Sığınacağa üz tutan qızın hekayəti: “Məni dilə tutdu ki, pis heç nə başa düşməyim”
Bizi izləyin

Qırmızı.az

Sığınacağa üz tutan qızın hekayəti: “Məni dilə tutdu ki, pis heç nə başa düşməyim”

Taleyin sərt üzünü görən azyaşlıların həyatından reportaj hazırlayıb onların taleyini dinləmək çətindir. Bəzən heç dinləmək lazım da deyil, nə yaşadıqlarını anlamaq üçün onların gözlərinə baxmaq yetir.

17 yaşlı Leyla (ad şərtidir) nə anasını, nə də atasını tanıyır. Danışığından hiss olunur ki, yaxşı ailə tərbiyəsi alıb. Azərbaycanca çətin danışır. Dediyinə görə, anası onu bir yaşında Bakıya gətirib (hardan gəldiklərini də bilmir – red.) Nina adlı rus qadına verib.

Qaçaq düşən qız

“Nina mama mənə yaxşı baxırdı. Anam da bir-iki dəfə Türkiyədən zəng etdi. Sonra tamamilə itdi. 13 yaşımda Nina dogma xalamı tapdı və məni onun yanına apardı. Xalam bildirdi ki, ailəlikcə biz ləzgiyik. Xalam qızları və nənəm Dağıstanda yaşayırlar. Amma ata-anam haqda soruşanda onlar sadəcə susurdular. Hiss edirdim, xalam məni sevmir. Yaxınlıqda yaşayan dayımgildə qalmağa başladım. Əvvəl məni yaxşı qarşıladılar, sonra dayımın yoldaşı deyinməyə başladı. Qaçmağı qərara aldım. Nə Nina, nə xalam, nə də ki dayımgildə qalmaq istəyirdim. Fikirləşirdim, heç kimə lazım deyiləm…

Dənizkənarı parka getdim. Axşam idi deyə çox üşüyürdüm. Yoldan keçənlər mənə birtəhər baxırdı. Elə bu zaman iki dost yaxınlaşdı. Onların nə soruşduqlarını anlamırdım. Azərbaycanca başa düşmürdüm. Birtəhər başa saldım ki, gediləsi yerim yoxdur.

Yarıtikili evdə gizlincə yaşayırdım

Dostlar bildirdilər ki, pis niyyətləri yoxdur, qala biləcəyim yer var. Məcbur qalıb onlarla getdim. Sonra bildim ki, onlardan biri ustadır. Məni təmir işi apardığı yarıtikili evə gətirdi. Gizlincə burda yaşamağa başladım. Oğlan mənə hər səhər yemək gətirirdi. Amma mənə soyuq idi. Daha sonra o biri dostu məni evinə dəvət etdi. Ata-anası mənimlə yaxşı rəftar edirdi. Çalışırdım ki, özümü yaxşı aparım ki, məni qovmasınlar. Orada da çox qala bilmədim. Ailədə tez-tez qalmaqallar olurdu. Bu problemlərə qarışmaq istəmirdim”.

Polisdən sığınacağa

“Bunu biləndə evdəki qızın yaxın rəfiqəsi məni polisə apardı. Polisdə uzun-uzadı sorğu-sualdan sonra sığınacağa yerləşdirildim. Məni hər şeylə təmin etdilər, hətta çox gözəl ad günü keçirdilər. Amma insanlara öyrəşə bilmirdim. Buradan da qaçdım. Bu ən böyük səhvim oldu. Fikirləşirdim, özümə iş tapa bilərəm. Azad və sakit yaşamaq istəyirdim”.

“Qaç canını qurtar”

“Bir kafeyə işə düzəldim. Müdir mənə, demək olar, pul vermirdi. Əvəzində kafedə gecələməyə icazəm vardı.

Bir dəfə ora gələn müştərilərdən biri mənim yaşımı soruşdu. 16 olduğunu dedim. Həmin adam dediyimə təəccüblənmişdi, məndən bura necə düşdüyümü soruşurdu. Qorxurdum ki, məni yenidən polisə apararlar. Buna görə hər şeyi gizlədirdim. Mənə demişdi ki, bacardığım qədər buradan qaçıb canımı qurtarım.

Kafeyə tez-tez, haradasa, 50 yaşlarında bir varlı kişi gəlirdi. Nədənsə, həmişə müdirdən mənim haqqımda maraqlanırdı. Bir gün mənə dedi ki, sən yaxşı qıza oxşayırsan, gəl sənə gəşəng paltarlar alım. Əvvəl istəmədim. Sonra məni dilə tutdu ki, pis heç nə başa düşməyim. Müdirim də dedi ki, bir az dincəlim və mənə razılıq verdi. Maşınına əyləşib bazara getdik. Mənimçün xeyli paltar və bəzi şeylər aldı.

“Səni əzizləyəcəyəm və biz bir yerdə yatacağıq”

“Dedi ki, səninçün ev də kirayələmişəm, daha kafedə yox, burada qalarsan. O qədər səmimi deyirdi ki, elə bilirdim, mənə yazığı gəlir, imkanı olduğundan mənə kömək etmək istəyir.

Yeməkdən sonra dedi ki, sənə hər şey aldım. Bəs sən əvəzində mənə nə verəcəksən?

“Mən nə verə bilərəm ki?” - sualını verdim. “Səni əzizləyəcəyəm və biz bir yerdə yatacağıq” dedi. Donub qaldım, qaçmaq istəyirdim. Ağlaya-ağlaya dedim ki, belə şey edə bilmərəm. Onda cibindən 5 manat çıxardıb mənə verdi. “Al, bunu da verirəm sənə. Heç nədən qorxma” dedi. Razılaşmadığımı görəndə mənə çox hirsləndi. Aldığı hər şeyi məndən geri götürdü. Guya ki, 16 yaşlı qızın paltarları buna nədəsə gərək ola bilər.

Maşınına oturdub yenidən kafeyə gətirdi. Direktorla nə danışdılarsa, müdir mənə dedi ki, get özünə başqa yerdə iş tap”.

Yenə də xeyirxah insanlar...

“Bax elə bu zaman məndən qaçmağımı istəyən adam qarşıma çıxdı. Vəziyyəti biləndə məni bacısıgilə apardı. Bir gün orda qaldım. Səhər məni polisə aparanda etiraz etmədim. Anladım ki, buna görə ona minnətdar olmalıyam. İndi gördüyünüz kimi yenidən sığnacaqdayam.

Yəqin, soruşaçaqsız: “Yenə qaçmaq fikrin var?” Yox, heç zaman. Çünki bilirəm məni çöldə nələr gözləyir. Yaxşı ki, səhvlərimi bağışlayıb yenidən sığnacağa qəbul etdilər. Sığnacağın rəhəbri Kəmalə xala inandığım birinci insandır. Səhvlərimdən artıq dərs götürmüşəm.

Anama nifrət edirəm

Hərdən soruşurlar ki, “anan səni tapsa, bağışlayarsan?” Anama nifrət edirəm. Bütün bunların günahkarı odur. Əgər yaxşı insanlar qarşıma çıxmasaydı, indi taleyim necə olardı. Bunu fikirləşmək belə istəmirəm.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm