Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının nümayəndələri Bakıdadır
Bizi izləyin

Qırmızı.az

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının nümayəndələri Bakıdadır

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında 2014-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasından tibb xidməti polkovniki, professor Türker Çetinin rəbərliyi ilə 6 nəfərlik professor-dosent heyəti sentyabrın 29-dan ölkəmizdə səfərdədir.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, qonaqlar əvvəlcə Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını, o cümlədən Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sentyabrın 30-da səfər çərçivəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyevlə polkovnik Türker Çetinin görüşü keçirilib.

Görüşdə Azərbaycan və Türkiyənin hərbi təbabət sahəsində inkişaf perspektivləri, hərbi həkimlərin hazırlanmasında Türkiyənin imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Oktyabrın 2-dək davam edəcək səfər proqramında türk həkimlərin Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin tələbə və rezidentlərinə mühazirələrin oxunması, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunan xəstələrin konsultasiyası, azərbaycanlı həkimlərlə birgə cərrahi və ortopedik əməliyyatların aparılması nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm