TQDK V-VI siniflər üzrə yeni vəsaitlər nəşr edib
Bizi izləyin

Qırmızı.az

TQDK V-VI siniflər üzrə yeni vəsaitlər nəşr edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ayrı-ayrı fənlər üzrə yeni təhsil proqramları (kurikulum) əsasında V-VI siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edib.

Hər bir vəsait 2 hissədən ibarətdir: I hissədə V-VI siniflərin kurikulum proqramı və dərsliyinə əsaslanan qiymətləndirmə vasitələri, II hissədə isə həmin sinif üçün qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları toplusu dərc edilib.

Bu barədə Publika.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Vəsaitlər həm məzmununa, həm də formasına görə ayrı-ayrı siniflər və fənlər üzrə indiyə qədər nəşr olunan və ancaq test tapşırıqları əsasında hazırlanan qiymətləndirmə vasitələrindən bir çox xüsusiyyətlərinə görə fərqlənir.


Təqdim olunan yoxlama vasitələri həm diaqnostik, həm formativ, həm summativ qiymətləndirmə, həm də tədris vahidlərinin əhatə etdiyi bütün alt standartlar üçün nəzərdə tutulub və bloklar şəklində təqdim olunub.

Hər bir blokdakı sual və tapşırıqlar ayrı-ayrı məzmun xətləri əsasında öyrənilmiş bilik və bacarıqların yoxlanılmasına və qiymətləndirilməsinə imkan yaradır. Vəsaitin yeni xüsusiyyətlərindən biri də sual və tapşırıqların bloklarda yerləşdirilməsi formasıdır. Hər bir blokda əvvəlcə alt standartın adı, sonra ona uyğun sual və tapşırıqlar təqdim olunur. Hər bloka daxil olan sual və tapşırıqların sadədən mürəkkəbə doğru prinsipinə uyğun olaraq sadə, orta, çətin səviyyəli olmasına diqqət yetirilib.


Sual və tapşırıqlar məzmun və formasından asılı olaraq, hər bir şagirddən problemi həll etmə, mühakimə yürütmə və əsaslandırma, ünsiyyət, tədqiqetmə və tətbiqetmə bacarığı tələb edir. Əzbərçiliyə, hafizəyönümlüyə əsas verməyən bu tapşırıqların bir yox, bir neçə cavabı olur.

Ənənəvi test tapşırıqlarından fərqli olaraq, bəzi tapşırıq nümunələrində düzgün cavab təqdim olunmuş cavablar içərisindən seçilmir. Cavabı bilik və bacarığı sayəsində şagirdin özü yazır.


TQDK-dan bildirilib ki, vəsait həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəllimləri üçün faydalı olacaq. Vəsait buraxılış imtahanlarına hazırlaşan 9-cu və 11-ci sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün də etibarlı mənbədir. Vəsait qüvvədə olan tədris proqramına uyğun tərtib olunub. Gələcəkdə proqramda dəyişikliklər edilərsə, vəsaitdə də müvafiq dəyişikliklər aparılacaq.

Vəsaitlər VI sinif üzrə Azərbaycan dili, Azərbaycan tarixi, biologiya, ingilis dili, Riyaziyyat üzrə, V sinif
Azərbaycan dili fənlərini əhatə edir.


Digər siniflər üzrə vəsaitlər yaxın günlərdə çap olunacaq. Vəsaitləri TQDK-nın binası yanındakı “Abituriyent” köşkündən almaq və ya internetlə sifariş vermək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm