• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Yeni rektor mənə yaxşı şərait yaradıb” – MÜSAHİBƏ (FOTOLAR)

“Yeni rektor  mənə yaxşı şərait yaradıb” – MÜSAHİBƏ (FOTOLAR)

Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyevin Publika.az-a müsahibəsi:

- Dünyanın bir çox ölkəsindən olan alimlər və elm adamları Bakıda keçirilən dördüncü Beynəlxalq Humanitar Forumuna toplaşıb. Yəqin ki, bunun Azərbaycan elminə də hər hansı töhfəsi olacaq...

- Bu forumun əhəmiyyəti olduqca böyükdür. Əvvəla, xatırladım ki, artıq dördüncü ildir ki, Bakıda Beynəlxalq Humanitar Forum keçirilir. Dünyanın ən görkəmli alimləri, dövlət adamları, eks-prezidentlər və digər insanlar burada iştirak edirlər, müxtəlif sahələrdə fikir mübadiləsi aparılır.

Ümumiyyətlə, dünyanı narahat edən əsas məsələlər bu forumlarda müzakirə olunur.

Bu forumun Azərbaycan üçün əhəmiyyəti odur ki, tədbir Bakıda keçirilir və ölkəmizi yaxından tanıyırlar. Azərbaycan da öz intelektual potensialını ortaya qoyur, Azərbaycanda aparılan tədqiqatların yekunları barədə məlumatlar verilir, şəxsi tanışlıqlar yaranır və nəticə etibarı ilə Azərbaycan elmi tanınır. Bütün bunlar isə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası üçün yaxşı şərait yaradır.

-“Elm haqqında” qanun layihəsi uzun illərdir ki, Milli Məclisin sessiyalarında qaldırılır və müzakirə olunur. Amma hələ də qəbul olunmur. Buna səbəb nədir?

- Bilirsiniz, “Elm haqqında” qanun layihəsi, belə demək mümkünsə, çox ağır bir sənəddir. Məsələn, “Təhsil haqqında” qanun qədər çətindir. Bəlkə də, ondan da ağırdır. Yəni, “Elm haqqında” qanun layihəsi yazılması çətin olan, çox əhatəli və ciddi məsələləri özündə ehtiva edən bir sənəddir. Ona görə də bu qanun layihəsinin bu qədər uzun müddət ərzində uzanmasını da təbii qəbul etmək lazımdır.

Ümumiyyətlə, istənilən qanun elə tərtib olunmalıdır ki, o, bu gün elmin inkişafı üçün zəruri və normativ hüquqi baza yaratsın.

Digər tərəfdən isə, bizim qəbul edəcəyimiz “Elm haqqında” qanun Azərbaycan elminin dünya elm məkanına daxil olması üçün, hər bir elm subyekti, elmi müəssisə və təşkilatlar üçün yaxşı şərait və bərabər hüquqlar yaratsın. Burada əsas məqsəd də bundan ibarətdir.

Biz istəyirik ki, Azərbaycanda elmi fəaliyyətin həvəsləndirilməsi üçün real imkanlar və stimul yaransın.

Elmi kadrların hazırlanmasında yeni və dünyada qəbul olunmuş bir sistem yaradılsın. Yəni, bütün mənalarda biz qanunvericilik işi ilə məşğul oluruq.

Bəzən görürsən ki, elmdə mövcud olan problemlər qanunvericiliklə qarışıq salınır. Bunu qarışıq salmaq olmaz.

“Elm haqqında” qanun layihəsinin qəbulunda da heç bir əngəllər yaradılmır. Sadəcə olaraq, qanunun qəbulu üçün onun maliyyə ekspertizası keçirilməlidir. İstənilən qanun layihəsinin qəbulu belədir. Maliyyə ekspertizasının keçməsi prosesində isə bəzi fikir ayrılıqları yarana bilər. Bu da tamamilə təbiidir. Çünki hər hansı bir maddənin reallaşması üçün onun maliyyə mənbəyi göstərilməlidir. Bu baxımdan da bizim fikir mübadilələrimiz olub.

Hesab edirəm ki, bu qanunun o qədər də böyük maliyyə tutumu yoxdur. Yəni, bu gün Azərbaycan çox sürətlə inkişaf edir və davamlı inkişafımız təmin olunub. Ona görə də bu qanunda ayrı-ayrı maddələrin reallaşması üçün nəzərdə tutulan vəsait o qədər də çox deyil.

- Son vaxtlar sizin rəhbəri olduğunuz Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər kafedrasının universitetin əsas korpusundan çıxarılaraq, “Gənclik Korpusu” adlanan yerə köçürülməsi barədə məlumatlar yayılıb. Təbii ki, bu məlumatlar cəmiyyətdə birmənalı qarşılanmadı, hətta baş verənlər sizə qarşı atılan addım kimi qiymətləndirildi. Buna münasibətiniz necədir?

- Belə şeylərə fikir vemək lazım deyil. Mənim haqqımda çox yazılar yazılır. Amma həqiqətdə bu, qətiyyən belə deyil.

Mən 1989-cu ildən bəri Dövlət İqtisad Universitetində kafedra müdiri işləyirəm və bu gün də burada elmi və pedoqoji fəaliyyətimi davam etdirirəm.

Rektorluqdan azad olunmaq barədə Sərəncamı da çox normal qəbul etmişəm. Hətta bu, mənim yükümü bir qədər azaldıb. İndi daha çox qanunvericiliklə məşğul ola bilirəm.

Universitetdəki otağım Gənclikdə yerləşir, orada otururam. Şəraitim də çox gözəldir, heç bir narazılığım yoxdur. Burada yeni rektor mənə yaxşı şərait yaradıb. Rektorla da münasibətim çox yaxşıdır. Mən onu çoxdan bəri tanıyıram.

Vasif Həsənli

Fotolar Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR