Ramil Usubov polislərə hansı tapşırıqları verib?
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov polislərə hansı tapşırıqları verib?

Sentyabrın 30-da Daxili İşlər Nazirliyində "Daxili işlər orqanlarında qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi" və "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası" sahələrində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin fəaliyyətinin əsas prinsiplərindən olan qanunçuluq, insan hüquq və azadlıqlarına hörmətin cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində başlıca şərtlərdən, eləcə də, yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasının, belə halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılmasının profilaktik işin vacib elementlərindən biri olduğunu, Nazirlik tərəfindən bu istiqamətlərdə davamlı şəkildə təşkilati-praktiki tədbirlər həyata keçirildiyini qeyd edib.

Qatı açılmış cinayətlər

Müzakirəyə çıxarılan hər iki məsələnin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirən nazir, artıq ilin doqquz ayının arxada qaldığını, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə edilmiş müsbət təmayüllərin bu hesabat dövründə də qorunub-saxlanıldığını, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılmasının bir qədər də yaxşılaşdığını, göstərilən istiqamətlər üzrə şəxsi heyət tərəfindən bir sıra müsbət işlərin görüldüyünü diqqətə çatdırıb. Eyni zamanda, istər qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində, istərsə də yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində fəaliyyətin təşkilində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğu da qeyd olunub.

Arxayınlaşmaq olmaz!

Nazir əldə olunmuş uğurlardan arxayınlaşmamağı, peşəkarlığı, hər bir əməkdaşın bilik və təcrübəsini daim artırmağı, cinayətkarlığa, o cümlədən şəxsi heyət arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı olmasının zəruriliyini vurğulaıb, konkret tapşırıq və tövsiyyələrini verib.

Cənab Ramil Usubov ilk növbədə qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsinə yönəlmiş DİN-in əmr, Kollegiya qərarları və göstərişlərinin icrasının ciddi nəzarətdə saxlanılmasını, əməkdaşların qanunazidd hərəkətləri haqqında daxil olan müraciətlərin vaxtında və obyektiv baxılmasına, cinayət işlərinin istintaqı və məhkəməyədək sadələşdirilmiş icraatın aparılması zamanı prosessual qanunvericiliyin tələblərinə ciddi riayət olunmasına, cinayət prosesi iştirakçılarının qanunla qorunan hüquq və mənafelərinin tam təmin edilməsinə nəzarət və tələbkarlığın artırılmasını, müvafiq qanunvericilik aktlarından, dövlət proqramlarından, Nazirliyin kollegiya qərarlarından, əmr və göstərişlərindən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini, xidmətlərarası qarşılıqlı əlaqələrin səmərəli təşkilinin əhəmiyyətini qeyd edib.

Səbəblər araşdırılsın!

O, eyni zamanda, azyaşlılar tərəfindən törədilmiş cinayətlərin səbəb və şəraitinin müəyyən edilməsinin, vaxtında lazımi tədbirlərin görülməsinin, bu sahədə aparılan işlərin daxili normativ aktların tələblərinə uyğun qurulmasının, nəzarətsiz qalmış, hüquqpozmalara meyilli və təhsildən yayınan uşaqların zamanında aşkar edilib qeydiyyata alınmasının, zəruri qabaqlayıcı-profilaktik tədbirlərlə əhatə olunmasının, onların yenidən tərbiyəsi və hüquqlarının müdafiəsi yönümündə lazımi tədbirlər görülməsinin, habelə orta, orta-ixtisas və ali məktəblərdə narkotik vasitələrdən istifadənin zərərli nəticələri mövzusunda davamlı görüşlərin vacibliyini bildirib.

Sərhəd bölgələrində maarifləndirmə işləri aparılsın!

Daha sonra nazir bu il sentyabrın 24-də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” imzalanmış Sərəncamı xatırladaraq həmin sənəddən irəli gələn vəzifələrin ən yüksək səviyyədə icrasının, cəbhə bölgəsinin əhalisi arasında fəal izahat və maarifləndirmə işlərinin aparılmasının zəruliyini vurğulayıb.

Polis nəzakəti

General-polkovnik Ramil Usubov diqqəti şəxsi heyət arasında mənəvi-psixoloji durumun, qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsinə və daha ciddi tədbirlərin görülməsinə cəlb edib. Xüsusi qeyd olunub ki, hər bir əməkdaş üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, anda, xidməti vəzifə borcuna daim sadiq olmaqla polisin şərəfli adını uca tutmalı, vətəndaşlarla münasibətdə nəzakətli davranış nümayiş etdirməli, polis-vətəndaş münasibətlərini möhtərəm dövlət başçısının tələb etdiyi yüksək səviyyədə təmin etməlidi.

Daxili İşlər naziri Kollegiya iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət bundan sonra da cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai qaydanın təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıqları layiqincə yerinə yetirəcək, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanacaq, ili daha yüksək nəticələrlə başa vuracaq.

Zülfüqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm