Tarixi qədim, özü müasir Qəbələ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Tarixi qədim, özü müasir Qəbələ - FOTOLAR

Son illərin iqtisadi inkişafı bu rayonu, Qafqaz Albaniyası dövründə olduğu kimi, mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən birinə çevirməkdədir.

Qəbələ Azərbaycanın qədim şəhərlərindəndir. Vaxtilə Qafqaz Albaniyasının paytaxtı rolunu oynayan Qəbələ dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərləri ilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olub. Lakin XVIII əsrin ortalarında əhali öz əvvəlki əzəmət və əhəmiyyətini itirmiş bu şəhərdən tədricən köçməyə başlayıb. Bu vaxt Qəbələ ərazisində kiçik feodal dövləti olan Qutqaşen sultanlığı yaradılıb ki, sonralar bu sultanlıq mahal kimi Şəki xanlığının tərkibinə daxil olub və Şəki xanlarının təyin etdiyi naiblər tərəfindən idarə edilib. Şəki xanlığının süqutundan sonra isə Qutqaşen mahal kimi Şəki qəzasının tərkibinə daxil olub. 1930-cu ildə isə Azərbaycan Sovet Sosialist Respublkiasının inzibati rayonlarından birinə çevrilib. SSRİ-nin süqut etməsi, xalqlar həbsxanasındakı respublikaların müstəqilliyə qovuşmasından sonra bu rayonun qədim adı bərpa edilərək Qəbələ adlandırılıb.

Yeni müəssisələr, yeni iş yerləri

Hər şeydən öncə qeyd edək ki, ulu öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən regional inkişaf üzrə dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkənin bütün bölgələri ilə yanaşı Qəbələ rayonunun inkişafında da vacib rol oynayıb. Respublikanın digər bölgələri kimi, Qəbələdə də ötən illər ərzində iqtisadi və sosial-mədəni həyatda nəzərəçarpacaq müvəffəqiyyətlər əldə edilib, iqtisadiyyatın bütün sahələrində istehsalın həcmi artıb, yeni təsərrüfat və sosial-mədəni obyektlər istifadəyə verilib. Bu da rayonda yeni iş yerlərinin açılmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına müsbət təsir edib. Söylənilənləri rəqəmlərlə ifadə etsək, 2003-cü ilin oktyabr ayının 1-dən 2014-cü il iyul ayının 1-dək Qəbələdə 12 min 245 yeni iş yeri açılıb ki, onun da 10 min 197-si daimi iş yerləri olub. Yeni açılmış iş yerlərinin 1807-ni yeni açılmış müəssisə və təşkilatlarda, 453-ü mövcud müəssisə və təşkilatlarda, 579-u fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda olub. 7358 iş yeri isə fərdi sahibkarlığın nəticəsində yaradılıb. Bundan başqa müvəqqəti və mövsümü işləri yerinə yetirmək üçün 2048 yeni iş yeri açılıb.

Qəbələ Konserv Zavodu

Təbii ki, rayonun inkişafında, yeni iş yerlərinin açılmasında, yerli əhalinin social rifahının yaxşılaşmasında son illər Qəbələdə istifadəyə verilən sənaye müəssisələrinin də mühüm rolu var. Belə sənaye müəssisələri arasında Qəbələ Konserv Zavodunun adı xüsusi qeyd edilməlidir. Bu gün böyükdən-kiçiyə hamının yaxşı tanıdığı “Jalə”, “Zolotoy sad”, “Bağdan”, “Aycan” şirələri, müxtəlif tamlara malik “İce tea - Jalə” soyuq çayları, həmçinin meyvə dilimlərindən ibarət konservlər məhz burada - Qəbələ Konserv Zavodunda istehsal edilir. Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan zavod hələ çox gənc olmasına baxmayaraq, artıq dünya standartlarına cavab verən dadlı-ləzzətli məhsulları ilə Azərbaycan bazarında liderliyi ələ alıb. 13 hektarlıq ərazidə yerləşən, ildə 700 min ton meyvə emal etmək və 210 min ton meyvə şirəsi istehsal etmək gücünə malik olan Qəbələ Konserv Zavodu, Avropa istehsalçılarının ən müasir avadanlıqları ilə təchiz edilib. İtaliyadan, Türkiyədən, Rusiyadan dəvət edilən mütəxəssislər bu avadanlığın istismarında, eləcə də yerli ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak ediblər.

Beynəlxalq keyfiyyət sertifikatlarına malik olan məhsullar

Hazırda zavodun istehsal etdiyi təbii meyvə şirələri, eləcə də meyvə şirələri istehsalı üçün əsas xammal olan konsentrat və pürelər yalnız Azərbaycan məkanında deyil, həmçinin Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Baltikyanı respublikalarda, hətta Amerika və Avropa dövlətlərində satılır. Bütün beynəlxalq keyfiyyət sertifikatlarına malik olan məhsulların istehsalında başlıca prınsiplərdən biri də məhz bərəkətli Azərbaycan torpağında yetişən yerli xammaldan istifadədir. Bu məqsədlə, Qəbələ Konserv Zavodu yerli fermerlərin köməyi ilə ölkənin bütün regionlarından meyvə və tərəvəz məhsulları tədarük edir. On minlərlə sakin zavodun sifariş verdiyi meyvə və tərəvəzin becərilməsi ilə məşğul olur ki, bu da respublikada kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir.

Gilan Qida Şəhərciyi

Qəbələ rayonunda “Gilan Qida Şəhərciyi”nin mövcudluğu da ölkədə sənayenin inkişafına daha bir töhfədir. Belə ki, şəhərcikdə müxtəlif zavodların yaradılması rəqabətə davamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına müsbət təsir göstərir. Belə layihələrin reallaşması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlət başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir. Cari ildə “Gilan Qida Şəhərciyi”ndə daha iki yeni emal müəssisəsi inşa olunub. Yeni müəssisələrin ümumi tikinti sahəsi 120 min kvadratmetrdir. Kartof emalı müəssisəsində iki istehsal xətti quraşdırılıb. Burada yarımfabrikat dondurulmuş kartof və kartof çipsi istehsal olunur. Yarımfabrikat dondurulmuş kartof istehsalı xəttinin istehsal gücü saatda 3 ton hazır məhsul təşkil edir. Çips istehsalı xəttinin istehsal gücü isə saatda bir ton hazır məhsuldur. Hər iki istehsal xətti tam avtomatlaşdırılmış sistem üzrə çalışır. Burada xammal 6 min kvadratmetr sahəyə malik ilkin soyuducu anbara yerləşdirilir.

Xarici ölkələrə ixrac

Müəssisədə keyfiyyətə nəzarət laboratoriyaları da var. İstehsala göndərilmədən əvvəl məhsulun fiziki-kimyəvi göstəriciləri burada yoxlanılır. Müəssisədə üç istehsal xəttində 9 növ qablaşdırmada 48 çeşiddə məhsul istehsal olunur. Burada saatda 10 min litr hazır məhsul istehsalı gücünə malik isti dolum sistemi vasitəsilə plastik qablaşdırmada meyvə lətli içkilər və soyuq çay istehsal edilir. Digər xətt saatda 36 min litr hazır limonad və digər qazlı sərinləşdirici içkilər, qazlı və qazsız su istehsalını həyata keçirir. Saatda 5 min litr hazır məhsul istehsal gücünə malik xətdə isə qazlı və qazsız su, qazlı sərinləşdirici içkilərin istehsalı gedir. Müəssisədə qablaşdırma mərhələsindən öncə müəyyən reseptlər əsasında hazırlanmış tərkiblər laboratoriyada yoxlanılır və təsdiqdən sonra istehsala göndərilir. Bütün istehsal prosesinin tam avtomatlaşdırıldığı müəssisənin məhsulları daxili tələbatı ödəməklə yanaşı, bir çox xarici ölkələrə də ixrac edilir.

Qəbələ su-limonad istehsalı zavodu

İllik istehsal gücü 50 milyon litr olan “Qəbələ su-limonad istehsalı zavodu” da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsinin bəhrəsidir. Rayon iqtisadiyyatında əhəmiyyətli yer tutan müəssisədə dünya standartlarına cavab verən avadanlıq İtaliyanın “Podovan” şirkəti tərəfindən quraşdırılıb. İstehsal prosesi tam avtomatlaşdırılan zavodun iş prinsipi xammalın qəbulundan başlayaraq qablaşdırılmaya qədər mövcud olan bütün prosesləri əhatə edir. Zavodda beş çeşiddə məhsul – kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanaraq müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır. Yerli və xarici bazarın tələblərinə cavab verən bu məhsulların nümunələri bir çox ölkələrin nümayəndələri tərəfindən laborator analizdən keçirilərək yüksək qiymət alıb. Müəssisədə istehsal olunan məhsullar Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikaların, Amerika qitəsi dövlətlərinin bazarlarına çıxarılır.

Çörək və şirniyyat istehsalı müəssisəsi

Qəbələ çörək və şirniyyat istehsalı müəssisəsi isə 1203,5 kvadratmetr sahəni əhatə edir. İstehsal gücü günlük 20 ton olan müəssisədə müxtəlif çeşidlərdə dairəvi çörək, kərpic çörək, qara çörək, sac çörəyi və yuxa istehsal olunur. İstehsal müəssisəsi Almaniya, İtaliya, Türkiyə və Rusiya dövlətlərinin istehsalı olan tunel tipli çörəkbişirmə xətti, mikserlər, xəmirkəsmə və dartma avadanlığı, həmçinin digər köməkçi avadanlıqlarla təchiz edilib. Müəssisədə yüksək keyfiyyətli şirniyyat məhsuları da istehsal olunur. Bunlardan şorqoğal, şəkərbura, paxlava, badambura, keks, bulkalar və sairi misal göstərmək olar.

Süd Emalı Zavodu

Regionlarda yaşayan əhalinin işlə təmin edilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə Qəbələ rayonunda inşa edilən müəssisələrdən biri də Süd Emalı Zavodudur. Süd zavodunda pendir, kərə yağı, ayran, kəsmik və digər süd məhsulları istehsal olunur. Zavod günlük 10 ton süd istehsalı gücünə malikdir. Müəssisənin xammal tələbatını ödəmək məqsədi ilə heyvandarlıq sahəsi də yaradılıb. Süd emalı zavodlarında Avropa standartlarına cavab verən, Türkiyədə istehsal olunmuş avadanlıqlar quraşdırılıb. Hazırda zavodda “Jalə” adı altında süd və süd məhsulları istehsal olunur.

“Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Qəbələnin Vəndam qəsəbəsində isə “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi formalaşıb. İyirmi hektar ərazidə inşa olunan kompleks iki inək və iki buzov fermalarından və doğuş zalından ibarətdir. Bu layihənin də inşasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 milyon manat güzəştli kredit verilib. Kompleks Almaniyanın məşhur “Delovan”, “Qruber”, “Vestvalya”, “Dea” şirkətləri ilə sıx əməkdaşlıq şəraitində yaradılıb. Sağım sexi dünyanın ən mütərəqqi “Karusel” tipli avadanlığı, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilib. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Kompleks üçün ilkin olaraq Almaniyadan 620 baş “Simmental” cinsindən olan südlük-ətlik istiqamətli cins düyələr alınıb. Ardınca isə əlavə 160 baş heyvanın gətirilməsi təmin edilib. Gətirilən heyvanlar yerli iqlimə uyğunlaşdığından orta hesabla ildə 5000-6000 litr yüksək yağlılıq göstəricilərinə malik süd verirlər. Kompleksin yemlə təmin edilməsi məqsədi ilə rayonda 1554 hektar ərazisi olan yem təsərrüfatı da yaradılıb. Müəssisənin xüsusi yem sexi və 5 silos quyusu var. Bundan başqa, 200 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb. Görülən işlər hesabına kompleksin yem təchizatı tam təmin olunub. Əlavə olaraq 20 hektar alma bağı salınıb. Əkin-biçin işlərinin aparılması və əkin sahələrinə aqrotexniki qulluq göstərilməsi məqsədi ilə Avropanın lider şirkətlərindən 88 maşın və texnika alınıb. Həmin texnika 4 qarajdan ibarət avtoparkda saxlanılır. Prezident İlham Əliyevin heyvandarlığın inkişafının təmin edilməsi ilə bağlı verdiyi tapşırıqların icrası nəticəsində 2015-ci ilədək kompleksdəki inəklərin sayı 2400-ə, heyvanların ümumi sayı isə 4800-ə çatdırılacaq. Beləliklə, bu kompleks Avropanın ən nəhəng heyvandarlıq müəssisələrindən biri olacaq.


Heyvandarlıq-Südçülük Kompleksi

Əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edən müəssisələrdən biri də Qəbələ Heyvandarlıq-Südçülük Kompleksidir. Müəssisənin ümumi dəyəri 12,9 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. İSN SKMF tərəfindən kompleksin inşasına 3 milyon manat güzəştli kredit ayrılıb. Kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. Müəssisə ABŞ-ın “BouMatic” şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inək tutumlu “Paralel” tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilib. Hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 500 baş “Holstein Friesian” cinsindən olan inək gətirilib.

Hazırda sağmal heyvanların sayı 700-ə çatdırılıb, onlardan bala alınıb. Gələcəkdə kompleksdə sağmal inəklərin sayının min başa çatdırılması nəzərdə tutulub. Hər inəkdən bir ildə 8 min 500 litr, ümumi fermada isə gündəlik təqribən 15 ton süd sağılır. İstehsal olunan süd Qəbələ süd emalı zavoduna göndərilir. Burada “Jalə” brendi ilə ağartı məhsulları istehsal olunur. Kompleks üçün Qəbələ rayonu ərazisində mövcud əkin sahələri hesabına yem təsərrüfatı yaradılıb. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunub. Bunun nəticəsində müəssisənin yemə olan tələbatı tam ödənilir.

“Aspi Winery” üzüm emalı zavodu

Qaradeyn kəndi ərazisində “Aspi-Aqro” MMC-nin “Aspi Winery” üzüm emalı zavodunun fəaliyyətə başlaması da Qəbələ rayonunda sahibkarlığın inkişafına dövlət dəstəyinin əyani ifadəsidir. Zavodun təsisçisi olan “Aspi Agro” MMC-nin əsas məqsədi respublikada geniş yayılmış və qədim tarixə malik şərabçılıq sahəsinin əvvəlki şöhrətinin bərpa edilməsi, Azərbaycan süfrəsinin dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm növləri və şərab çeşidləri ilə təmin olunmasıdır. Müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir. “Aspi-Aqro” MMC üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın “VİVA Cooperative Rausedo” VCR və Fransanın “Gontard Freres” şirkətləri ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə - Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salıb. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. İllik istehsal gücü 1000 ton olan “Aspi Winery” üzüm emalı müəssisəsi İtaliyanın ən məşhur şirkətlərinin avadanlığı ilə təchiz olunub. Hazırda burada “Chardonnary” ,”Viognier”, ”Syrah”, “Cabernet-Merlot”, “Limited- Release”, “Merlo-Desert”, “Reasling” kimi məhsullar istehsal olunur. Şərablar bütün müəyyən olunmuş normalara riayət edilməklə zirzəmidə palıd çəlləklərdə saxlanılır ki, bu da ona əlavə ətir verir. İstehsal olunan şərab məhsulları Rusiya, Ukrayna, İtaliya, İsveç kimi ölkələrə ixrac edilir.

Fındıq Emalı Zavodu

Qəbələ Fındıq Emalı Zavodu da tam müasir texnoloji avadanlıqlarla təchiz olunmuş və dünya-avropa standartlarına uyğun olan müəssisədir. Zavod üçün fındıq əsasən əhalidən tədarük olunur. Müəssisədə qəbul məntəqəsi və mexaniki təmizləmə, qurutma, qabıqlı fındığın ələnməsi, iki sındırma və dörd ləpəni qabıqdan təmizləmə qurğusundan ibarət sındırma, ləpənin ələnməsi, dörd lentalı seçim, qablaşdırma sahələri, həmçinin hazır məhsul anbarı var. Müəssisənin emal etdiyi hazır məhsul 1 tonluq, xüsusi fındıq ləpəsi üçün toxunulmuş 30 kiloqramlıq polipropilen, 80 kiloqramlıq parça kisələrə və 25 kq-lıq polietilen vakuum paketlərə (vakuum paketlər karton qutulara qoyulur) qablaşdırılır. Emal olunmuş məhsullar əsasən, Almaniya, İtaliya, İspaniya və digər Avropa ölkələrinə, həmçinin Rusiya və Ukraynaya ixrac edilir.

“Beltmann” Piano Fabriki

“Beltmann” Piano Fabriki də qəbələlilərin fərəhlə adını çəkdiyi yerli müəsisələrdəndir. Qeyd edək ki, 1901-ci ildə Yohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu “Beltmann” piano fabrikini 1983-cü ildə nəticəsi Hans Lefernik Almaniyaya köçürüb və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərib. 2008-ci ilin fevralında yeni “Beltmann” piano fabrikinin yaradılması ideyası yaranıb və həmin ilin oktyabrında Qəbələdə müəssisənin inşasına başlanılıb. 2009-cu ilin sentyabrında fabrikdə üç pianonun hazırlanması ilə “Beltmann” markalı pianoların istehsalının əsası qoyulub. Hazırda dünyada “Beltmann” markalı pianolar yalnız Qəbələ piano fabrikində istehsal olunur. Regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir.

Qəbələ Lift Zavodu

Qəbələ Lift Zavodu da rayonun məşhur istehsal müəssisələrindəndir. Hazırda paytaxt Bakı da daxil olmaqla, ölkəmizin müxtəlif yerlərində yeni tikilmiş bir çox yüksək mərtəbəli yaşayış və inzibati binalarda müasir tələblərə uyğun sərnişin və yük liftləri müəssisnin ixtisaslaşmış kadrları tərəfindən quraşdırılıb. Həmin liftlərə müəssisənin təcrübəli elektromexanikləri yüksək səviyyədə lazımi texniki xidmət göstərirlər. Müəssisə 1 oktyabr 1999-cu il tarixindən Rusiya Federasiyasının “Şerbinka lift zavodu” ASC-nin rəsmi nümayəndəliyi kimi fəaliyyət göstərir və bunu təsdiq edən sertifikatını alıb. Tərəflər arasında bağlanmış nümayəndəlik haqqında müqaviləyə əsasən, müəssisə “Şerbinka lift zavodu” ASC-nin istehsalı olan lift avadanlığının Respublikamıza gətirilməsini, quraşdırılmasını və xidmətini təmin edir. Respublikamızda tikinti sektorunun inkişafı ilə əlaqədar olaraq müəssisəsinin fəaliyyət sahəsi də genişlənməkdədir. Müəssisə 1 iyun 2007-ci il tarixindən Qəbələ şəhərində İstehsal sahəsi yaradıb, 22011-95 DÜST-nə uyğun sərnişin liftlərinin istehsalına başlayıb. Müəssisədə yüksək ixtisaslı kadrlar, mexaniklər və elektromexaniklər işləyir.

Tarixi şöhrətin bərpası

Yuxarıda qeyd edildiyi kimi, hazırda ölkəmizin bütün rayonları kimi Qəbələ də özünün intibah dövrünü yaşayır. Burada dövlətin dəstəyi, sahibkarların təşəbbüskarlığı ilə yeni-yeni istehsal, sənaye müəssisələri yaradılır ki, bu da rayonda işsizliyin aradan qaldırılmasına, insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, ölkə iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun inkişafına ciddi təkan verir. Məhz bunun nəticəsində də bütünlükdə rayon, həmçinin mərkəz funksiyasını yerinə yetirən Qəbələ şəhəri Qafqaz Albaniyası dövründə olduğu kimi mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən birinə çevrilməkdədir.

Yazı İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə jurnalistlər arasında elan etdiyi “Azərbaycan sənayesi yeni inkişaf mərhələsində” adlı yaradıcılıq müsabiqəsinə təqdim edilir...

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm