• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Əməyin mühafizəsi ilə bağlı strategiya hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib

Əməyin mühafizəsi ilə bağlı strategiya hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) İş yerində təhlükəsizlik və sağlamlıq üzrə Agentliyinin ekspertləri ilə görüş olub.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Həmkarlar Təşkilatları İttifaqının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri də iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev vətəndaşların əmək hüquqlarının təminatının, o cümlədən onların əməyinin mühafizəsinin daim prezident İlham Əliyevin diqqətində dayanan məsələlərdən olduğunu vurğulayıb. Nazir müavini əməyin mühafizəsi sahəsində ölkəmizin milli qanunvericilik bazası haqqında məlumat verib. Azərbaycanın əməyin mühafizəsi ilə bağlı Beynəlxalq Əmək Təşkilatının (BƏT) müvafiq konvensiyalarına qoşulduğunu qeyd edən İ.İsayev bildirib ki, bu sənədlərdən irəli gələn prinsiplər Azərbaycan Respublikasının Əmək Məcəlləsində əksini tapıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin daim təkmilləşdiyini qeyd edən İ.İsayev bildirib ki, həmçinin ölkədə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə 1000-dən çox qaydalar, əsasnamələr, təlimatlar, dövlət standartları hazırlanıb və qüvvəyə minib. Görülən işlər nəticəsində əməyin mühafizəsini xarakterizə edən statistik göstəricilər tədricən yaxşılaşır.

İ.İsayev son vaxtlarda “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya” hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunduğunu da diqqətə çatdırıb. O bildirib ki, Strategiyada əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramının qəbul edilməsi, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, Dövlət Əməyin Mühafizəsi Fondunun, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması, iş yerlərində təhlükəsizlik və sağlamlıq üzrə Avropa standartlarının qəbul edilməsi və s. nəzərdə tutulur.

Aİ-nin İş yerində təhlükəsizlik və sağlamlıq üzrə Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Tim Tragenza təmsil etdiyi agentliyin əsas məqsədinin peşə sağlamlığı və təhlükəsizliyi məsələlərinə dair təbliğat xarakterli kampaniyaların keçirilməsi, Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəfdaş ölkələrlə əməyin mühafizəsi sahəsində bilik və təcrübə mübadilələrinin aparılmasının təşkil edilməsi olduğunu qeyd edib. O, bildirib ki, cari ilin fevralından bu sahədə yeni layihəyə start verilib. Layihə tərəfdaş ölkələr arasında qeyd olunan sahədə təcrübə mübadilələrinin aparılmasına, qarşılıqlı yardımlaşmaya, əməyin mühafizəsi üzrə qabaqlayıcı tədbirlərin hazırlanmasına öz töhfəsini verəcək.

Görüşdən sonra avropalı ekspertlər və nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri, habelə sosial tərəfdaşların iştirakı ilə müvafiq mövzuda müzakirələrə başlanılıb.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR