Orda bir yurd var....
Bizi izləyin

Qırmızı.az

Orda bir yurd var....

Orda bir yurd var....

O yurd bizim yurdumuzdu!- KAYSERİ

(Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” silsiləsindən)

“GÜLLƏR GÜLƏRƏK SƏSLƏNİR BÜLBÜLƏ Kİ...”

Bizansların “daş ötəsi” deyə qiyaslandırdıqları, çağdaş sakinlərinin, özəlliklə də Nevşəhər Bələdiyyə başkanı Hasan Ünverin ”Dünya Barış şəhəri” adlandırdığı Nevşəhərdən ayrılırıq... “Büyülü tarixin xəsinəsi” Kapadokya arxada qalır. Mevlana Həzrətlərinin yüzillərin o üzündən düşüncələrimizi süsləyən səslənişi gözəlimiz Türkiyənin yeni bir tarix xəzinəsinə götürür bizi: “Gelin bağa yeşiller kuşanan doğayı görün. Her köşede bir çiçek dükkanı açan doğayı görün. Güller gülerek sesleniyor bülbüllere: Susun, susaraq doğayı görün!”

Nevşəhər-Kapadokya sınırlarını keçib getməkdəyik... Ancaq Çat Vadisi Güvercikləri, Üzengi-Ürgün mənzərələri hələ də fikrimi olub, aparıb. Üzengidə diqqətimi sıx-sıx çəkən Aziz Yorgi rəsmi bizim Qobustan qayaları üzərindəki tarixi şəkilləri xatırlatmışdı mənə. Qızılirmak və Göreme vadilərinin gözətçisi olan Üçhasar qala qəsəbəsinin bənzərsiz gözəlliyində qalmışdı könlüm. Qala olaraq adlandırılan və div pəncəsini xatırladan təbii yüksəklik zamanında yağış sularını süzüb də içməli su halına gətirmək üçün ovulmuş-ovulmuş, yağmur suları burda süzülərək minlərcə insanı barındırmışdır. Qaya abidələrə, İbrahimpaşa köyünə, Mustafapaşa qəsəbəsinin Cemil kəndində yer alan Archangelol (Keşlik) monastrı mənzərələrinə, Üçhasardakı Vasil Dərəsinə, Ürgünün qeyb edilmiş dəyirman qalıntılarına, Hodul dağı (Ürgük-Yeşilhasar sınırları daxilində) mənzərələrinə dönüb də yenidən baxmağım gəlir.

Heyif ki, bu gün qoruq altına alınanYozgat Camlığı qədim, gözəlliklər məskəni Bozok ormanlarının olsa-olsa bir miniatür şəkillənməsi kimi göz önünə gəlir; zamanında şəhərsalma prosesində, sonra tut ağacları əkmə kampaniyaları zamanı böyük meşəliklər məhv edilmişdir. Erdaş dağının yaşıllıqları, Sorğun-Ağdağ mədəni arası meşə örtüklərindən əsər-əlamət qalmamışdır. Baxçalı-Ürgük mənzərələri arxada qalır. Burdan Kayseriyə 70 km-lik yol var. Ortahasarı keçirik. Qaraqaya-Sofulu arası mənzərələrini seyr edə-edə bir daha Nevşəhər, Kapadokya unudulmazlığının xəyalına dalıram. Türk xalq ozanı və şairi Fuat Zorlunun bu gözəl məkanı anladan misraları ürpənir yaddaşımda:

Nevşəhər üstündən buludlar qalxsa,

Buludlar çarpışa, şimşəklər çaxsa...

Ağ kəpəzdən yağmur yardımçı olsa

Sel gəliyor deyə koşmaq istərəm.

...Sulusaray köyüm, Nevşəhər elim,

Aşıqlıq durmuyor söylüyor dilim,

Xəyal edər, gəzər, yazıyor əlim,

Yazaraq dünyadan köçmək istəyir.

Mənsə köçməkdən çox bu yerlərdən daha sıx-sıx keçmək, hər cığırına, bələninə vaqif olmaq istəyirəm. Sofulu səmtdən baxıram. Qarşı görünən qara dağa ağappaq qar yağıb. Dədə Ələsgərin “Zirvədə bəslənən quzey qarısan” misrası yaddaşımdan çaxıb keçir. Yolboyu ətraf təpələr boyunca isə yaz havası duyulur. Bu yerlərin gözəllikləri çəkir könlümü. Heç 40 km-lik məsafəni necə keçdiyimizdən xəbərim olmayıb. Kayseriyə 30 km var. Qəribcədi burası. Sağ yanımızı qarlı dağlar alıb. Solumuz bahardı, yazdı elə bil. Sanki keçdiyimiz yol deyil, dastanlarımızda aşiq-məşuq arası qoyulan xəncərdi, qılıncdı; bir üzündə qışdı, bir üzü bahar... Bu durumda ayrılıb gedirik Kapadokyadan, tarix boxçası olan Nevşəhərdən...

“Yoldaşına diqqət et”. - Bölgədə dil əzbəri olan bir hekayət dolaşır yaddaşımda; deməli, Nevşəhər kəndlərindən birinə 5 atlı qonaq gəlir. Kənd muxtarının həyətində atlarından enib həmişəki kimi arpa torbalarını önlərinə qoyurlar. Bu yerlərdə arpa çox qiymətli idi. Qonaqlardan biri yol yoldaşının atının arpa torbasına oğrunca bir neçə mavi muncuq atır. Buna nəzər boncuğu da deyilər. Odalarına çəkilib söhbət edərkən Badem Yusif bir ara eşiyə çıxıb, geri qayıdır. Səhəri gün yola çıxarkən atının torbasına mavi nəzər muncuğu atan kişi deyir i, kimin atının torbasından nəzər muncuğu çıxsa deməli, o adam atlarımızın arpasını çalıb öz torbasına tökür. Məlumdu ki, atlar tanış olmayan maddə qatılan ələfi yemirlər. Baxırlar. Nəzər muncuqları Badem Yusufin atının torbasından çıxır. Onu tənbeh edirlər. O vaxtdan bəri Nevşəhərlilərin dil əzbəri olan bir məsəl var: “Yol arkadaşına diqqət et-atının torbasından nəzər boncuğu çıxmasın...” Dedim axı, Qəribcəni keçmişik. Sağa burulan yol Nigdeyə aparır. Sol yanda Saraycıqdı. Saraycığın girişi də, çıxışı da camelərlə çevrələnib. Xatirə ormanı burdadı. Kırşəhər və Ankaraya yol burdan ayrılır. Eyni zamanda da Sivas və Malatya səmtə... Sağ səmtə ayrılan yol isə Kayseriyə aparır. Arabamız yürüyən şose yol boyunca sıx-sıx reklam lövhələri sıralanıb. Birinin üzərində yazılanları yaddaşıma köçürürəm: Kayserinin əhalisi 1 milyon 900 min nəfər olduğu bildirilir. Ağac işləmə sənayesi yolun sağ üzündə, metro girişi solda, Kadır Han stadionu öndə görünməkdədi. Mənim üçün bu mənzərələr illərin tanışıdı. Beşinci səfərimdi Kayseriyə. Hər tarixi abidə, çağdaş yaşam önündə saatlarla ayaq saxlamış, sayğı göstərmişəm... Az qala hər cığırı, izi tanıtdı mənə... Keçdiyim küçələr Qazi Bürhanəddindən danışıb mənə. Suiçməz Babanı anladıb hər gəlişimdə. Seyid Bürhaneddinin Türbəsini, Hunat Xatun camesini ziyarət etdiyim məqamlarda ən pünhan dualarımı, diləklərimi etmişəm. Məşhur Erciyes Universitetində düzənlənən önəmli konfranslara bu şəhərdə qatılmışam.

Böyük fikir adamlarının dərgahı olan Kayseridə dədə-baba torpaqlarımız olan Dağlıq Qarabağın işğal edilməsinə etiraz əlaməti olaraq izdihamlı mitinqlər keçirilib. Türk insanının hayqıran haqq səsinə səsimi qoşmuşam o mitinqlərdə. Xocalı faciəsini bir yerdə anmışıq. Türk Yörük Ocaqlarında olan söhbətlərimizin əsas mövzusu tarixi birliyimiz, qardaşlığımız, milli ənənələrimiz olub. O duyğulu məqamların heç birini unutduğum olmayıb. Həmişə fikirim bu yurda çəkim, düşüncəm gətirib bu yerə məni. İndilikdə isə keçdiyimiz yolun sol üzündə yer olan Kayseri şəhər terminalına, Ucuzluq bazarına dönən yola, sağdakı alış-veriş mərkəzi səmtə baxa-baxa bütün bu anları, Kayseridə olıduğum günləri yenidən xatırlayıram.

H.Elmaağaclı camesi yolun sağ üzündən “Xoş gəldin” edir. Almer oteli yanından sola bürülüb Valiliyə üz tuturuq. Atatürk bulvarı buradan sağ səmtdədi. Mərkəzində də Böyük Atatürkün azadlıq, ərlik-ərənlik simvolu kimi at belində ucaldılan abidəsi... Ehtiramla baş əyir, bağır basırıq xatirəsi önündə. Üzü qala divarlarına baxmaqdadı. İki dağ üzbəüz dayanıb sanki hesabat verirlər bir-birlərinə: “Sağ ol ki, arxamda möhkəm dayandın!” “Sağ ol ki, haqqımı qorudun mənim!” Haqqına sığınıb şəkil çəkdiririk Paşa Həzrətlərinin abidəsi önündə. Qala divarları eynən bizim Bakı şəhərinin İçərişəhər qala divarlarını yada salır. Əlyetərində də əzəmətli Came ucalır; Kayseri valiliyiylə üzbəüz. Öndə Böyük şəhər bələdiyyəsidi.

Seyid Burhaneddin türbəsinin ziyarət edirik.

Həzrəti Mevlananın xocası...

Bu, o Seyyidi-Sirdan Burhaneddini Timmizidi ki, Mevlana həzrətlərinin təhsilini kamil şəkildə başa vurduqdan sonra Kayseriyə gəlmiş, burada haqq dünyasına qovuşmuşdur. Böyük fikir adamı Hamideddin burada ondan dərs almışdır.

Bu, o Kayseridi ki, Evhadüddin Girmani 1204-cü ildə dərgahına qədəm basmış, burada “Euhadiyə” təriqətinin əsasını qoymuş, özəlliklə, məslək sahibləri olan əxiləri təşkilatlandırmışdır. Həmin əsrlərdə onun yaydığı mədəniyyət izləri zaman-zaman yaşamış, ömür etmişdir.

Bu, o Kasyeridi ki, Osmanlının Nizami mülkü olan Davudu Kayserinin qədəmlərinə qucaq açmışdı. Gənc Hamideddinin babasının babası belə ondan dərs almışdı. Osmanlı imperatorluğunun iki mədrəsə düzənini quran da məhz Davudu Kayseri olmuşdur.

Seyid Burhaneddin həm də Kayserili hesab olunurdu. Hacı Bayram Vəli bu kudsal şəhərə gələrək onu ziyarət etmişdir. Həmin əsrlərdə Kayseri şəhəri “Darue Feth” qapısından “Makarri Ülela” məqamına yüksəlmişdi. Bu əsrdə bir çox görkəmli şəxsiyyətlərin babaları Xorasandan gəlib Kayseridə məskunlaşmışdılar.Haqqında bəhs etdiyimiz mədrəsə və camelərin böyük qismi həmin zamanların yadigarlarıdı.

“Mutluluq mütləq iyilikdir” düşüncəsinin banisi Şeyx Hamidi Kayseri 1331-ci ildə burada dünyaya göz açmışdı – Kayserinin güneyində yer alan Talas qəzasına bağlı Ali dağı arxasındakı Akçakaya kəndində. Kayserinin 12 kilometrliyində. Babaları Xorasandan, ya da İraqdan gəlib burada yerləşmişdi. Bu baxımdan Kayseri sadəcə bir coğrafi ərazi, bölgə deyil, həm də Türk fikir tarixinin böyük şəxsiyyətlərini dünyaya göz açdığı, fəaliyyət göstərdiyi və cənnətə qovuşduğu tarixi abidə, sərvətdi...

Seyid Burhaneddin türbəsi şəhər daxilində bu böyük şəxsiyyətin öz adıyla anılan məzarlıq içindədi. Səlcuklar və bəyliklər dönəmində bu məzarlıqlar içində türbə tikilməsi yasaq olmuşdu. Bugünkü türbə isə 1892-ci ildə Ankara valisi Abidin Paşanın tapşırığıyla Mehmet Nazim Paşa tərəfindən yandırılmışdır. Güneyində binaya bitişik 1348-ci il tarixli Emir Erdoğmuş türbəsi yer alıb. Molla oğlu Mustafa, Müftü Ahmet Rəmzi, Ahmet Nazif Əfəndi burda, camenin solunda uyuyublar.

Kayserinin tarixi abidələrini qədəm-qədəm ziyarət edir, unudulmaz anlar yaşayırıq.

Burası Hacı Əhməd Yasəvi bulvarıdı... şəkil çəkdiririk xatirə üçün.

M.Ö. 700-cü ilə aid əfsanəvi Kral heykəli önündə boy-buxunumuz bir az sıxılmış görünür. Hitit Kralı olaraq tarixə kömülüb.

Baxçaköy kitabəsi qorunur burda. Gültəpə məzarlığından tapılan zinət əşyaları yaşar sahibinə həsrət bu yerdə. Roma dönəminə aid Qartal heykəli önündə durduğum anda xalq ədəbiyyatımızın dəyərli örnəklərindən olan “qarğalar laçın oldu, laçınlar qarğalaşdı” təəssüfü, kədəri sarır içimi.

Roma dönəminə aid Sfenks Heykəli elə bil canlıdı, elə indicə durub öz hökmünü verəcək yenə. Küp məzarların görüntüsü ruhu parçalayır, fikri ağrıdır. Ağırdı mumiyalanmış cocuq əzalarına nəzər yetirmək; İki körpə cəsədi mumiyalanmış, yanbayan qoyulub masa üstünə. Alt yazısını oxuyuram: “Anlaşılır ki, sui-qəsd nəticəsində öldürülüblər. Boğazları kəsilmiş... Kəndirlə boğulma əlamətləri var...” Bütün səyahətim boyu mənə ən ağır təsir edən bir səhnədən bu! Bu cocuqların suçu nə? Bu balaca yavrular hansı günahın sahibləri ola bilərdilər ki?! Qulaqlarıma əlacsız ana fəryadı gəlir. Elə bil dünyalarca məşhur Türk yazarı Çingiz Aytmatovun ədəbi qəhrəmanı Hayman ana məhz bu körpə mumiyaları önündəcə ağı deyib, diz döymüşdü:

Mən balası ölmüş ağca mayayam,

Saman təpilmiş dərini

Qoxlayıb da ağlaram...

Dönüb Tanrıca kabartmasına sual dolu nəzərlərlə baxıram; içimdə “Niyə, nədən ötrü, nə səbəbə?” etirazı. Hüznlü halda muzeyin dışarına çıxıram. Açıq hava muzeyi fikrimi alıb zamanın 7 min il öncələrinə aparır. Qəbir sandıqçalar, küplər yan-yana... Hökmlü ərənlər, ölüb-öldürənlər bir yerdə yatıb.

Bu daş abidənin bir yanı aslandı, bir yanı balıq... Sürüşən, əldən çıxan zaman, vaxt üstündə şahlıq eyləyir elə bil bu aslan sifətli hakim.

Tarixi Hunat Xatun Hamamı (1218-ci il abidəsi), Hunat Xatun Camesi (1238-ci il tarixli), Hunat Xatun mədəniyyət Mərkəzi, Külliyyəsi, türbəsi Açıq hava muzeyinin 100-150 metrliyindədi. Ziyarət edir, ruhuna dualar oxuyuram. Firuzənin çəkdiyi fotoşəkillər bu tarixi anları əbədiləşdirir. Buradan Zeynalabdin türbəsinə qədəm alırıq. Ulu Peyğəmbərimizin nəvə-nəticələrindən hesab olunur. Cümhuriyyət meydanı Sivas Bulvarı istiqamətində yer alıb. İkinci Sultan Abdulhamit tərəfindən 1885-ci ildə bu mübarək şəxsin adına yapdırılıb. Ziyarətində bulunduğumuz məqamları an-an foto-aparatın yaddaşına köçürürük. Xatirə olsun deyə, evimizin, divarlarımızın, albomlarımızın tarix qoxusunu bir az da dəyərə mindirsin deyə...

Atatürk abidəsinin arxa səmtindəki açıq hava muzeyi öz varlığında Bizans, Kapadokya-Roma, Osmanlı dönəmlərinin gerblərini bir araya alıb. Öncə Assur ticarət koloniləri dövrlərini əks etdirən baralyefdi. Bir yanında da Ahmet Bahadırın şeri: "Meydanlara al bayraqlar asıldı...” misrasıyla başlayır bu gözəlli şeir.

Öyrənirik ki, Kayseridə 30 azərbaycanlı ailəsi yaşamaqdadı. İkinci Dünya Müharibəsi zamanı əsir düşmüş azərbaycanlılar Stalin rejiminin təpkisi üzündən vətənlərinə dönməyə ehtiyat ediblər. Almaniyada da qərar tutub, yaşaya bilməyiblər. Vətən, dil, din qubarlarını bu yerlərə mühacirət etməklə ovudublar. O mühacirlərin oğul-uşaqlarıdı indi Kayseridə məskunlaşan 30 ailə...

Kayseri dış tərəfdən Nevşəhər, Nigde, Adana, K.Maraş, Malatya, Sivas,Yozgat vilayət mərkəzləri ilə çevrələnib. Anadolunun ən qədim, köklü yaşayış məskənlərindən biridir. Kültəpə-Kanıt Karumu, Soğanlı və Erdemli vadiləri ilə bərabər Kayseridə yaşamış olan bir çox mədəniyyətə (Assur, Hitit, Roma, Bizans, Osmanlı və s.) sahiblik etmiş, Talas, Tavlusun,Germir, Gesi, Dəvəli və şəhər mərkəzində yer alan Tavukçular Məhəlləsində nəzərə çarpan Osmanlı dönəmi yaşamını əks etdirən qonaq evləri önəmini bu gün də qorumaqdadı. Bütün bunlar haqqında gəlişimizi qutlayan və sonacan bizimlə bir arada olan vilayət mədəniyyət və turizm müdiri İsmət Taymuş yerli-yataqlı şəkildə məlumat verir. Səlcuqlu dönəminə aid olan, Bünyan qəzasının Karadayı kəndində yer alan Karatay sarayından söz açır, Sultan sarayından danışır. İncəsu qəzasında yer alan, 17-ci əsrdə İpək Yolu karvanlarına xidmət etmiş, Qara Mustafa Paşa Külliyyəsini içərisinə alan Karvansara haqqında bilgi verir.

Əvvəllər Bizanslar tərəfindən yapılıb, Səlcuklu və Osmanlılar dönəmində də istifadə edilən Zamantı qalası Kayserinin Pinarbaşı qəzasında yer alıb. 12-ci yüzilliyə aid Məlikqazi türbəsi isə qəzanın Məlikqazi kəndindəndi.

Soğanlı vadisi Kayserinin 80 kolimetrliyində... Monastr, kilsə və qayaya oyulmuş məkanların var olduğu bir digər yeri isə 69 kilometrlik məsafə ayırır Kayseridən; Erdemli vadisidi burası. Müsafirləri sıralanmış... Qayalar yüzgözlü divlər kimidi. Kim çapıb, kim dəlib bu daşı belə?

İç Anadolunun Qızılirmak bölümündə yer alan Kayserinin dağları var sıra-sıra; Bölgədəki ovalıqlar Erciyes dağının quzey və güneyində yer almaqdadı. Erciyesin quzey batı bölümündə isə Ambar və Qarasazlıq ovalıqları qərar tutub. Dəvəli obasının yüksəkliyi 1100-1500 metr arasındadı. Zamanat, Sarımsaqlı kimi axar sular bu vilayət içindən keçməkdədi. Qızılirmakın bir qolu burdan keçər. Sarıgöl, Yay gölü, Çöl gölü, Tuzla gölü, Engil gölü, Qurbana Çibik gölü və s. Kayserinin dağlıq ərazilərindədi.

UNİVERSİTETLƏR ŞƏHƏRİ KAYSERİ

Gördüyümüz hər tarixi abidəsi, camesi, kitabxanası bir məktəb kimidi. Kayseri yüzillər boyunca iç Anadolunun tarix, elm və mədəniyyət mərkəzi olmuşdur. Səlcuklular dönəmində ən qabaqcıl səhiyyə və təhsil qurumları Kayseridə yer almışdır. Tarixin 1205-ci ilində burada Gövhər Nəsibə Sultan Tibb fakültəsi fəaliyyət göstərmişdi. Sahabiyə, Hunat, Hacı Kılıq Mədrəsələri yüzillər öncəsi öz şərəf işlərini yerinə yetirmişlər.Bunlar öz yerində... Ancaq bu günün elm-təhsil ocaqları da öz ilkinlərindən geri qalmır; deyək ki, Erciyes Universiteti, Məlikşah universiteti, Özəl Nuh Naci Yazgan Universiteti, Abdulla Gül Dövlət Universiteti...

Kayseridən Türkiyənin hər hansı nöqtəsinə hava yolu ilə getmək mümkündü. İstanbul bağlantılı uçuşlardan başqa bir çox ölkələrdən Kayseriyə uluslararası təyyarə yolu varmaqdadı. Quzeybatı səmtdən Ankaradan gələn quru yolundan başqa, güney tərəfdən Anadolu və Nigdədən gələn quru yolları Kayseri şəhər mərkəzinin 15 km quzey batısında, Boğazkörpü ərazisində birləşir. Buradan doğuya yönələn yol şəhər çıxışında Samsun-Sivas və Malatya istiqamətində ayrılır. Yollar abad və könüloxşayandı.

BİR YOL DA VAR Kİ, TARİXƏ APARIR

Kayseri M.Ö. 4000, M.C. 2000 illik, üst-üstə 6000 illik bir tarixə sahiblik edir. M.Ö. 2000-ci illərdə Anadoluya gələn Hititlər Kayserinin 22 kilometrliyində bulunan Kültəpə (Kaniş) şəhərini qurmuşlar. Kültəpənin yaxınlığında yer alan Karumda aparılan qazıntılarda bu dönəmə aid çeşidli yazılı abidələr tapılmışdır. M.Ö. 4000-ci ilərdən başlayaraq Roma dönəminə qədər Kültəpəyə davamlı olaraq köçlər gəlmişdir. Ərciyesin ətəyində yer alan Mazaka şəhəri isə M.Ö, 11 və 7-ci yüzilliyə aid edilir. M.Ö. 5 və 6-cı illərdə bu bölgə Med və fars idarəçiliyinə dixil olmuşdur. M.Ö. 280-ci ildə qurulan müstəqil Kapadokya Krallığının paytaxtı olan Mozaka bu dönəmdə 400 min insanın yaşadığı bir şəhər idi. M.S. 17-ci yüzillikdə Roma hakimiyyəti əlinə keçən Mazakanın adı "Kansarena" olaraq dəyişdirildi. 395-ci ildə Doğu Roma (Bizans) imperatorluğu içərisində yer alan bu bölgə böyük bir şəhər olaraq nüfuzunu qorumuşdur. 691-721-ci illər arasında Kayseri qısa fasilələrlə Ərəb işğallarına məruz qalmış, 1071-ci ildə Malazgirt zəfərindən sonra türk torpaqlarına qatılmışdır. 1127-ci ildə Danişmentlilər, 1162-ci ildə isə Anadolu Səlcuklularının hakimiyyətini qəbul edən şəhər Səlcuklular zamanında Konyadan sonra ikinci başkənd (paytaxt) olmuşdur. Kayseri 1343-cü ildə Elxanilərin hücumuna məruz qalmış, bir müddət Monqol-Elxani idarəçiliyi altında olmuş, 1343-cü ildə Eretna bəyliyinin, 1398-ci ildə Osmanlılar idarəçiliyini qəbul etmişdir. Sonra Ankara savaşı baş verdi. Kayseri Karamanoğulları və Dulkadıroğullarının hakimiyyətini tanıdı. Bu, artıq 1402-ci il idi. 113 il sonra isə Yavuz Sultan Səlim İran səfəri dönümündə bölgəni Osmanlı imıperatorluğuna bağladı. İndilikdə isə mən 1134-1143-cü illərdə Kayserini dövlətinə başkənd yapan Danişmendlərin üçüncü hökmdarı Malik Mehmet Qazinin inşa etdirdiyi Ulu Caminin (Cami Kebir) önündə dayanıb bütün bu baş vermiş olaylar haqqında düşünür-düşünürəm... Az öncə Hunat Xatun Külliyyəsi önündə necə düşünürdümsə, öyləcə... Yeri gəlmişkən, Hunat Xatun Külliyyəsi Anadoluda aşkar edilən Səlcuklu abidələrinin ən gözəl və ən önəmli örnəklərindən biridir. Qalanın doğusunda şəhəri çevrələyən qala divarlarının çölündə yer alan külliyə 1237-1246-cı illər arasında Birinci Keyqübadın həyat yoldaşı, İkinci Keyxosrovun anası Mahmeri Hunat (Huand) Xatun tərəfindən yapdırılmışdır.

Kayseridə var Danişmendli Yaqubasanoğlu Mehmet qızı Atsız Elti tərəfindən İzzettin Keykavus zamanında 1210-1211-ci illərdə Güllük məhəlləsində ucaldılan Güllük cami... Yıxıldığı uçquna məruz qaldığı vaxtlar olub. Sonralar Alameddin oğlu Gülük Şəmsəddin tərəfindən yenidən bərpa edilmişdir. Han Camesi Seyid Burhaməddin bulvarı daxilində, Hacı Qılınc Came və mədrəsəsi Sahabiyə məhəlləsində yer alıb. Durur Kayseridə Lale Camisi, tarixə yoldaşdı Kurşunlu (Memar Sinan) Camesi hələ... Qala Camesi İç Qalanın quzey batıdakı iki bürcünün dayandığı səmtdədi. XIV yüzilliyin abidəsi olaraq tanınır. Yanıkoğlu, Cıncıklı, Şeyx (Şıx), İsa Kümbet, Əmir Sultan, Bürüngüz, Hasinli, Kümbet, Hacet, Çandır, Hacı Vələd Camelərinin, Hacı Həsən, Güllük, Hacı Kılıç, Hatuniyyə, Köşk, Seracəddin, Avgünlü, Şifahiyə və Giyasiyə mədrəsələrinin xətri-Hörməti, tarixi özəlliyi önündən etinasız keçə bilmirəm. Lala Muhlisiddin, Ali Cəfər, Alaca, Avgunu, Bağbük bəy, Cifte, Döner kümbəzləri, Dörd Ayaq, Suya Kanmış xatun, Şeyx Tennuri, Əmir Alı, Əmir Ərdoğmuş, Əmir Şahlar, Qırx Qızlar, Məlik Mehmet Qazi, Ulu Xatun türbələri də eyni duyğusallıqla çəkir könlümü.

Hər biri bir tarix saxlancı, böyük şəxsiyyətlər külliyəsi...

Seyid Burhaneddin bulvarına ayaq basıb ətrafa nəzər saldınızmı, hal-əlbət, Alaca kümbəzi görəcəksiniz; kitabəsindən 1280-ci ildə yapıldığı bilinir. Dəyərli bir Səlcuklu əsəri olaraq qorunur. Ətrafını yamyaşıl gəzinti yerləri, çoxqatlı evlər çevrələyib. Başının üstündə ala buludlar paklıq simvolutək dolanıb-gəzir. I Alaaddin Keyqubadın həyat yoldaşlarından olan, Eyyubi hökmdarı Məlik Adilin qızı Adilə xatunun uyuduğu türbə isə 1247-1248-ci illərin abidəsidi. Sivas Caddəsinin yaxınlığında yer alıb. 13-cü yüzildə isə Dönər kümbəzi yapılıb... Yenə də Seyid Burhaneddin bulvarı ilə Qartal qovşağı arasındadı. Şah Cahan kümbəzi də olaraq tanınır. Heyvan və bitki motivli şəkillərlə sıx-sıx bəzədilib. Battal Qazi məhəlləsində yer alan Dörd Ayaq türbəsi bir ayrı tarixdən söz açır bizə. 14-cü yüzillik yadigarıdı. "Qırx Qızlar" deyə də anıla bilir.

Burda saraylar var, köşklər var ki, baxsan nə göz doyub, könül usanar. Hələ bir Qara Mustafa Paşa karvansarayı. İncəsu qəzasındadı.

Xıdırilyas və Heydar bəy köşkləri isə Kocasinan qəzasında yer almaqdadı.

Baxıram şəkər fabriki bağçasında yer alan Keykubadiyə köşkünə... Sultan Keyqubad yaz aylarında Kayseriyə gəlişi zamanı bu sarayda dincələrmiş. Baxımsız qalması könül üşüdür. Kayseridə var Vəzir sarayı ki, 1727-ci ildə Damat İbrahim Paşa tərəfindən yapdırılmışdır. Var Gön sarayı ki, 1519-cu ildə Sədrəzəm Piri Mehmet Paşa tərəfindən inşa etdirilmişdi. Yavuz Sultan Səlim zamanında. Qapalı bazarla yanbayandı. Bu, o Qapalı Bazardı ki, böyük bir sahəni əhatə edir. 1859-cu ildə xalq tərəfindən inşa edilib. Prinççilər Bazarı 1512, Hacı Əfəndi Bazarı isə 1844-cü illərin yadigarlarıdı.

Burda çeşmələr var suyu göz yaşı, baxdıqca Dədə Ələsgərin misraları könlümü oynadır yerli-yerindən:

Axşam-səhər çeşmə sənin başına,

Bilirsənmi neçə canlar dolanır.

Alma yanaq, büllur bədən, Ay qabaq,

Şahmar zülfü pərişanlar dolanır.

Bizlərdə bir şərqi də var:

Endim bulaq başına,

Yarım çıxdı qarşıma.

Sevda nədi bilməzdim,

O da gəldi başıma...

Hesabla Kayseridə 200-dən çox çeşmə var. Hər biri önündə durub-dayanıb, bir udum su içmək savab olardı. Ancaq zaman keçir, vaxt macal vermir. Hacı Qasım, Lala Paşa, Hacı Vələd, Hasbekkiçi, Hasbek, Hasinli, Asmalı çeşmələrinin adlarını çəkə-çəkə Suiçməz Baba çeşməsi başında eşitdiklərimi xatırlayıram. O behiştlik kişi yuxuda Həzrəti Peyğəmbərimizin əlindən bir cam su alıb içibmiş. O gözəlim suyun ağız tamı naminə ömrü boyu bir də su içməyib... Eləcə yaşayıb. Dinləyir və dərin ehtiramla ruhuna dua oxuyuram.

Keşkə yuxularımızda Həzrəti Peyğəmbərimizin əlindən su camı alaydıq elə.

Keşkə su kimi aydın olaydıq - deyə düşünürəm.

Elə by paklıq duyğuları ilə baş-başa Rəşid Ağa Qonaq Evi (Atatürk Evi) ilə tanış oluram. Cümhuriyyət məhəlləsində, Şeyx Tennuri küçəsində yer alıb. Adına Rəşid Ağa deyilən cənnətlik kişi tərəfindən XIX əsrin sonlarında yaşayış evi olaraq araya-ərsəyə gəlib. 1919-cu ildə Kayseriyə gəlişi zamanı Mustafa Kamal Paşa bu evdə müsafir olmuşdu. İkiqatlıdı. Türk evlərinə xas olan tağbənd pəncərələr, qapılar elə dost könlü kimi açıqdı xoş gəlişimizə. Hələ Gültəpə məhəlləsi Arxeoloji Muzeyinin arxa tərəfində yer alan qədim Xəstəxana binasına göz yetirəsən... Cameyə bənzəyir ilk görünüşdən. Yeddi minarəsi görünür baxsan bir səmtindən o biri üzə... Giriş qapısının hər tərəfindən yeddi pəncərəylə könül açıbdı gələn müsafirə, dosta-tanışa. Hal-hazırda özəl xəstəxana kimi fəaliyyət göstərir.

Bu bölgənin tarixini ədəbi-kamalla öyrənmək istəyirısənsə gəl Rəşid Əfəndi kitabxanasına... Ulu Came ilə lap bitişikdi. Açsan qapısını sabahın olar. Birlərsən Dış qala, İç qala nədi!.. Bir az öncə anlatmışam bizim məşhur İçərişəhərin Qala divarlarına bənzəyişini. Beştəpələr məzar Odalarından söhbət açmağa könlümün üşüyən, üşünən yaşamı qoymur. Eləcə də Litos xarabalarının ehtiva etdiyi zaman... Erciyesin quzeyində və Hacılar qəzasında güney doğusunda, 2510 m yüksəkliklərdən fışqıran lavalardan yapılıb.

Tunc çağına aid mədəniyyət abidələri burda – Kayseridədi. Hellenitik, Roma, Bizans, Osmanlılar tarixinin canlı şahidləri bir səfdə durur... Kayseridə Osmanlı evlərini yansıdan əsərlərlə tanış olmaq, bu bölgənin özəlliklərini özündə əks etdirən Türk-islam abidələri haqqında dolğun bilgi əldə etmək istəyirsənsə gərək Etnoqrafiya muzeyinə qədəm basasan. Küpgpoğlu qonaq evi adıyla da tanınır. Hunat Xatun Mədrəsəsi ilə iç-içədi. Fuar Mədəniyyət Parkında isə Memar Sinan muzeyi yer alır. Tam bir elm mərkəzidi. Birinci qatı Memar Sinan düşüncəsinin bütün məqamlarını gətirir göz önünə. Seyid Bürhaneddin bulvarı və Qartal Qovşağı yaxınlığında daha bir muzey var – Ahi Evrai Muzeyi... 2002-ci ildən əl işləri və alətlərini bir araya gətirən mərkəz kimi fəaliyyət göstərir.

Barsama (yeni adı Çavuşağa) kəndi yaxınlığında Mahüpeykür Xədicə xatun tərədindən 1567-ci ildə yapdırılan Barsama Camesinə göz yetirə-yetirə XVI əsrin ərəb qanunları məngənəsində sıxılan Leylinin nakam taleyini göz önünə gətirirəm. Dahi şair Məhəmməd Füzulinin 1556-cı ildə vəfat etdiyini nəzərə alsaq vur-tut 11 il sonra yapılıb bu came. Deməli, az qala “Leyli və Məcnun”un yaşıdıdı. Ancaq bu came həmin dövrdə Türk qadınının cəmiyyətdə neçə bir məqamda dayandığının əyani sübutudu. Eləcə də hələ ondan 300 il əvvəl yapılan Mahneri Hunat Xatun türbəsi ki, haqqında dönə-dönə bəhs etmişik. Hələ Səlcuklular dönəminin tarixini özündə əks etdirən Gövhər Nəsisə Tibb Muzeyi... Bütün bunlar ötə yüzilliklərdə türk qadınının cəmiyyətdəki yerini apaydın göz önünə gətirir.

QILINC OLMASI VAR AXAR SULARIN

Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin çox kövrək, eyni zamanda da ağrılı misralarıdı:

Araz bir ərimiş maye qılıncdı,

Əyilib aradan götürmək olmur...

Bu o Arazdı ki, gözəlimiz Türkiyədən baş alıb Azərbaycanın Sabirabad rayonunda Ana Kürə qovuşur, bir könüldə, bir canda Göy Xəzərimə doğru axır-axır. Eyni zamanda, tarixin 1813-cü ilindən bəri maye bir qılınca dönüb məmləkətim arasına düşüb. O taylı-bu taylı Azərbaycana döndərib, Şimala, Cənuba bölüb bizləri. Kayseridə Birinci İzzəddin Keykavus zamanında yapıldığı iddia edilən, Qızılirmaqın hər iki sahilini birləşdirən Çoxgöz körpüsünə bax-baxa o qəmli, qanlı-qadalı uzaq keçmişi göz önünə gətirirəm. Arazın hər iki sahilini birləşdirən tarixi Xudafərin körpüsünü yada salıram. Taleyi, bəxti oxşamasın. Görünüşü, görkəmi isə eynilə Xudafərin körpüsünü yada salır Çoxgözün... Qızılirmaq üzərindən tarixə qədəm basır. 6 gözdən-tağbənddən ibarətdi. Elə bil ayaqlarını çırmalayıb çayı o biri üzə keçən bir Tarix, Zamandı. Hər tağ yüz əsrlik vaxt ölçüsüdü.

Təkgöz körpüsü isə Quzeybatıda, qəzanın 30 kilometrliyindədi. İkinci Sultan Rükneddin Süleyman Şah zamanında, 1202-1203-cü illərdə Kayserili Hacı Əli bin Hüseyn tərəfindən inşa edildiyi bilinir. Gələni-gedəni qəhətdi indi. Kayseri bölgəsində olub Bastırmacılar parkını, Məlikqazı qəzasını, Cümhuriyyət Meydanını gəzib-dolaşmamaq ayıb sayılır. Ehey, Kültəpə Kaniş-Karum, Kanıştəpə, Karumaşağı şəhər! Ayağa dur, səninləyəm... Səninləyəm Ağırnas Yeraltı şəhəri, səninləyəm Yanardaş (Darsiyah Rum Kilsəsi), Ağırnas monastırı... İstəyirəm sizin dilinizdən eşidim dünyalarca məşhur Memar Sinanın doğum yeri olan Ağırnas qəsəbəsinin tarixində baş verənləri. Osmanlı imperatorluğunun dünyaya möhürünü vurduğu dönəmin ən önəmli şəxsiyyətlərindən olan Kocasinan barəsində sizlərdən aydın, dolğun kim söz aça bilər ki?..

Aşağı qatı üç tağbənd girişli, yuxarı qatı üç ön pəncərəli ev hələ də ayaq üstədi. Bu evdə doğulub, 22 yaşına qədər bu evdə yaşayıb Memar Sinan. Buradan tarixə yol gedir-gedir. Məlikqazi qəzasından 6 km məsafədə, vadilər arasında Germir məhəlləsi çəkir könlümü. Kəsmə daşlarla tikilən evlər Germir kilsəsinə göz qoyub baxır. 1 km kənarda isə Tavlusun məhəlləsidi. Burdan Qızıl köşkə atlanır könül. Ağqışla qəzası əl edir elə. Hitit dönəminə aid abidələr çəkir diqqətimi elə bir üzdən. Qululu səmtinin tapıntıları Kayseri Arxeoloji muzeyini naxışlamaqdadı. Gömürgen kəndi isə daha çox yoğurtu (qatığı) ilə tanınır. Bünyan qəzası isə 14-cü əsrdən yönü bəri Türk insanının mənəviyyat beşiklərindən biri kimi Ulu Cameyə, Qayabaşı mağaralarına, Gergeme (Karkama) yaşayış məskənlərinə sahiblik edir. Sultan sarayı, Karatay Karvansarası haqqında danışmaq azdı, gərək gözlə baxıb, ruhla duyasan. Üstündə gəzmək, yerimək üçün deyil ki, Çiçəkli, Bünyan xalçalaırı; daha çox önündə tarixi anmaq üçündü. Hələ Dəvəliyə gələsən, dostum.. Oğuz boylarının yurd-yuvasıdı. İkinci Abdulhamid zamanının Əsgərlik şöbəsi durur hələ də. Sivas Xatun Camesi burda, Xızır İlyas, Şərif, Şeyx Ümmü, Seyid Dev Əli, Ebce Sultan türbələri burda, Hacı İbrahim Təkkəsi burda...

Aşıq Seyrani parkı və türbəsi boyunca göz yetirə-yetirə Ozanlar ozanı Aşıq Ələsgərin, Aşıq Şəmşirin indi öz güclü havadarlarının əbası altında doğma Dağlıq Qarabağımıza ağalıq edən erməni əsirliyində qalan qəbirləri başında dayanmış kimi hiss edirəm özümü. Kədərimi Dəvəli, Ösküt qalalarına, Fraktin qaya rəsmlərinə demək istəyirəm əzəl başından. Hələ Şimşək qaya, Daşçı abidəsi, İlibe Mağaraları... Özümü bizim Qobustan qayaları arasında dayanıbmış kimi hiss edirəm. Gereme xarabalıqları, Ayşə Çeşmə və qaya abidələri, Elbiz Hovuzu elə bir ucdan söyləməkdədilər ki, tarixin seyrinə gəl birgə çıxaq...Felahiyə qəzası isə tarixin ilk yaşayış məskənlərindən biri olaraq nişan verir özünü. Qayalar içində ovulmuş mağara-evlərin səfi sıx-sıxdı. Tarixi Zırha Qalasını ziyarət etdim, Kərpicli dünyası qarşıma çıxdı. Sultan çeşməsindən su içib keçdim.

Oğuzların Kayı boyuna mənsub ərənlərin yerləşdiyi Hacılar qəzası at kişnərtisi, çapış həvəsilə süslənən yerdi. Burda Atlı yayla yüz illərdi ki, ilxı nəfəsilə isinib durur. Təbii gözəlliklərinin başında təbii ki, Erciyes dağı dayanır elə...

İndi İncəsu qəzasından söz açım sizə, Qara Mustafa Paşa əmanəti olan karvansaradan, camedən, hamamdan danışım bir az... Şeyx Turesan dərgahı, Viranşəşhər Roma Məzarı burda yer alır. Dərəbağ ərazilərinin qayalıq yerlərində daşdan oyulubdu hər binə, hər ev. Engizisyon məhkəmələrindən qaçaq düşən insanlar bu səmtdə ibadət ediblər illər boyunca. 40-dan çox ailə sığınıbmış bu daş sığınacaqlara. Qala məhəlləsi Özvətəndədi. Tarixi yaşadan qəzadı bura. Çan qülləsi onun m.ö. 430-cu ilə qədər uzanan tarixindən söz açır. “Çukur” imiş öncələrdəki adı. Şərəfiyə kənd qalırlaqını, tarixi Zamantı qalasını içinə alıb durub. Burada havalar çox sərin keçər. “Yaylaq” söyləyibən gələrlər bura. Yarış atlarını bəslərlər burda. Ovçuluq edərlər aylar boyunca; kəkliyi, sığırı, dovşanı, ördəyi, balığı bol-bol...

Sarız qəzasının xalısı məşhur, Talasda Atatürk köşkü, Okutan Qonaq evi, Amerika Oğlan kolleci tarixə yoldaşlıq edər. Əsmə Xanım Türbəsi, Rüştiye məktəbi, Panaya kilsəsi (Yeni Cami) Talasdadı. Eləcə də Talaslı Əli dağı, Sarnıçlı Yeraltı şəhəri. Kayserinin 6 km kənarında, Zincirdəpə-Tomarza yolu üzərindədi. Sonra gəlir Quru Körpü, Endürlük kilsəsi xatirələri. Yönü İsbile Sarayı səmtə baxarlar. Göy üzü paraşütlərlə süslənib Derevenk vadisinin. Yeri kilsələrlə, monastrlarla tarixləşib. Tomarza qəzası da elə... İncəli kəndi Türbəsi çəkir könlümü. Dədə-babalarımızın baş geyimi şəklində yapılıb. Kömür köyün batı səmtindəki Qaya Məzarları Tomarza qəzasındadı. Eləcə də Gül Baba Türbəsi.

Yahyalı qəzası isə 1954-cü ilə qədər Dəvəlinin bir bucağı olub. Yəhyaqazi, Seyid Əli türbələrini, Aladağlar Milli Parkını içinə alıb. Yeddi göllər burdadı. Burası Türkiyənin bir nömrəli açıq hava muzeyi sayılmaqdadı. Karbuzbaşı Şəlaləsindən söz açımmı sizlərə; yüksəkliyi 30-70 metr arasında dəyişir. Baxıram, elə bil sular dağlardan atlanan uşaq kimidi, yıxılıb, qayadan asılı qalıb. Yaşıl şəlalə də elə, Dərəbağ şəlaləsi də elə... Quşların cənnətidi Sultan Sazlığı. Yay gölü, Çöl gölü burda, burdadı. Burda quşlar qanadıyla göyü yerə çəkər, yeri göy edər. Qayıqlar üzərlər belədən-belə, Zamantı irmağı boyunca bol-bol... Baxışlar söyləyir: “Sizə yaxşı yol, yaxşı istirahət arzulayırıq...”

Yəhyalıda toxunan xalılar adnan deyilər. Təbriz naxışlaırı sız-sıx görünür; götürüb asasan qəlbin boyunca...

Sonra da seyrinə çıxıb gəzəsən Yaşılhasar qəzasını; Soğanlı vadisi burda, Gözəlöz, Başköy, Keşlik Erdemli kəndlərindəki qaya evlər, yer altı şəşhər qalıqları bu səmtin tarixi sərvətləridi. Ertane, Həmzə Paşa cameləri, Zəngibar qalası, Doğanlı yeraltı qalası burdan boy göstərir tarix üzünə. Keşlik qayançi yaşam yerləri, Erdemli kilsə sarayı Kayserinin 69 km-lik məsafəsindədi.

Kayserinin güneyində yer alıb Erciyesdağı. Yazı da, qışı da qar örtüklüdü. Tam bir turizm mərkəzidir. Buradakı insan sıraları Sibir qışlasına sürgünə yox, könül açan, qəlb isidən xoş bir gəzintiyə götürür yolçularını. Ancaq mənim könlümü dıaha çox Aladağlar milli parkı çəkir; bizim yaylaq yerlərini xatırladır qoyun sürüsüylə, çoban yapıncısıyla. Doyunca gəzib-dolanasan, sonra da dölnüb Beştəpələrdəki möhtəşəm istirahət mərkəzində dincini alasan könül dolusu. Biləsən ki, səni qarşıda Kıranardı kənd ormanına səyahət gözləyir.

“Kəsilən kəllə susar...”

Kayseridə dil əzbəri olan bir bilməcə var. Deyərlər:

Al üstünə al bağlar,

Mor üstünə mor bağlar.

Kəsilən kəllə dinməz,

Kəsən qəssablar ağlar.

Açması soğandı. Çox uyarlı bir yozumdu.

Ancaq mənim gözlərimi yaşardan kəsilən soğanların acı qoxusu yox, daha çox könülə, insnlığa, ruha, milli kimliyə dəvətli olan kos-koca tariximizin əlyetməzliyi, əski zamanlarda qalması, tarixə gömülməsidi. Kayseri muzeylərində qorunan əl sənəti örnəklərinə bu durumda baxa-baxa qaldım; gözləri yaşarmış, qəlbi üşümüş! Bilirəm ki, bu gözəl yadigarların daha önəmliləri itib-batıb, kayb olunub. Kilimlər, xalçalar öz el-obamın ətrini, ruhunu yansıdır elə...

Misgər çəkicləri, mis oymaları, ağac naxışları Basqalı anbaan salır yadıma. Özümü Şəkidə, Gəncədə sanıram hərdən. Bu daş oymacıqlar Təbriz ətirli, bu zərif naxışlar ərdəbillidi...

Bizim bir kinoda belə deyilir...

“Bəyin oğurlanması” filmində görkəmli aktyor Yaşar Nuri özünəməxsis bir şuxluqla “Bir suyumdan iç, çörəyimdəm kəs!” deyib də durur. Zəngin Kayseri mətbəxinin hər bir durumu mənə o səhnəni yaşadır elə... Kasyeri basdırmasının və sucuğunun səsi-sorağı ərzin hər yanını dolaşmaqdadı. Basdırma ata-babalarımızın xoşluqla nuş etdikləri təamdı. Orta Asiyadan Batıya köç edən türk dədələrimiz Anadoluya gəlişi, o cümlədən Kayseridə məskunlaşmağa başladıqları zamanlarda azuqələrini də özləriylə götürmüşlər. Təbii ki, bu uzaq yolçuluğun ən etibarlı azuqəsi basdırma ola bilərdi. Heç təsadüfi deyil Evliya Çələbi 17-ci yüzildə qələmə aldığı “Səyahətnamə” əsərində Kayserinin sığır basdırmasının dadından-təamından ağız ləzzəti ilə bəhs etmişdir.

Sirri barmaq uclarında olan mantı adıyla tanınan yeməyin də ana vətəni Kayseridi. Ta qədimlərdən oğlu üçün qız seçən, gəlin bəyənən türk anaları öncə elçi düşəcəkləri qızın namtı yapmalarına göz yetirərlərmiş. Ərik, üzüm, gilas, alça, tut, ceviz bişirmələri, mürəbbələri, tənıdir çörəkləri Kayseri süfrələrindən heç əksik olmz...

Kayserilər əlverişsiz şəraitdə böyük işlərin görülə bilməyəcəyi həqiqətini “quru ağacdan boru çıxmaz” – deyə bəyan ediblər.

“Böyük işlər yapmaq üçün hər cür özəlliyə malikdi” deyirəm Kayseri. Elə Kayseri Valisi dəyərli insan və aydın Orhan Düzgünlə olan söhbətlərimizin ana xəttini də bu mətləb təşkil edirdi; Əlaqələrimizi möhkəmlətmək, milli dəyərlərimizi yaşatmaq, bir araya gəlmək, tarixi qardaşlıq haqqımızı qorumaq, inkişaf etdirmək!..

“Can Azərbaycan – Can Türkiyə” birliyimizə sadiq yaşayaq!

Amin!!

Amin!!!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm