Snayper xanım: “Əsirlərin başını kəsir, qızlarımızı...” - VİDEO/FOTO
Bizi izləyin

Qırmızı.az

Snayper xanım: “Əsirlərin başını kəsir, qızlarımızı...” - VİDEO/FOTO

“Cəbhə xətti” layihəsində:

Solmaz xanım 1968-ci ildə Tovuz rayonunun Qapanlı kəndində doğulub. Tovuz rayon Hərbi Komissarlığında çalışıb. 1992-ci ildən 1994-cü ilə qədər birinci Qarabağ müharibəsində kəşfiyyatçı-snayper olub. İşsizdir.

Keçmiş döyüşçü ilə müsahibəni oxucularımıza təqdim edirik...

Atam məni görəndə özünü itirdi

- Solmaz xanım, ağır döyüş yolu hafizənizdə necə qalıb?

- 1991-ci ildə Tovuz rayonunda gedən döyüşlərdə xalam oğlu Fariz şəhid oldu. Mən o dövrdə Tovuz rayon Hərbi Komissarlığında işləyirdim. Xalam oğlunun şəhid olması məni çox sarsıtdı. Vətənin bu vəziyyətində qərar verdim ki, mən də düşmənə qarşı vuruşmalıyam. 26 yaşım vardı. Hərbi forma geyindim. Gəldim atamın yanına və dedim ki, mənə halallıq ver, döyüşə gedirəm. Atam da yaşlı olmasına baxmayaraq, gedib əsgərlərə kömək edirdi, silah-sursat daşıyırdı. Dəfələrlə atamın ağlamağının şahid olmuşdum. Məni hərbi formada görəndə özünü itirdi. Ağlamağa başladı. Ona, halallıq versə, verməsə də döyüşə gedəcəyimi dedim. Atam başıma sığal çəkərək mənə halallıq verdi: get, amma elə döyüş ki, başımı dik tutum, səninlə fəxr edim.

Döyüş yolum beləcə başladı. Əvvəlcə Tovuz rayonunda özünümüdafiə batalyonuna yazıldım. Demək olar ki, Tovuzda gedən bütün döyüşlərdə iştirak etdim. Sonra Ağdam rayonunda Məmmədəli bəyin batalyonunda xidmətimi davam etdirdim. Məmmədəli bəy şəhid olduqdan sonra gəldim Müdafiə Nazirliyinə. Ağdamda döyüşmək istəyirəm dedim. O vaxt Müdafiə naziri Rəhim Qazıyev idi. Ağdam rayonunun Paprəvənd kəndinə göndərildim. Çatdığım günün səhəri bizi döyüşə göndərdilər. Canyatağa kəşfiyyata getdik. Bizim qrupda döyüşənlərin üç nəfəri azərbaycanlı, qalanları çeçenlər idi. Bizdə Zaqataladan bir oğlan vardı, gecə yatanda bilmədən əli tətiyə dəydi və atəş açıldı. Ermənilər onun yerini müəyyən edib vurdular. Beləcə döyüş başladı. Üç nəfər döyüşçümüz yaralandı. Mən öz qrupumda tək qaldım. Yaralılara dedim ki, qaçın, mən sizi qoruyacağam. Tək başıma düşmənlə atışmaya girdim. Ermənilər onları vurmaq istəyəndə mən sürünərək onların silahların da götürdüm. Uzaqlaşmaq istəyəndə eşitdim ki, ermənilər qışqırır: qırın bu “kopay uşağını, bunların qanı bizə halaldı”.

Kəşfiyyat dəstəsində İsmayıl dayı vardı. Mənə qışqırdı ki, geri çəkil, mühasirəyə düşə bilərsən. Bu səs əslində məni ayıltdı. Fürsətdən istifadə edib, ermənilərə əsir düşməmək üçün özümü qayadan atdım. Beləliklə, mühasirədən çıxmış oldum. Qayadan özümü atdıqda qol-qıçım sınmışdı. Huşumu itirmişdim. Maqomed adlı bir çeçen döyüşçü ilə ikimiz qalmışdıq. Geri çəkildik. Payız idi. Yarpaq xışıltısı eşitdim. Çox həyəcanlı an idi. Ola bilsin Ermənilər gəlir, deyə düşündüm. Maqomedə dedim ki, hazır ol, onlar gələndə məni əsir götürsələr, sən məni vur. O məni vurmaq istəmirdi və mənə dedi ki, yaxşı, onda bir-birimizi vurarıq. Əslində, mənim onu vurmaq fikrim yox idi. Düşünürdüm ki, o çeçendir, əsir düşsə də, ona bir şey etməzlər. Amma mən əsir düşsəydim, mənə çox pis şeylər edərdilər. Onu aldatdım, dedim ki, yaxşı və ikimiz də avtomatı bir -birimizə tuşladıq. Onun əlləri əsirdi. Öz döyüşçü dostunu vurmaq Maqomed üçün çox çətin idi. Bir az vaxt keçdi, döyüşçü dostlarımız Müşfiqlə Hikmət gəlib bizi xilas etdilər. Hospitala gətirdilər. Bir müddət müalicə alıb, yenidən döndüm döyüşlərə.

Səngərdə onlarla yatdığıma görə...

- Döyüşçülərin sizə münasibəti necə idi?

- Orda mənə münasibət çox gözəl idi. Çünki hər şey insanın özündən asılıdır. Mən sırf döyüşçü olduğuma, kişilərdən fərqlənmədiyimə, onlarla bir səngərdə həmişə döyüşdüyümə, səngərlərdə onlarla yatdığıma görə mənə çox yaxşı münasibət göstərirdilər. Yanımda bir xanım da vardı. Həkim idi. Ona da gözəl münasibət vardı.

Snayperlər yaxşı bilir

- Solmaz xanım, maraqlıdı, bir snayper olaraq neçə düşmən vurmusuz?

- Bilirsiz, neçə düşmən gəbərtdiyini döyüşdə saymaq olmur. Amma əminəm ki, çox olub. Məsələn, bir erməni snayperini vurmuşam. Bu hər snayperə nəsib olmur. Bunu snayperlər yaxşı bilir.

Tək bir istəyim vardı

- Yanınızda şəhid olanların son sözlərinin şahidi olmusuzmu?

- Yanımda şəhid olan, mənə son sözünü deyən dostlarım olub. 1992-cı ildə Sırxəvənddə, Çıldıranda əməliyyat keçirirdik. Mühasirəyə düşdük. Gecə idi. Həmin döyüşdə şəhidimiz çox oldu. Yaralananlar, hətta girov düşənlər də oldu. Biz xeyli erməni döyüşçüsünü əsir götürdük. Döyüşə-döyüşə irəliyə gedirdik. Əksər erməni döyüşçüsünün patronu bitmişdi və əllərini başlarına qoyub xəndəklərdə uzanmışdılar, biz də onları əsir götürürdük. Mənim üçün bunları danışmaq çox çətindir. Hələ də o tankların, topların səsləri qulağımdan getmir. Məni hələ də vahimə basır, elə bilirəm ki, bu dəqiqə orda döyüşürəm. Yaralı döyüşçülərin səslərini unuda bilmirəm. Mənim tək bir istəyim vardı. Düşməni diri tutum, tutan kimi də başını kəsim. Ancaq bizə icazə vermirdilər. Ona görə ki, onlarda əsirlərimiz vardı. Onları əsirlərimizlə dəyişirdik. Amma imkanım olsa idi, orda çox baş kəsərdim, çünki onlar bizim əsirlərin başlarını kəsirdilər, qızlarımızı zorlayırdılar, min bir işgəncə verirdilər.

Bir dəfə də Ağdamın Kökəltmə məntəqəsində qanlı döyüşlər gedirdi. Yanimda iki nəfər əsgərimiz hospitalın girişində vuruldu. Biri son sözünü deyə bilmədi. O biri isə dedi ki, nişanlıma deyin, məni gözləməsin, xoşbəxt olsun. Mən onu basdım bağrıma, dedim ki, qorxma, ölməyəcəksən və Allaha şükür o, sağ qaldı. Bu gündə dostluğumuz sürür.

Hələ də qazi adını ala bilməmişik

- Heç qorxub qaçan komandirlər, əsgərlər gördünüzmü?

- Əlbəttə... Bizdə bir komandir var idi. Adı Qələndər idi. Ağdamdan idi. Onlar qardaşlığa döyüşürdülər. Xalq Cəbhəsinin batalyonunda idilər. Zaur Əliyev vardı, bunlar əsl qəhrəman idilər. Amma bizi döyüşə göndərib özləri qaçanlar, bizi mühasirədə qoyanlar da vardı. Bizi komanda olaraq Abdal Gülablıya göndərdilər. Orda hər gecə bir batalyon əsgərimiz şəhid olurdu. Döyüşmək çox çətin idi. Bir çox komandirlərimiz qorxub gəlmədilər. Altay Mehdiyev adlı komandirimiz vardı; bizi aldadıb, arxamızca gəlmədiyi üçün ondan şəxsən özüm hesab sordum. 1994-cü ildə atəşkəs elan olundu. Ordudan tərxis oldum, evimə qayıtdım. Altı şəhidimizə yas saxladım. Ailə qurmadım. Sonra bir Qarabağ qazisi ilə evləndim. İkimiz də döyüşdə yaralansaq da, hələ də qazi adını ala bilməmişik. Ayda 45 manat dövlətdən pul alıram, evim bir daxmadır. İki ildir uşaqlarımı məktəbə göndərə bilmirəm. Döyüşə pul, ev, var-dövlət üçün getməmişdim. Subay idim, amma indi ailəliyəm, uşaqlarım var. Bir qızım, iki oğlum. Oğlanlarım əsgərlik yaşına çatıb, onları əsgər yetişdirmişəm. Qızımın 13 yaşı var. Böyrək çatışmazlığım var. Mən vətənim üçün döyüşdüm, ancaq bu gün kimsə məni yada salmır. Eh, təki vətən sağ olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm