• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Türmə əhvalatları” layihəsində - Türmə məmurları

“Türmə əhvalatları” layihəsində - Türmə məmurları

Bəzən CÇM-də işləyən zabitlərə, nəzarətçilərə qarşı çox aqressiv münasibət bəslənir. Onları qınayır, hətta bu işdə çalışdıqlarına görə ittiham edirlər. Guya onlar olmasaydı, hər hansı bir cinayətdə günahkar bilinərək azadlıqdan məhrum olanlar da olmazdı. Şəxsən mənimlə bu haqda söhbət edənlərə birmənalı olaraq deyirəm ki, həbs olunan haqlı, yaxud haqsız tutulmasından aslı olmayaraq, Cəza evlərinə göndərilir. Onların həbsinə türmə işçilərinin heç bir qarışacağı yoxdur. Buradakılar sadəcə olaraq cəza evlərində dustaqların islah olunması və cəzaları bitən müddətə qədər onları “qoruyurlar”. Bir növ keşikçidirlər. O da düzdür ki, əməllərində cinayət tərkibi olan, dustağa qarşı hədsiz dərəcədə kobudluğu ilə tanınan, korrupsiyaya və rüşvətə meylli türmə işçiləri də yox deyil. Var və heç az da deyillər. Mən bu layihəmizdə belə insanlar haqda dəfələrlə yazmışam. Bu yazımda isə müsbət xarakterləri ilə seçilənlər haqda yazacağam.

Polkovnik-leytenant Vəli Şirinov

Vəli müəllim 10 Saylı CÇM-in rəis müavini idi. Hündürboy, alagöz, işində çox diqqətli və tələbkar bir zabit idi. Onunla ilk görüşümüz heç də ürəkaçan olmamışdı. Amma zaman keçdikcə bu insanda olan müsbət xüsusiyyətlər daha çox qabarmağa, diqqət çəkməyə başladı. Qısa söhbətlərimizin birində öyrənmişdim ki, Rusiyada təhsil alıb. Uzun müddət əməliyyatçı kimi işləyib.

Demək yerinə düşər ki, 10 saylı CÇM-də dustaqlar ondan çəkindikləri qədər də hörmətini saxlayırdılar. Dustaqların əksəriyyətində belə inam vardı ki, içəridə hər hansı bir rejim qaydasını pozsan, Vəli müəllim çalışıb məsələni qanunun diktə etdiyi yolla həll edəcək. Dustağı aşağılamaq, onları təhqir etmək, qorxudub yaxınlarından pul almaq onluq deyildi. Ötən yazılarımda onun haqqında bəhs etmişəm. Cəza evində üsyan edənlər onun “sən öl”ü ilə çıxdıqları damdan yerə düşür və təslim olurdular. Belə söz söhbət gəzirdi: Vəli müəllimin “sən öl”ü bəzən qanunlardan da kəsərli olur.

O, indi 15 saylı CÇM-in rəisidir.

Mehman Sadıqov

10 saylı CÇM-in siyasi məsələlər üzrə rəis müavini ədliyə-polkovnik- leytenantı Mehman Sadıqov idi. Əslən Qazaxdan olan Mehman müəllim səliqəsi və dustaqlara olan qayğısı ilə fərqlənirdi. Cəza evində olan dustaqlardan kiminsə ondan incik ola biləcəyini heç düşünmürəm. Onun kabinetində bir-neçə dəfə olmuşdum. Mənə yaxın olan dustaqların məhkəməyə müraciət edilməsi üçün etdiyimiz xahişə qulaq asıb və bacardığı qədər kömək etmişdi.

Mehman Sadıqov hər mənada Allah adam idi. Namaz qılır, oruc tuturdu. Gözü, könlü tox olan bu insan heç vaxt dustağın cibinə göz dikməzdi. Mənə elə gəlirdi ki, hörmətinə, haqqında xoş sözlər deyilməsinə görə ona iş yoldaşları tərəfindən çox böyük qısqanclıq vardı.

Mehman müəllimə bir hadisədən sonra daha çox hörmət yarandı. Bir dəfə oğlum dostlarımla mənim görüşümə gəlmişdi. Şəxsiyyət vəsiqəsi olmadığından onu görüşə buraxmamışdılar. Xətai rayonu Elçin Əliyev 4 ünvanında yerləşən Xətai rayon polis idarəsinin inzibati binasına daimi qeydiyatda idik. Elə indi də mən və ailə üzvlərimin daimi qeydiyyatımız həmin yerədir. İdarənin pasport-masa rəisi Turala şəxsiyyət vəsiqəsinin verilməsi və həmin binaya qeydiyyata götürülməsi üçün 500 dollar tələb etmişdi. Mən isə şərlənib rüşvətlə tutulduğuma görə oğlumun şəxsiyyət vəsiqəsi üçün rüşvətin verilməsinə razılıq verməmişdim. Uşaq sənədsiz idi. O mən azadlığa çıxana qədər vəsiqə ala bilmədi. Bu üzdən də orta məktəbi qurtardığı il sənədlərini ali məktəbə verə bilməmişdi.

Nə isə, Turalın içəri buraxılmaması kefimə soğan doğramışdı. Cəza evinin yüksək rütbəli bir neçə zabitinə müraciət etmişdim. Doğum haqqında şəhadətnaməsinin üstündə olduğunu demişdim. Kömək etməmişdilər. “Bizim səlahiyyətimiz xaricindədir”, - demişdilər. Çox əsəbi idim. Təsadüfən Mehman müəllimlə qarşılaşdım. Niyə əsəbi olduğumu soruşdu. Dedim. “Narahat olma”, deyib uzaqlaşdı. Təxminən 10 dəqiqədən sonra Tural görüş yerində idi.

Mehman müəllimdə Həzrət Əlinin kəlamları olan ağ cildli qalın bir kitab vardı. Kabinetində olarkən fikir vermişdim ki, bu kitab həmişə açıq vəziyyətdədir. O, daima bu kitabı mütaliə edirdi. Bir dəfə ondan kitabı oxumaq üçün istədim. Kitabı əlinə alıb bir dəqiqəlik fikrə getdi. Nə isə düşündü, yenidən stolun üstünə qoydu. Və vermədi. İncimədim. Zatən mən onun yanına kitab almaq üçün yox, başqa məqsədlə getmişdim. O da xahişini etdiyim dustağa kömək edəcəyinə söz vermişdi və kömək etdi də.

Mayor Rövşən Hacıyev

Cəza evində yolunu dustaqların səbirsizliklə gözlədiyi bir zabit də vardı. Bu adam CÇM-in 10-cu dəstəsinin rəisi mayor Rövşən Hacıyev idi. Rövşənin görünüşündə ziyalılıq vardı. Gözləri bir qədər zəif gördüyündən qara şüşəli eynək taxardı. Çoxları bu fikirdə idi ki, bu, gün eynəyidir.

Rövşən müəllimlə söhbətimiz daha çox olardı. Onun geniş mütaliəsi vardı. Universitetin tarix fakultəsini bitirmişdi. Tələbə olarkən Cəlilabadda Əlikömək təpəsində arxeoloji qazıntılarda iştirak etdiyini deyirdi:

- Çox xoşuma gəlmişdi o yerlər. Həm də sizin adamlar çox mehribandır.

Rövşən müəllim hər səhər qoltuğu qəzetlə dolu gələrdi. Cəza Müəssisəsinin abunə qəzetlərini o gətirərdi. Mən qəzetləri oxumaq üçün ondan götürərdim.

Rövşəni dustaqlar heç də qəzetlərə görə gözləmirdi. O da Mehman Sadıqov kimi həmişə hər kəsə hüquqi yardım göstərməyə hazır olardı. Əfv ərizəsi yazanlar, amnistiya ilə maraqlananlar, məhkəməyə müraciət edənlər ondan əl çəkməzdi.

Xüsusi şöbənin rəisi mayor Sənan

Əslində, bütün bu informasiyalar Cəza Müəssisəsinin Xüsusi şöbəsinin rəisi, soyadını unutduğum mayor Sənanda olardı. Sənan müəllim ayda 1-2 dəfə müəssisənin həyətinə girərdi. Məhkəməyə ünvanladıqıarı ərizəyə cavabı öyrənmək üçün dustaqlar onu dövrəyə alardılar. O, az danışardı. Əlindəki dəsmalla daima ağzını qapayardı. Dustaqlar danışardı ki, bu adam axşamlar “düt” deyənə qədər vurur, səhərlər arağın iyi hiss olunmasın deyə, bu cür qorunur. Əslində isə belə deyildi. Bir dəfə ondan niyə ağzını “yumduğunu” soruşdum.

Zəif səslə:

- Dişlərimi düzəltdirirəm, - dedi.

Onun uzun müddət belə gəzdiyini bildiyimdən zarafatla dedim:

- İmkan yoxdur? Dustaqlardan aldığın pullardan bir qədər də dişinə xərclə.

Zarafatla dediyim söz, görünür, xətrinə dəydi. Çəpəki baxıb:

- Şair, sən mənə indiyə qədər pul veribsən?

- Yox, - təsdiq etdim.

- Bax, sən vermirsənsə, demək, onlar da vermir. Alsam, elə səndən alaram da - “rüşvətxorsan”.

Amma bilirdim ki, dustaqların sənədlərinin hazırlanmasında o da əlindən gələn köməyi əsirgəmir. Elə dustaqlar da borclu qalmazdılar.

Dəstə rəisləri Vüsal, Hafiz və Cavanşir

Mənim dəstə rəisim qubalı Cavanşir idi. Rütbəsi mayor olan bu adam sakit və təmkini ilə seçilirdi. Dostum ağdamlı Aqilə uzaq qohumluğu çatırdı. Aqillə mən tibb məntəqəsində olduğumuzdan vaxtı olanda bizə baş çəkərdi. O, başqa dəstənin rəisi mayor Vüsal Mahmudovla bir otaqda otururdu. Otaqlarında televizor vardı və mənim bu otaqda saatlarla tək oturub televizora baxmağıma şərait yaradılmışdı.

Cavanşir bəzən evlərində hazırlatdırdığı peraşkilərdən, qutabdan və digər xəmir xörəklərindən bizə pay gətirərdi. O, həm də qaraqabaq adam idi.

Mənim çox hörmətlə xatırladığım dəstə rəislərindən biri də lerikli Hafiz bəy idi. Bu insanlarla indi də ara-sıra görüşürük. Hər biri dustaqlara olan xüsusi diqqətlərinə və tamahkar olmadıqlarına görə qazanmışdılar.

Axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR