Qurban almaq istəyənlər oxusun
Bizi izləyin

Qırmızı.az

Qurban almaq istəyənlər oxusun

Qurban bayramına bir neçə gün qalıb. Hər il bayram ərəfəsində paytaxt və ətraf kəndlərin küçələri qan gölünə çevrilir. Qurban kəsilən ərazilərdə anti-sanitariya, natəmizlik hökm sürür. Bu həm qurbanlıq mərasiminin məqsədinə ziddir, həm də bu bayramla bağlı yanlış fikirlər yaradır. Hər il müvafiq qurumlar vəziyyətə nəzarət edəcəklərini bəyan etsələr də, yol kənarlarında ət kəsimlərinin qarşısını almaq, demək olar ki, tam mümkün olmur.

İnsanları narahat edən ancaq anti-sanitar vəziyyət deyil. Daha bir məqam qiymətlə bağlıdır. Satış məntəqələrində qiymətlər tənzimlənsə də, çox vaxt orada satılan heyvanlar o qədər balaca olur ki, bu da alıcıları qane etmir.

Satış məntəqələrində isə bayram günlərində qiymətlər elə kəllə-çarxa qalxır ki, qurban almaq istəyənlər fikrindən daşınmalı olur. Bir sözlə, hər il qurbanlıq mərasimi müəyyən problemləri ilə yadda qalır.

Bu il qurban bayramında bizi nələr gözləyir?

Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli artıq bir neçə gündür qurban bayramı ilə əlaqədar monitorinqlərə başladıqlarını deyib:

“Bayramla əlaqədar olaraq müxtəlif bölgələrdən paytaxtda gətirilən heyvanlar yoxlanılır. Mütəxəssislər ilk növbədə gətirilən heyvanlara “Forma1” verilməsini araşdırır. Daha sonra həmin heyvanlara yenidən baxış keçirilir, vizual olaraq yoxlanılır. Bu günə qədər yoxlamalar zamanı hər hansı problem aşkarlanmayıb”.

Y.Xanvəli onu da əlavə edib ki, yoxlamalar yalnız yarmarkalarda yox, ət kəsim məntəqələrinə də nəzarət ediləcək:

“Hansı təsərrüfatlarda “Nodulyar dermatit” xəstəliyi aşkarlanıb, onlara “Forma 1” verilmir. Bu sənəd olmadan sahibkarlar paytaxta heyvan gətirə bilməz. Bu yalnız iribuynuzlu yox, xırdabuynuzlu heyvanlara da aiddir. Yalnız baytarlıq şəhadətnaməsi olanlar bazara heyvan çıxara bilir”.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bu il də yarmarkalar və satış obyektlərinin tam nəzarətdə olacağını deyib. Onun sözlərinə görə, bayramla əlaqədar yaradılan yarmarkalarda məqsəd həm əhalinin ehtiyacını qarşılamaq, həm də qiymət artımının qarşısını almaqdır:

“İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti artıq paytaxt bazarlarında monitorinqlərə başlayıb. Bayram günlərində gücləndirilmiş iş rejimində çalışacağıq. 23 məntəqədə qurbanlıq satışlar üçün yerlər müəyyən edilib”.

Satış məntəqələrindən isə artıq qurbanlıq heyvan alışına başlanılıb. Satıcılar deyir ki, az da olsa alanlar var:

“Kimin həyət evi var, saxlaya bilir, heyvanı əvvəldən alır. Həmin gün həm sıxlıq olur, həm də istədikləri çəkidə heyvan tapmaq üçün əvvəldən alırlar. Düzdür, bəzi alıcılar qiymətin sonradan artacağını düşünüb əvvəldən alırlar, amma bizdə qiymət artmayacaq. Hələ ki, qurbanlıq heyvanlar tam gəlməyib, amma indi əlimizdə olanlar da 15-20 kiloluqdur. Satanda dərisini çıxarıb, ətini satırıq. Diri almaq istəyənlərə də dərinin qiymətini hesablayırıq. İndi quzu ətinin kilosu 11, qoyun 10 manatdı”.

Qafqaz Müsəlmanları İdarəsi də qurban bayramı ilə əlaqədar xəbərdarlıqedici məlumat yayıb. Məlumatda bildirilib ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəbb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.

Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Yeddiyədək şəxsin cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib.Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin, üç hissəyə bölünməlidir.

Tövsiyələrdə qeyd olunub ki, müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm