Bayram Səfərov: Əgər Marlen Murye qardaşlıq istəyirdisə...
Bizi izləyin

Qırmızı.az

Bayram Səfərov: Əgər Marlen Murye qardaşlıq istəyirdisə...

"Əgər Burq Le Valans şəhərinin meri həqiqətən Şuşa ilə Burq Le Valansın qardaşlaşmasını istəyibsə, bunun üçün Azərbaycan Respublikasının Şuşa Rayon İcra Hakimiyyətinə müraciət etməli idi, çünki Şuşa elə Fransa dövlətinin özünün də tanıdığı Azərbaycan ərazisidir”.

Publika.az xəbər verir ki, bu barədə Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Dağlıq Qarabağa səfərini şərh edərkən deyib. Bayram Səfərov qeyd edib ki, Marlen Murye Fransa-Azərbaycan əlaqələrinin inkişafı əleyhinə təxribat cəhdləri ilə məşğuldur.

“Birincisi, o, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər həyata keçirib. İkincisi isə, o, Şuşa adından separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəsi Artsvik Sarkisyan ilə “dostluq haqqında bəyanat” imzalayıb”, - deyə B.Səfərov əlavə edib.

Bayram Səfərov bildirib ki, Marlen Muryenin bütün bunları Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Parisdə gözlənilən görüşü ərəfəsində etməsi xüsusilə təəssüf doğurur.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Fransa ilə Azərbaycan arasında mədəni, iqtisadi əlaqələrin daha da inkişaf etdiyi bir dövrdə Ermənistanın və erməni diasporunun bu cür çirkin, təxribatçı əməllərini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə və eləcə də Fransa və Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədilə atılan bir addım kimi qiymətləndirib.

Bayram Səfərov bəyan edib ki, Marlen Muryenin şəxsi mənafeyi naminə təxribat xarakterli addımları dərin təəssüf hissi doğurur və bu, öz ölkəsinin münaqişənin həllində vasitəçilik missiyasına qarşı fəaliyyətdir.

“Biz Fransa Prezidenti Fransua Ollandın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prezidentlərin görüşünü təşkil etmək təşəbbüsünü alqışlayırıq və Paris görüşünə böyük ümidlərlə baxırıq. Marlen Murye kimi şəxslərin özfəaliyyəti isə yüksələn xətlə inkişaf edən Azərbaycan-Fransa dostluq əlaqələrini sarsıda bilməz. Biz Fransa hökumətindən və ictimaiyyətindən bu məsələyə sərt reaksiya veriləcəyini gözləyirik”, -deyə Bayram Səfərov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm