• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Zakir Həsənov Litvalı həmkarı ilə Qarabağı müzakirə edib

Zakir Həsənov Litvalı həmkarı ilə Qarabağı müzakirə edib

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Litvanın müdafiə naziri Yuozas Olekası qəbul edib.

Publika.az Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Y.Olekasın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra Müdafiə Nazirliyində Y.Olekasın rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, Litva müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq Şərəf kitabını imzalayıb.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Litva arasında hərbi əməkdaşlığın həm ikitərəfli, həm də NATO-nun müxtəlif proqramları çərçivəsində həyata keçirildiyini, bu əlaqələrin dostluq münasibətləri üzərində qurulduğunu və daim inkişaf etdirildiyini qeyd edib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov Ermənistanın bölgədəki sabitliyə əsas təhlükə yaratdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Y.Olekas, öz növbəsində, dövlətlərimizin əlaqələrinin dostluq münasibətlərinə əsaslandığını, Litvanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu və əməkdaşlığın daha da intensiv inkişaf etdirilməsinin zəruriliyini xüsusi qeyd edib.

Sonra ölkələrimizin yerləşdiyi regionlarda təhlükəsizlik məsələləri, ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Litva müdafiə nazirinin Azərbaycana səfəri oktyabrın 10-dək davam edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR