilə bir dəqiqəlik sükutla başladı.

Ardından AzeDer-in sədri Rəşad Abdullayevin hesabat məruzəsi dinlənildi. Hesabat Məruzəsinin sonunda Türkiyənin Uşak şəhərində azərbaycanlı tələbələrin avtomobil qəzasına uğramasından çox təsirləndiyini bildirən Cənab Abdullayev, ailələrə başsağlıgı vermiş, yaralılara isə acil şəfalar diləmişdir və AzeDer olaraq maddi-mənəvi dəstək verməyə həmişə hazır olduqlarını vurğulamışdır.

Sədr məlumat verib ki, rəhbərlik etdiyi təşkilatın missiyası azərbaycanlı gənclərin şəxsi karyera qazanmasına dəstək vermək, onların bilik, təcrübə və fikirlərini xarici ölkə gəncləri ilə paylaşmaq, gənclərimizin sosial həyatını inkişaf etdirən layihələr həyata keçirmək kimi mühüm istiqamətlərdir.

Sədr bir illik fəaliyyətlərinin nəticəsi olaraq, daha çox azərbaycanlı gənclərin şəxsi karyera inkişafına dəstək olduqlarını vurğulayaraq, bundan sonra İNDEX – Azərbaycanın İnsan Kapitalı İnkişafı Mərkəzi olaraq fəaliyyət göstərəcəklərini bildirmişdir. Bu məqsədlə Azərbaycanın insan kapitalı inkişafına öz kiçik töhfələrini verməyə çalışacaqlarını vurğulamışdır.

Çıxışın sonunda isə təşkilatın fəaliyyətini əks etdirən film nümayiş olunub.

Daha sonra qonaqlara İnsan Kapitalı haqqında məlumat verən qısa film nümayiş olunub. Bu filmdə İnsan Kapitalının İnkişafının zəruriliyi vurğulanaraq, ümummilli lider Heydər Əliyevin gənclər və təhsil islahatlarından bəhs edilib. Bildirilib ki, 1969 -1970-ci dərs ilində respublikamızdan kənarda cəmi 47 nəfər təhsil aldığı halda, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olub. Respublikamızdan kənarda ölkəmizi təmsil edən tələbələr arasında azərbaycanlıların sayı da sürətlə çoxalaraq 1980-ci illərin əvvəlində 97,6 faizə çatdığının vurğulandığı videoçarxda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” ideyasının da reallığa çevrildiyi qeyd edilmişdir.

AzeDer-in bir illik fəaliyyəti və məqsədlərini yüksək qiymətləndirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi gənclər və təhsil siyasətinin ayrı-ayrı istiqamətləri və onun yüksək nəticələrindən bəhs edərək, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə bu istiqamətdə həyata keçirdiyi dövlət proqramları və onların bəhrələri barədə ətraflı məlumat verib.

TBMM-nin deputatı Mustafa Kabakcı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri İlham Nağıyev, ölkəmizin Ankaradakı səfirliyinin müşaviri Nəcibə Nəsibova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışlarında AzeDer-in bir illik fəaliyyətini yüksək dəyərləndirərək, təşkilata gələcək işində uğurlar arzulayıblar. Qeyd olunub ki, təşkilat Azərbaycan və Türkiyə gənclərinin daha da yaxınlaşması istiqamətində də səmərəli fəaliyyət göstərir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran natiqlər milli qeyri-hökumət təşkilatlarının cəmiyyətimizin inkişafında oynadığı roldan və QHT-lərin inkişafına göstərilən dövlət qayğısının əhəmiyyətindən bəhs ediblər.

Bildirilib ki, Azərbaycan özünün uğurlu gənclər siyasəti ilə dünya ictimaiyyətinə yeni bir inkişaf modeli təqdim edib. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda əsaslı təhsil islahatları aparılır, beynəlxalq standartlara cavab verən yeni-yeni təhsil müəssisələri yaradılır, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaları üçün Dövlət proqramları həyata keçirilir, eyni zamanda, xarici tələbələrin Azərbaycanda oxumaları təmin edilir. Dövlətimiz ardıcıl və məqsədyönlü gənclər və təhsil siyasəti ilə vətəndaşlarımızın müasir tələblərə uyğun bilik alması və yüksək keyfiyyətlərlə formalaşması istiqamətində QHT-lər üçün də düzgün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dəyərli töhfələr verməkdədir.

Tədbirin sonunda AzeDer-in təşkilatçılığı ilə Avropa ölkələrində yerləşən aparıcı şirkətlər və beynəlxalq qurumlarda təcrübə keçən tələbələrə sertifikatlar təqdim olunub. BP, STATOIL, PWC, Avropa Parlamenti, UNIDO (Sənaye İnkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı) kimi dünyanın öndə gələn şirkət və qurumlarında staj keçən azərbaycanlı gənclərə sertifikatlar Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və `ASAN XİDMƏT` Agentliyin Beynəlxalq və ictimiayyətlə əlaqələr şöbəsinin müdiri Azad Cəfərov tərəfindən təqdim edilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm