Yaxın gələcəkdə heç kim bahalı məzar daşları, heykəllər qoya bilməyəcək
Bizi izləyin

Qırmızı.az

Yaxın gələcəkdə heç kim bahalı məzar daşları, heykəllər qoya bilməyəcək

"Azərbaycanda qəbir daşları məsələsi olduqca acınacaqlıdır. Bəzən elə hallar olur ki, qəbir daşlarının qiyməti bir neçə min manatla ölçülür. Bu ənənə də son 50-60 ildə meydana gəlib".

Publika.az-ın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

M.Qurbanlı onu da vurğulayıb ki, bu tendensiya davam edərsə, Abşeron yarımadası bir müddətdən sonra bütünlükdə məzarlığı xatırladacaq, qəbiristanlar isə özü-özlüyündə panteona çevriləcək.

"İstənilən qəbiristana gedib bunun şahidi olmaq mümkündür. İlahiyyatçılarımız da, yəqin, bu fikri təsdiq edərlər ki, İslam dininə görə, müəyyən dövr keçdikdən sonra qəbir yerləri itməlidir.

Görünən odur ki, Azərbaycanda qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına da ciddi ehtiyac var. Bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla, yaxud qaydalar formasında tənzimlənməsi zəruriləşib. Bu, təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işi deyil, problem müvafiq dövlət qurumları ilə yanaşı, ictimaiyyətin də yaxından yardımı ilə həll olunmalıdır. İstənilən sivil ölkədə qəbiristanlarla bağlı məsələlər konkret müəyyən edilmiş qaydalarla tənzimlənir. Məsələn, qəbirlərin düzülüşü, onların ölçüləri konkret qaydalar əsasında aparılır. Bu qaydalara əsasən, qəbirlər bir-birindən kəskin fərqlənməməlidir”.

M.Qurbanlı bu məsələnin planlaşdırılması üçün layihə üzərində iş apardıqlarını bildirib. Onun sözlərinə görə, qaydalar qəbul edildikdən sonra heç kim bahalı məzar daşları, heykəllər qoya bilməyəcək.

“Qəbiristanların yaradılması, onların idarə olunması, dəfn və məzarların qeydiyyatı məsələləri, eləcə də qəbir daşlarının eyni ölçüdə və formada hazırlanması qaydalarla tənzimlənməlidir. Qəbir daşları vəfat etmiş insanın sosial statusunu, varlı, yaxud kasıb olmasını müəyyənləşdirən meyara çevrilməməlidir. Bütün məzarlar standart ölçüdə olmalıdır. Heç kəs qəbiristanlarda əlavə yerləri hasara alıb zəbt etməməlidir. Məzar yerləri sıra şəklində qeydiyyat nömrələrinin ardıcıllığına uyğun olaraq ayrılmalıdır. Düşünürəm ki, bu qanun qəbul ediləndən sonra biz məsələni nizamlaya bilərik. Lakin qanunların geriyə tətbiqi mümkün olmadığına görə, bu qaydalar yalnız yeni salınan məzarlıqlara və yaxud mövcud qəbiristanlardakı boş yerlərə şamil oluna biləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm