Azad Rəhimov ilk Avropa Oyunlarına hazırlıq işlərindəki son vəziyyəti açıqladı
Bizi izləyin

Qırmızı.az

Azad Rəhimov ilk Avropa Oyunlarına hazırlıq işlərindəki son vəziyyəti açıqladı

“Hesabat dövründə ölkəmizdə 120 respublika, 32 beynəlxalq səviyyəli yarış keçirilmiş, 130 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunmuş, dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında 108 qızıl, 162 gümüş, 283 bürünc olmaqla ümumilikdə 553 medal qazanılmışdır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 72 medal çoxdur”. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, əlamətdar haldır ki, 2014-cü il iyulun 14-28 tarixlərində Çin Xalq Respublikasının Nanjinq şəhərində keçirilmiş Yeniyetmələrin II Olimpiya Oyunlarında idmançılarımız 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 ölkə arasında 10-cu yeri tutaraq tarixi qələbəyə imza atmışlar. Bu nəticə ilə komandamız Avropa ölkələri arasında 6-cı, MDB ölkələri arasında 3-cü, İslam ölkələri arasında isə 1-ci yerdə olmuşdur.

2014-cü il ölkəmizdə idman hadisələri ilə zəngin olmuşdur. Belə ki, Bakı şəhərində Azərbaycanın beynəlxalq aləmdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edən və 100-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) 77-ci konqresi, 38 ölkədən 700-ə yaxın idmançının iştirakı ilə atletika üzrə Avropa Təsnifat Turniri, 33 ölkənin 500-dən çox gimnast və rəsmi nümayəndə heyətinin iştirakı ilə bədii gimnastika üzrə 30-cu Avropa çempionatı və digər beynəlxalq tədbirlər keçirilmişdir.

A.Rəhimov bildirib ki, ötən dövr ərzində Avropa Oyunlarına hazırlıq işləri davam etdirilmişdir: “Avropa Olimpiya Komitəsi tərəfindən Avropa Oyunlarına hazırlıq işlərinə nəzarət məqsədi ilə təsis edilmiş Koordinasiya Komissiyasının Bakı şəhərində 2 iclası keçirilmiş, təqdim olunan hesabatlarda yüksək səviyyədə hazırlıq qeyd edilmişdir. Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Avropanın bir sıra böyük şəhərlərində və paytaxtlarında Avropa Oyunlarının təqdimatları uğurla keçirilmişdir.

Hazırda “Bakı-2015” Avropa Oyunları üzrə Əməliyyat Komitəsində 940 nəfər çalışır ki, onların 63 faizini yerli mütəxəssislər və gənclərimiz təşkil edir. Əməliyyat Komitəsi tərəfindən təsis edilmiş Məzunlar Akademiyasını bitirmiş 200 gənc Əməliyyat Komitəsində işlə təmin edilmişlər. Ümumilikdə Komitədə dünyanın 39 ölkəsindən mütəxəssislər çalışırlar. Aparılan danışıqlar nəticəsində Avropanın 19, o cümlədən Fransa, İtaliya, Almaniya, Türkiyə və Avstriya, Avropadan kənarda isə 47 ölkədə Oyunların yayımlanmasına dair razılıq əldə edilmişdir. Bu iş davam etdirilir, ölkələrin sayı daha da artacaqdır”.

Nazir qeyd edib ki, bu il noyabrın 20-22-də Bakı şəhərində Avropa Olimpiya Komitəsinin növbəti Baş Assambleyası keçiriləcək, bu Assambleyada növbəti Avropa Oyunlarını qəbul edən şəhərin adı elan ediləcəkdir.

Onun sözlərinə görə, bu ilin aprel-iyun aylarında Azərbaycan ərazisindəki bütün ali təhsil müəssisələri və kolleclərdə 150.000 tələbə arasında Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında məlumatlılıq, könüllülüyə münasibət, idman növlərinə azarkeşliklə bağlı keçirilmiş sorğu göstərmişdir ki, gənclərimiz Avropa Oyunlarının Bakıda keçiriləcəyini məmnunluqla qarşılayır və tədbirlərdə könüllü kimi iştirak etməyə hazırdırlar. Hazırda Gənclər və İdman Nazirliyi və Gənclər Fondu Təşkilat Komitəsi ilə birlikdə könüllülərin seçilməsinə start verilmişdir.

Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcəkdir, onlardan 16-sı olimpiya idman növüdür. Əlamətdar haldır ki, 11 idman növü üzrə yarışlarda qalib gələn idmançılara Rio-de-Janeyro şəhərində keçiriləcək növbəti Olimpiya oyunlarında iştirak lisenziyaları veriləcəkdir. İdmançıların ümumi sayı 6000-dən çox olacaqdır ki, bu rəqəm son qış olimpiya oyunları iştirakçılarının sayından 2 dəfədən çoxdur. Oyunların başlanmasına 247 gün qalmasına baxmayaraq, Təşkilat Komitəsi tərəfindən bir çox işlər görülmüş və yekun mərhələyə qədəm qoyulmuşdur.

Nazir qeyd edib ki, bu yarışlar dünya və Avropa idman tarixinə böyük bir töhfə olacaqdır: “Möhtərəm cənab Prezident! Hesabat dövründə Sizin iştirakınızla sayca 41-ci olan Göygöl Olimpiya İdman Kompleksinin, Bakıda Milli Gimnastika Arenasının, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılış mərasimləri keçirilmişdir. Eyni zamanda, Daşkəsən rayonunda Gənclərin Təlim və İstirahət Mərkəzi açılışa hazırlanmışdır.
Hazırda 9 Olimpiya və idman kompleksinin tikintisi və tikintiyə hazırlıq işləri aparılır, Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulması, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyi, 16 idman zalı və qurğusunun tikinti işləri davam etdirilir”.

Nazir bildirib ki, I Avropa Oyunları ilə əlaqədar çimərlik voleybolu, çimərlik futbolu, 3x3 basketbol, su polosu idman növləri üzrə yarışların keçiriləcəyi Avropa Oyunları Parkının, Su İdmanı Sarayının, 68000 tamaşaçı tutumu olan Futbol stadionunun, BMX-Velosipedi veloparkının tikintisi, Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması, Heydər Əliyev adına İdman Konsert Kompleksinin, Bakı İdman Sarayının əsaslı təmiri və digər obyektlərdə müvəqqəti qurğuların tikintisi davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm