• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ekspert: “Azərbaycan ekoloji problemlərini aradan qaldıracaq”

Ekspert: “Azərbaycan ekoloji problemlərini aradan qaldıracaq”

“Azərbaycanda artan neft gəlirlərini yönəltməklə ekoloji problemləri aradan qaldırmaq mümkündür”. Bu barədə Publika.az-a Ekoloji Sabitlik İctimai Birliyinin sədri İbrahim Məmmədzadə məlumat verib.

Onun sözlərinə görə, bu gün istər Abşeron ərazisində, istərsə də digər rayonlarda ekologiya sahəsində çoxlu işlər görülür. Görülən işlər birinci növbədə şəhərsalma ilə əlaqədardır: “Rayonlarda əsas işlər meşə zolaqlarının salınması və meşələrin qorunmasıdır. Aran rayonlarında isə meşələrin salınmasıyla yanaşı torpaqların qorunması ilə bağlı da müəyyən işləri də aparılır. Təbii ki, bu yaxında Dünya Bankı və regional hökumət “Böyük Bakının Regional İnkişaf Planı” ilə bağlı layihə hazırlayıb. Layihəyə görə, Ağ Şəhər salınacaq. Yenidən orada müəyyən binaların tikintisi, yol salınması işləri aparılır”.

Ümumiyyətlə, Azərbaycanda son 20 ildə ekoloji problemlərə əsas diqqət yetirildiyini deyən ekoloqun sözlərinə görə, problemlərin çoxu sovet dovründən və ya sovet dövründən qabaq Rusiya imperatorluğundan qalan problemlərdir. Söhbət daha çox Abşeron yarımadası ərazisində neftdən çirklənmiş torpaqlardan gedir. Bunların miqyası isə 25-30 min arasında dəyişir: “Abşeronda, Bakı ətrafı ərazilərdə 20 sm torpaq qatından 150 sm dərinliyə qədər neftdən çirklənmənin dəyişkənliyi var. Bu çirklənmiş torpaqlar insanların sağlamlığına və ətraf mühitə mənfi təsir göstərir. Bunları təmizləmək üçün küllü miqdarda sərmayə lazımdır. Hesablamalara görə, 1 kub torpağın təmizlənməsi üçün təxminən 1200-2000 dollar arası sərmayə lazımdır. Bunun sərmayə tələbatı böyük miqyasdadır”.

Ekspert hesab edir ki, bu sahədə ciddi problemlərdən biri də Bakı və Abşeronda urbanizasiya ilə bağlıdır: “Azərbaycan əhalisinin 1/3 Bakı və Sumqayıt ərazisində yaşayır. Bu adamların çoxu miqrantlardır, yəni rayonlardan gələn adamlardır. Bunlar şəhərdə əhalinin sıxlığını xeyli artırıb, infrastruktura olan təsiri dəfələrlə - 3-5 dəfəyədək artırıb. Bura su-kanalizasiya sistemi, nəqliyyat sistemi, o cümlədən yollar, elektrik şəbəkəsi, istilik şəbəkəsi, qaz təchizatı daxildir. Bunların hamısı birlikdə ətraf mühitə mənfi təsir göstərir. Buna görə dövlət rəhbərliyinin müəyyən etdiyi tədbirlər nəticəsində bu problemləri həll etmək mümkündür. Çünki bu gün Azərbaycanda keçmişdən fərqli olaraq neft gəlirləri dəfələrlə artıb. Neft gəlirlərini bu problemlərin həllinə yönəltməklə bu problemləri aradan qaldırmaq olar”.

İndiyə qədər görülən işlərə gəlincə İbrahim Məmmədzadə bildirdi ki, Abşeronda torpaqlar müəyyən texnologiyalara uyğun təmizlənib, təcrübə sahəsi kimi, pilot layihələr formasında xeyli iş görülüb. Artıq neft-qaz sənayesində ətraf mühiti qorumaq üçün texnoloji tədbirlər aparılır. Rayonlara gəlincə isə əsas problemlərdən biri Aran rayonlarının səhralaşmasdır: “Bu problemləri həll etmək üçün dövlət müəyyən vəsaitlər ayırır. Meşəsalma işləri, əkinçilik və bəndatma işləri bura aidir. Dövlətin büdcəsindən hər il bununla bağlı müəyyən vəsaitlər ayrılır. Rayonlarda bu işləri həyata keçirmək üçün təxminən 300 mln büdcə vəsaiti ayrılıb. Bu yaxınlarda BMT-nin iqlim dəyişməsi konfransı keçirilib. Azərbaycan nümayəndə heyəti də orada iştirak edib. Orada qaldırılan müəyyən məsələlər var ki, dövlətimizin apardığı tədbirlərlə üst-üstə düşür. Azərbaycan bunları nəzərə alaraq iqlim dəyişməsinə hazır olmalıdır”.

İndiyə qədər ölkəmizdə aparılan ekoloji tədbirləri yüksək qiymətləndirən ekspertin sözlərinə görə, bunların böyük müsbət tərəfləri var. Burada vəsaitlər daha səmərəli xərclənməlidir ki, gələcəkdə ekoloji problemlərin miqyası artarsa, Azərbaycanın irimiqyaslı fəlakətlərin qarşısını ala bilməsi üçün kifayət qədər sərmayəsi olsun”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin oktyabrın 8-də keçirilən iclasında çıxış edərək son vaxtlar ekologiyaya dair məsələlərə çox böyük diqqət yetirildiyini deyib və bildirib ki, çirklənmiş ərazilərin təmizlənməsi, ağacların əkilməsi, məişət tullantıları zavodunun tikintisi, içməli su, kanalizasiya layihələrinin icrası son illərdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişidirib.

Prezident İlham Əliyev müşavirədə Qara şəhər ərazisində “Ağ Şəhər”in yaradılmasının böyük rəmzi məna daşıdığını deyərək vurğulayıb ki, Ağ Şəhərin nəinki Cənubi Qafqazda, yaxud da regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcək və idman şəhərciyindən neft ayırma zavoduna qədər təqribən 16 km uzunluğunda gəzinti zolağı-bulvar salınacaq.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR