Yetkinlik yaşına çatmayanlardan ibarət 41 qrup zərərsizləşdirilib
Bizi izləyin

Qırmızı.az

Yetkinlik yaşına çatmayanlardan ibarət 41 qrup zərərsizləşdirilib

Son 1 il 6 ay ərzində 117 cinayət törətmiş 124, yetkinlik yaşına çatmayandan ibarət 41 qrup zərərsizləşdirilib, 729 cinayət törətmiş 756 azyaşlı müəyyən edilib.

Publika.az xəbər verir ki, bu barədə bu gün Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib. Onun sözlərinə görə, hesabat dövründə müxtəlif qanun pozuntularına və nəzarətsizliyə görə polis orqanlarına, xususi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 7890, o cümlədən dilənçilik edən 985 azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən və cəmiyyətə zidd həyat tərzi keçirən 297 valideyn gətirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

O həmçinin, yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın azaldılması ilə bağlı görülən qabaqlıayıcı tədbirlərdən də danışıb.

Cavanşir Məmmədov deyib ki, ölkədə aparılan hüquqi islahatlar çərçivəsində «Uşaq hüquqları haqqında», «Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında», «Məişət zorakılığının qarşısının alınması haqqında» qanunlar da qəbul olunub, Azərbaycan uşaqların hüquqlarının qorunmasına dair müxtəlif beynəlxalq konvensiyalara qoşulub, bu sahəyə dair digər normativ-hüquqi aktlar hazırlanaraq icraya yönəldilib. Yeniyetmələr arasında hüquqpozmaların və baxımsızlığın profilaktikası, uşaq hüquqlarının müdafiəsi, habelə dövlətin köməyinə və qayğısına ehtiyacı olanların problemlərinin həlli yönümündə aidiyyəti dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələr genişləndirilib, birgə fəaliyyətin səmərəsi daha da yaxşılaşdırılıb.

UNİCEF-in Azərbaycan Nümayəndəliyi, BMT-nin Beynəlxalq Əmək və Səhiyyə Təşkilatları, ATƏT-in Bakı Ofisi və digər beynəlxalq qurumlarla birgə 30-dan artıq beynəlxalq konfrans keçirilib, bir neçə mərhələdə 400-ə yaxın əməkdaşın cəlb olunduğu treninqlər təşkil olunub.

Yetkinlik yaşına çatmayanların hüquq pozuntularına şərait yaradan halların profilaktikası üzrə polisin aidiyyəti xidmətləri tərəfindən dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə 1210 reyd və yoxlama keçirilib, hüquqi maarifləndirmə mövzusunda 400-ə yaxın görüş, yığıncaq və dəyirmi masa təşkil olunub. Eyni zamanda, yerli icra hakimiyyətləri yanında komissiyaların, səhiyyə, sosial müdafiə qurumlarının, kütləvi informasiya vasitələrinin 100-dən çox təmsilçisinin cəlb olunduğu, eləcə də 20 minə yaxın yeniyetmənin və onların valideynlərinin qatıldığı tədbirlərdə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların sosial-mənəvi aspektləri və hüquqi məsuliyyəti müzakirə edilib.

Zülfüqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm