İçimizdəki heyvan sevgisi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İçimizdəki heyvan sevgisi - FOTOLAR

Sosial şəbəkədə bir paylaşıma rast gəldim, daha doğrusu, şəkillər diqqətimi cəlb etdi. Şəkildə ayağı sınmış, balaca bir at var idi. Qan işərisində olan bu atı Bakı-Şamaxı şossesində, Qobustan ərazisində, Ceyrankeçməz körpüsünün yanında maşın vurub qaçıb və heyvan iki gündür ki, ağrılar içərisində qovrulur. At üçün könüllü baytarlar və ya heyvan mühafizə təşkilatlarından yardım istənilirdi. Kimsə köməksiz yaralının qabağına alma da atmışdı. Amma at, yəqin ki, alma hayında deyildi…

Son vaxtlar belə hallara tez-tez rast gəlirik. Amma sosial şəbəkələrdə əhali daha aktiv olduğundan bu tip hadisələr də geniş işıqlandırılır və sürətlə yayılır. Digər bir fakt, ötən ay Bakı şəhərində insanlığa yaraşmayan vəhşilik edilmişdi. Sosial şəbəkədə geniş əks-səda doğuran hadisə bir oğlanın iti amansız işgəncələrlə öldürərək fotosunu “facebook” da paylaşması idi. Hələ ən dəhşətlisi o idi ki, qoca Doggieni veterinara aparan heyvansevərləri inandıraraq saxlamaq məqsədilə alan həmin şəxs iti öldürdükdən sonra şəkillərini çəkib könüllülərə göndərib və belə yazıb: "Zor eləmişəm, gedin nə istəyirsiniz eləyin”.

Dünyanın əksər ölkələrində evdə heyvan saxlamaq normal qəbul olunur. Hətta elə ölkələr və elə ailələr olur ki, onlar evdə saxladıqları heyvanlara insan münasibəti göstərib övlad kimi yaxınlaşırlar. Araşdırmaya görə, bütün dünyada ev heyvanları içərisində ən çox saxlanan itlərdir. İkinci yerdə pişiklər, daha sonra balıqlar, müxtəlif quşlar, meymun, tısbağa, dovşan, kirpi və s. gəlir.

Lakin bununla belə, daha bir ürəkağrıdan statistika da var. Hər il dünyada ildə 75 milyon, yəni saniyədə bir heyvan qətlə yetirilir. Bundan başqa, ildə 2 milyondan çox heyvan saat, kəmər, pulqabı tikilmək üçün öldürülür. Çində hər il 10 milyon it və pişik isə digər geyim aksessuarı olaraq istifadə edilir. Həm də problem heç də təkcə ev heyvanlarıyla bağlı deyil. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) “Canlı planet” adlı məruzəsində göstərilir ki, son 40 il ərzində vəhşi heyvanların sayı 2 dəfə azalıb. Canlı planet indeksi məməlilərin, quşların, sürünənlərin, suda-quruda yaşayanların və balıqların 10 mindən çox nümayəndəsinin sayını əks etdirir. 1970-ci ildən 2010-cu ilə qədər o, 52 faiz - iki dəfədən çox azalıb. Daha çox - 76 faiz şirin sularda yaşayan növlərin sayı azalıb. Bu, su (39 faiz) və qurudakı (39 faiz) növlər üçün azalmanın tempini əhəmiyyətli dərəcədə ötür. Dünya regionlarında ən pis vəziyyət Cənubi Amerikada yaranıb. Orada azalma 83 faiz təşkil edir. Onun ardınca azacıq fərqlə (67 faiz) Asiya-Sakit okean regionu gəlir.

Heyvanlara işgəncə verilməsi faktları göstərir ki, hər hansı canlını belə işgəncələrlə öldürən şəxslər arxayındırlar ki, onsuz da əməlləri cavabsız qalacaq, heç kim onları həbs edə bilməyəcək. Ən yaxşı halda cərimə ilə vəziyyətdən qurtarmaq mümkündür.

Cərimələrədən söz düşmüşkən, Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr İnzibati Xətalar Məcəlləsi ilə cəzalandırılır. Məcəlləyə edilən dəyişikliyə görə, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə 500 manatadək artırılıb. Əvvəl bu cərimələr 20-45 manat miqdarında idi.

Digər dəyişikliyə görə, yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə görə isə 200 manat miqdarında cərimə nəzərdə tutulur. Həmçinin ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlərlə cərrahi əməliyyatların, yəni qulaqlarının kəsilməsi, səsin azaldılması (devokalizasiya), dırnaq və dişlərinin çıxarılmasına görə də tətbiq olunacaq.

Bütün bunların olması sevindirici hal olsa da, heyvansevərlər bu cərimələrlə heç də heyvanlara qarşı işgəncə hallarınnı azalacağını düşünmürlər.

“Canlı Aləmin Mühafizəsi Alyansı” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadənin Publika.az-a verdiyi məlumata görə, heyvanlara işgəncə verənlərə qarşı cərimə metodu heç nəyi həll eləmir: “Elə heyvanlar da insanlar qədər vacibdir. Cinayətin baş verməsini gözləyib sonra onu aradan qaldırmaq lazım deyil. Bu məsələyə ən düzgün yanaşma kompleks tədbirlər planının olmasıdır. Məktəblərdə, uşaq bağçalarında, ümumiyyətlə, hər yerdə maarifləndirilməyə ehtiyac var. Necə insanları təmizliyə riayət etməyə, zibilləməməyə çağırırıqsa, eləcə də, heyvanlara qayğı ilə yanaşmağa çağırış etməliyik”.

M. Rəsulzadə hesab edir ki, Azərbaycanda həm heyvan hüquqları, həm də heyvansevərlərin hüquqları qorunmur. Bu sahədə problemlərlə bağlı bütün müraciətlərə laqeydliklə yanaşılır. Birlik sədrinin sözlərinə görə, heyvanlar üçün şərait yaradılması üçün bütün instansiyalara müraciət etsə də, ortada heç bir şey yoxdur.

Sahibsiz heyvanların güllələnməsinə gəlincə, birlik sədri bildirdi ki, heyvanların gülllənməsi yolverilməzdir: “Hansı sivil cəmiyyət problem öldürməklə həll edir? Bu heyvan bu torpaqda doğulub, yəni bu torpağın canlı aləmidir. Necə ağacı qoruyuruqsa, heyvanları da elə qorumalıyıq. Mediya bunları hər gün gündəmdə saxlamalıdır. Belə hadisələr hər gün olur”.

Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayevin sözlərinə görə, bəzən heyvanları vəhşi təbiətdən ayıraraq əyləncə məqsədilə şəxsi restoran və kafelərdə qəfəslərdə saxlayaraq işgəncə verirlər. 2007-ci ildə heyvanların mühafizəsi ilə bağlı xüsusi fərman imzalansa da, hələ də heyvanlara qarşı qanun pozuntusu davam edir.

A.Qarayevin fikrincə, problemin kökündə dayanan məsələ bu sahədə qanunvericilikdə boşluqların olması deyil, sadəcə olaraq, bu qanunların işləməməsidir:

“Təəssüflər olsun ki, bu sahədə qanunlar qəbul edilsə də, onlar kifayət qədər yaxşı işləmir. Bu da dövlət strukturları arasında əməkdaşlığın, koordinasiyanın lazımi səviyyədə olmadığını göstərir”. Problemdən çıxış yolu kimi isə A.Qarayev aidiyyəti dövlət qurumlarının və QHT-lərin birgə fəaliyyət göstərmələrini, bu sahədə xarici ölkələrin, əsasən də Türkiyə və Avropa ölkələrinin təcrübəsindən yararlanmağı təklif edir.Bundan başqa o, yerli ixtisaslı kadrların hazırlanması üçün Bakıda baytarlıq institutunun fəaliyyətə başlamasına ehtiyac olduğunu da diqqətə çatdırıb:

“Hazırda Azərbaycanda cəmi bir baytarlıq məktəbi var ki, o da Şəkidə yerləşir. Bu fakültənin Bakıda olmaması məhz bu sahə üçün böyük bir problem yaradır. Biz Bakıda yalnız 7-8 baytara rast gələ bilərik. Yeganə olaraq isə bir Dövlət Baytar Klinikasına rast gələ bilərik. Yəni, maddi-texniki vəziyyət çox acınacaqlıdır. Buna görə də Bakıda baytarlıq fakültəsi həm institut səviyyəsində, həm də texniki peşə təhsili səviyyəsində fəaliyyət göstərməlidir. Bununla da bu problemin həllinə ümid bəsləmək olar”.

Psixoloq Elnur Rüstəmovun Publika.az-a verdiyi məlumata görə, bizdə heyvanlara münasibət bərbaddır. Psixoloqun sözlərinə görə, biz küçədə heyvan görürüksə, adətən, instinkt belədir ki, həmin heyvandan bizə xəstəlik keçəcəyini düşünürük, elə bilirik ki, ondan bizə xətər gələcək, zərər toxunacaq. Əslində, heyvanlara münasibət hər bir insanın öz içində olan humanizmin ifadəsidir: “Təəssüf ki, bizdə insanlar məhəllədə sahibsiz it görəndə onu harasa təhvil vermək yox, onu necə öldürmək barədə fikirləşirlər. Necə edək ki, bizə təhlükə yaratmasın. Bundan da ən böyük zərər həmin məhəllədə olan balaca uşaqlara dəyir”.

Psixoloq hesab edir ki, hər bir ailə birinci növbədə uşaqlarında heyvanlara qarşı mərhəmət yaratmalıdır. Çünki mərhəmət hissi heyvana qarşı varsa, insana qarşı da olacaq. Heyvanların əksəriyyəti insanlara qarşı mərhəmətli olurlar.

E. Rüstəmovun sözlərinə görə, cəmiyətdə bu neqativ halları yaradan insanların psixoloji problemləri var. Belə insanlar assosial, bir çox hallarda psixopat olurlar. Onların qarşısında o zaman insan da olsa, ona qarşı da həmin qəddarlığı edəcək. Fərdin psixologiyası o qədər pozulur ki, o, aqressiyanı heyvana köçürür. Heyvana köçürülən o aqressiya bir gün insana qarşı çevrilə bilər. Yəni bu gün heyvanı amansızlıqla öldürən sabah insanı da öldürə bilər. Psixoloq hesab edir ki, cəmiyyət tərəfindən belələrinə qarşı ictimai qınaq, təpki olmalıdır.

Bu sahədə qanunvericiliyə gəlincə, Heydər Əliyevin 1999-cu il 4 iyun tarixli sərəncamı ilə qəbul olunmuş “Heyvanlar aləmi haqqında” qanun xüsusi əhəmiyyət kəsb edir. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında” qanunlarda, eləcə də Ətraf Mühitin Mühafizəsi üzrə Milli Fəaliyyət Planı və “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqramda (Milli Strategiya və Fəaliyyət Planı) da heyvanların mühafizəsi ilə bağlı bir çox müddəalar öz əksini tapıb.

Bundan başqa bioloji müxtəlifliyin qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədi ilə ölkəmiz BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasına, “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Avropa Konvensiyasına, “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya qoşulub.

Milli Məclisin Sosial siyasət kamitəsinin sədr müavini Musa Quliyevin Publika.az-a verdiyi məlumata görə, bu sahədə əlavə qanunun qəbul edilməsinə ehtiyac yoxdur. Artıq Parlamentdə müzakirələr aparılıb və heyvanlara işgəncə verənlərə qarşı cərimələr artırılıb.

Yeri gəlmişkən, bu gün Ümumdünya Heyvanların Mühafizəsi günüdür. İlk dəfə olaraq 1983-cü ildə fermalarda və sallaqxanalarda öldürülən milyonlarla heyvanın iztirabını insanların nəzərinə çatdırmaq üçün Ümumdünya Heyvanların Mühafizəsi günü” kimi təqvimə daxil edilib. Heç olmasa, ildə bir gün heyvanların da bizim kimi canlı olduğunu düşünək.

Yadıma haradasa gördüyüm bir sosial reklam düşdü: Bütün canlılar ağrını eyni hiss edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm