Nazir Əli Abbasov Estoniyada hökumətlərarası komissiyanın iclasında iştirak edib
Bizi izləyin

Qırmızı.az

Nazir Əli Abbasov Estoniyada hökumətlərarası komissiyanın iclasında iştirak edib

Tallində Azərbaycan ilə Estoniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclası keçirilib. Azərbaycanı iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə energetika və sənaye nazirinin müavini Natiq Abbasov, vergilər nazirinin müavini Sahib Ələkbərov, eləcə də Xarici İşlər, Sənaye və Energetika, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Mərkəzi Bankın və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) nümayəndələri daxil olublar.

Estoniya tərəfdən isə iclasda iqtisadi əlaqələr və infrastruktur naziri xanım Urve Palonun rəhbərlik etdiyi komissiya üzvləri iştirak ediblər.

Hökumətlərarası komissiyanın ikinci iclasında sənaye və energetika, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük rüsumu və vergilər, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

İclasda nümayəndə heyətlərinin rəhbərləri qarşılıqlı iqtisadi fəaliyyətin hazırkı formatda praktiki əhəmiyyətini qeyd ediblər.

İclasın yekunlarına dair Estoniya və Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri – Urve Palo və Əli Abbasov tərəfindən protokol imzalanıb.

Tərəflərin sənaye və energetika sahəsində əməkdaşlığa qarşılıqlı marağını nəzərə alaraq həm dövlət qurumlarının, həm də biznes dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib.

Nazir Əli Abbasovun özəl sektorun nümayəndələri ilə keçirdiyi görüşdə vurğulanıb ki, Azərbaycan hökuməti Estoniya tərəfi ilə əməkdaşlığın genişləndirilməsi ideyasını dəstəkləyir, eləcə də biznesin aparılması üçün əlverişli şəraitin yaradılmasına zəmin yaradacaq.

Nazir və onu müşayiət edən şəxslər səfər çərçivəsində Estoniya Hökumət Evində (Stenbock House) olublar. Burada Əli Abbasov Estoniya baş naziri Taavi Rıyvas ilə görüşüb. O, Azərbaycan nümayəndə heyətini “Elektron hökumət”in işi ilə tanış edib.

Səfər zamanı Əli Abbasov həmçinin Tallin Texniki Universitetinin rektoru ilə görüşüb, akademik və tələbə auditoriyası qarşısında mühazirə söyləyib.

Səfər çərçivəsində nümayəndə heyəti “e-Estonia Showroom” ən yeni texnologiyaların elektron təqdimatı binasında da olub. Burada Azərbaycan nümayəndə heyəti üçün Estoniyanın “Tehnopolis” Texnoloji Parkının təqdimatı keçirilib.

Bundan başqa, nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti vəzifəsi ictimai dialoq və demokratik idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə olan “e-government Academy” Elektron İdarəetmə Akademiyasına da baş çəkib.

Komissiyanın ikinci iclasının keçirilməsi münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyi adından qəbul təşkil olunub. Qəbulda Estoniyanın keçmiş prezidenti Arnold Ryuytel, parlament üzvləri, nazirlər, eləcə də biznes dairələrinin və ictimai təşkilatların nümayəndələri iştirak edib.

Qəbulda giriş nitqi ilə Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov çıxış edib. Tədbirdə çıxış edən nazir Əli Abbasov hökumətlərarası komissiyanın işi və ikitərəfli əməkdaşlığın perspektivləri barədə danışıb, həmçinin Azərbaycan istehsalı olan “AZPAD” planşet kompüterini təqdim edib. Əli Abbasov planşeti keçmiş prezident Arnold Ryuytelə hədiyyə edib.

Estoniyanın “Qrasiya” rəqs qrupunun ifasında Azərbaycan rəqslərinin ifası görüşə milli kolorit verib.

Keçirilən görüşlərdə və təşkil olunan tədbirlərdə nümayəndə heyətini Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov müşayiət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm