Mübariz Qurbanlı: 3 gündən artıq yas saxlanılmamalıdır
Bizi izləyin

Qırmızı.az

Mübariz Qurbanlı: 3 gündən artıq yas saxlanılmamalıdır

"Ehsan süfrəsində müxtəlif növ xörəklərin, şirniyyatların və bahalı suların verilməsi, hətta ekzotik meyvələrin düzülməsi artıq adiləşib. Əlbəttə, bu məsələdə əsasən imkanlı şəxslər öndə gedirlər, lakin bir çox hallarda məcburiyyət qarşısında qalan kasıb ailələr də buna yol verirlər. Borc edərək, hətta kredit götürərək, yaxud qiymətli əşyalarını sataraq ehsan süfrəsi açanlar da az deyil".

Publika.az-ın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

“Elə insanlar var ki, dünyasını dəyişmiş əzizinə ehsan süfrəsi açmaq, başdaşı düzəltdirmək üçün böyük məbləğdə borc alır, sonra aylarla, illərlə onu qaytarmaq məcburiyyətində qalır! Dəfələrlə bunların şahidi olmuşuq. Bunun müxtəlif səbəbləri var. Ən əsası odur ki, belə insanlar dini cəhətdən savadsızdırlar, yəni israfçılıq həm də dini savadsızlıqdan irəli gəlir. Zənn edirlər ki, bu yolla vəfat etmiş doğmalarına dini-mənəvi borclarını qaytarırlar, ya da qohum-qonşusunun qınağından ehtiyatlanırlar.

İslama görə vəfat etmiş insan üçün yalnız dəfn mərasimi keçirilir və müəyyən dini ayinlər icra olunaraq son mənzilə yola salınır. Burada vacib olan bir neçə əməl var: qüsl vermək, kəfənləmək, cənazə namazını qılmaq və dəfn etmək. Bundan başqa, şəri ehkamlarda mərhuma yas saxlamağın müddəti ilə bağlı məqamlarla günümüzdə tətbiq edilən adətlər arasında da fərqlilik müşahidə olunur. Dinimizdə yas və yaxud təziyə saxlanılmasının müddəti üç gündür. Dini ədəbiyyatda və qaynaqlarda bununla bağlı kifayət qədər ətraflı məlumat var. Məsələn, Həzrət Məhəmməd (s) qadının yas saxlamasını misal göstərməklə buyurmuşdur: "Allaha və Axirət gününə iman edən qadına ölü üçün üç gündən artıq yas tutmaq halal deyil. Ancaq əri üçün dörd ay on gün yas tutması müstəsnadır".

Komitə sədri qadınların dünyasını dəyişən həyat yoldaşı üçün yas saxlamasından söz açıb:


“İlahiyyatçıların fikrincə, qadın əri üçün yas saxladığı müddətdə ətriyyatdan, gözə sürmə çəkməkdən, diqqətçəkən libaslar geyinməkdən, qızıl-zinət əşyaları taxmaqdan çəkinməlidir. Ehtiyac olmadan yas müddəti bitənədək ər evindən çıxmamalıdır. Deməli, dinimiz uzunmüddətli yas saxlamağı yalnız mərhumun həyat yoldaşına şamil etmişdir. Bunun da öz səbəbləri var. Burada qadının hamilə olub-olmamasının aydınlaşması, bundan doğan vərəsəlik və s. dəqiq bilinməsi kimi vacib məsələlər nəzərdə tutulmuşdur. Yerdə qalan qohum-əqrəba üçün yalnız üç günlük müddət müəyyənləşdirilmişdir”.

Məsələnin "ehsan süfrəsi" tərəfinə gəldikdə isə qeyd edilməlidir ki, M.Qurbanlı onu da bildirib ki, cənazə hələ evdə ikən, kədər və üzüntülü halda nəinki yemək hazırlanmalı, hətta ziyarətçilərə süfrə də açılmamalıdır. Çünki cənazəni torpağa tapşırmadan süfrə açmaq qəbahət iş sayılır.

“Dinimiz əslində yaxın qonşuların mərhumun ailəsi üçün tədarük görmələrini, yemək hazırlayıb göndərmələrini buyurur. Bu şəkildə qonşuluq haqqı ödənərək, mərhumun ailəsinin dərdinə şərik çıxmaq məqbul sayılır. İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) hədisində də məhz bu cür göstərilmişdir.

Bəli, problemin kökü burdan başlayır. "Ehsan" sözünün lüğətdəki mənası "yaxşılıq etmək" deməkdir. "Həsanat" sözünün mənası isə yaxşılıq etmək üçün nəyi isə verməkdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu sözlə heç də ancaq yemək nəzərdə tutulmur. Lakin yas mərasimlərinin zaman-zaman dəyişən bu anlamı günümüzdə yalnız "ehsan süfrəsi" - yemək məfhumu ilə məhdudlaşıb. İslamda "ehsan" yalnız süfrə açmaq anlamına gəlmir”.

Uzaq yerlərdən gələnlərə yemək verilməsinin istisna edilməsinə gəldikdə, M.Qurbanlı hər kəsin başsağlığı vermək üçün yas məclisinə gəlməsinə ehtiyac olmadığını bildirib:

“İnsanın ən əzizləri, təbii ki, ailə üzvləridir. Odur ki, yası düşmüş yaxın qohumların bir araya gəlib öz kədərlərini ifadə edərkən gün ərzində orada israfa yol vermədən yemək tələbatını ödəmələri normal haldır. Amma mindən çox adam hər hansı tanınmış şəxsin yasına gəlirsə, onu ev sahibi necə qarşılasın? Ailə üçün qonaqları yerləşdirmək, onlara diqqət yetirmək problem yaradır. Və yaxud rayonda birisi vəfat edir. Onun yaxınları gəlib şəhərdə yenə çadır quraraq başsağlığı qəbul edir. Halbuki, artıq telefon vasitəsilə başsağlığını qəbul edib, belə halda təkrar başsağlığı verməyə ehtiyac varmı? Dərdə şərik olmağın ən böyüyü kiməsə əziyyət verməməkdir. Belə məqamlarda yas sahibinə əziyyət verməklə dərdinin üstünə dərd gətirmək rəvadırmı?”

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm