Saatların geri çəkilməsi kimlərin psixologiyasını pozacaq?
Bizi izləyin

Qırmızı.az

Saatların geri çəkilməsi kimlərin psixologiyasını pozacaq?

Dünyanın 100-dən çox ölkəsində ildə iki dəfə saatlar irəli və geri çəkilir.

Bununla da yay və qış vaxtına keçid təmin edilmiş olur. Bu il də ənənəvi olaraq oktyabrın sonuncu bazar günü saatları bir saat geri çəkəcəyik. Mütəxəssislərin fikrincə, saat əqrəblərinin bir saat geri-irəli çəkilməsi həm enerjiyə qənaət, həm də ölkə iqtisadiyyatının inkişafına köməkdir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sistem tətbiq olunur.

Bəzi ölkələrdə isə artıq yay və qış vaxtına keçid ləğv edilib. Həmin ölkələr bunu dəyişikliyin iqtisadi cəhətdən səmərəsiz olması ilə izah ediblər.

Qonşu Gürcüstanda 2006-cı ildən qış vaxtına keçid ləğv olunub. MDB məkanında Özbəkistan, Tacikistan və Türkmənistanda da əqrəblərin yeri dəyişdirilmir. Rusiyada 2011-ci ildən bu dəyişikliyə son qoyub. Bizdə də hər il dəyişikliyin ləğv edilməsi gündəmə gəlsə də, Nazirlər Kabinetindən hələ bu məsələnin gündəmdə olmadığı bildirilib.

Lakin saatın ildə iki dəfə yerdəyişməsinə hələ də alışmayan insanlar var. Bir-iki həftədən sonra insanlar buna öyrəşsə də, ilk dövrlərdə onlara həm bioloji, həm fiziki, həm də psixoloji təsir edir. Saatların çəkilməsi ən çox kimə təsir edir? Problem yaşamamaq üçün nələr edə bilərik?

Psixoloq Elnur Rüstəmov artıq neçə illərdir saatlar ilin müəyyən vaxtlarında irəli və ya geri çəkilməsinə insanların alışdığını bildirib.

“Bu baxımdan insanlarda nisbətən immunitet yaranıb, insanlar bu cür dəyişikliyə uyğunlaşıb. Amma bir qisim insanlar, xüsusən meteohəssas olanlara mənfi təsir göstərir. Bundan başqa, depressiyada olanlar, psixoloji narahatçılığı olanlar da saat dəyişikliyi narahatlıq yaradır. Bunun da səbəbi havanın tez qaralmağıdır. Hava qaranlıq olanda həmin insanlar yatmağa meyilli olurlar. Lakin bu, uzun müddət davam etmir, təxminən bir həftə davam edir”.

Psixoloq onu da bildirib ki, bu dəyişiklik uşaqların da psixologiyasına təsir edir. Bu baxımdan valideynlər uşaqların bu dövrü rahat keçirməsi üçün diqqətli olmalıdır: “Valideynlər əvvəldən bu barədə uşaqlarına məlumat verməlidir. Bir həftə əvvəldən uşaqları hər gün 10-15 dəqiqə fərqlə bu rejimə öyrəşdirə bilərlər. Valideynlər ilk növbədə uşağın yatmaq saatına fikir verməlidirlər. Təəssüf ki, indi ailələr bu məsələyə diqqət etmir, uşaqlar istədikləri vaxt yatırlar. Saatda bu dəyişiklik də onların yuxu sisteminə mənfi təsir edir. Lakin uşaqlar gündə 8 saat yatsalar, bu dəyişikliyi daha rahat keçirəcək və öyrəşəcəklər”.

Qeyd edək ki, saat əqrəbinin irəli və geri çəkilməsilə bağlı ilk təklif 1880-ci ildə ingilis mühəndisi Uilyam Uillet tərəfindən irəli sürülüb. Daha sonra dünyanın əksər ölkələrində bu rejim tətbiq olunub. Hazırda qış və yay vaxtına keçid dünyanın 100-dən artıq ölkəsində həyata keçirilir. Saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm