Konstitusiya Məhkəməsi ilə Qırğızıstanın Konstitusiya Palatası arasında memorandum imzalandı
Bizi izləyin

Qırmızı.az

Konstitusiya Məhkəməsi ilə Qırğızıstanın Konstitusiya Palatası arasında memorandum imzalandı

Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Qırğız Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Konstitusiya Məhkəməsindən Publika.az-a verilən məlumata görə, memorandumu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Qırğız Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyev imzalayıblar.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqları salamlayaraq Azərbaycan ilə Qırğızıstan arasında bir sıra istiqamətlərdə, o cümlədən hüquq sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, imzalanan memorandum ölkələrimizin hüquq sistemində mühüm hadisə olmaqla, konstitusiya ədalət mühakiməsi və inkişafı naminə daha sıx əməkdaşlıq istəyinin və arzusunun ifadəsidir.

F.Abdullayev deyib: “Ölkələrimiz müstəqilliklərini əldə edəndən sonra dövlətçiliyin inkişafı istiqamətində çox mürəkkəb yol keçiblər. Bu gün Azərbaycan demokratik inkişaf yolundadır. Dövlətin iqtisadi, sosial və intellektual inkişafı bizim prioritetlərimizdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Azərbaycan bu gün regionda iqtisadi, sosial və mədəni sahələrdə inkişaf nümunəsidir. Biz çoxtərəfli və ikitərəfli əməkdaşlığı prioritet hesab edirik. Fikrimcə, ölkələrimizin rəhbərləri səviyyəsində, bu gün isə həm də məhkəmə-hüquq sahəsində yaranmış dostluq münasibətləri sizinlə əməkdaşlıq etmək istəyimizə dəlalət edir”.

Nümayəndə heyətinin rəhbəri Mukambet Kasımaliyev səmimi görüş üçün təşəkkürünü bildirərək vurğulayıb ki, ölkələrimiz arasında istər məhkəmə-hüquq sistemi sahəsində, istərsə də ümumilikdə ikitərəfli münasibətlər uzun müddət istənilən səviyyədə olmayıb.

Qonaq deyib ki, bu gün imzalanmış əməkdaşlıq haqqında memorandum ikitərəfli əməkdaşlığın səviyyəsinin yüksəlməsinin məntiqi nəticəsidir. Azərbaycan Konstitusiya Məhkəməsinin malik olduğu təcrübə və biliklər bizim üçün çox önəmlidir.

Sonda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Qırğız Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatasının hakimləri arasında hüquqi məsələlər üzrə fikir mübadilələri aparılıb, məhkəmə-hüquq təcrübəsinə dair bir çox məsələlər müzakirə edilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm