“Böyük güzgülərdən qorxuram” – Mətanətin tarixçəsi – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Böyük güzgülərdən qorxuram” – Mətanətin tarixçəsi – FOTOLAR

Günəş batırdı, Bakı Bulvarında dincəlməyə gələnlər yavaş-yavaş azalırdı. Diqqətimi üzü Xəzərə tərəf durub dəniz sularından diqqətini ayırmayan, əlil arabasında oturmuş bir qız çəkdi. Onu bir xeyli müşahidə etdim, qızın dənizə baxan gözləri əslində dənizdən çox-çox uzaqlarda idi. Onu bu xəyal dünyasından 2-3 yaşı ancaq olan balaca bir uşaq ayırdı. Nənəsi və anası ilə bulvara gəzməyə gələn bu uşağa əlil arabası maraqlı görünmüşdü. Bəlkə də, həyatında ilk dəfə idi arabada oturan böyük adam görürdü. Böyük maraqla qıza yaxınlaşıb sözləri çətinliklə tələffüz edə-edə “Sən niyə burada oturmusan?” soruşdu. Qız bu balacaya mehribancasına gülümsündü. Adını soruşdu və söhbət eləməyə başladılar. Lakin söhbət uzun çəkmədi. Balacanın soruşmaq istədiyi bir çox sualları bir qədər aralıdakı skamyada oturmuş nənəsi ürəyində qoydu. Qadın sürətlə yaxınlaşıb uşağı dartaraq götürdü. Bir neçə addım atıb dayandı, qulaqlarını çəkdi, ağzının içində uşağı danlaya-danlaya getdi. Gözümü ondan ayırıb arabada oturan qıza baxdım, hava qaraldığından gözlərindəki yaşı aydın seçə bilmədim. Amma əlləri ilə gözlərini sildiyini gördüm. Ağlayırdı...

Mətanətin həyat hekayəsi

Onunla bir neçə ay sonra Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində görüşdük. O da hamımız kimi doğulub. 2 yaşından onurğasında əyilmə getməyə başlayıb. 6-cı sinfə qədər məktəbə gedən bu qızın dərsə, məktəbə, oxumağa olan həvəsi qarşısında deməyə söz tapmıram. Taleyin kinayəsidir sanki... Bəzən əl-ayağı yerində, fiziki cəhətdən tamamilə sağlam uşaqlar dərsə getmək istəmirlər. Çoxunuz xatırlayarsız ki, isti yorğan-döşəkdən durub məktəbə getməmək üçün anamıza nə qədər bəhanələr uydurmuşuq. Bu vəziyyətdə olmasına baxmayaraq, dərsə getmək, öyrənmək istəyi....

Sonra tez-tez xəstə olması, xəstəxanalarda qalması Mətanətin dərslərini axsadıb. Daha sonra ayaqları tutulan bu qız 6-cı sinfdə məktəblə həmişəlik vidalaşır. Bir müddət evdə oturan, 7-ci sinfi oxumayan Mətanət əlini hər yerdən üzür. O boyda arzuların, ümidlərin, universitet, tələbə həyatının, röyalarında qurduğu gələcəyin puç olmasıyla barışa bilmirdi. Əlil arabasında olan bu qız tanışlarından öyrənir ki, evdə də təhsil almaq mümkündür. Oxumağa olan marağı və sevgisi qarşısında əlil arabası da aciz qalır. Mətanət təhsilini ev şəraitində davam etdirir. Artıq 8-ci sinifdən müəllimlər evə gələrək onunla xüsusi olaraq məşğul olmağa başlayırlar. 8, 9, 10-cu sinifləri oxuyan Mətanət indi 11-ci sinifdə ev şəraitində təhsil alsa da, deyir arada buraxdığı bir ili məktəbə getməməsi hələ də onu yandırıb-tökür. Əslində, buna səbəb ağrılar və səhhəti olsa da, yenə də özünü günahkar bilir. Özünün yaxşı oxumağıyla yanaşı, bu balaca qız qonşudakı uşaqları da dərslərini hazırlamaqda kömək edir . Əvvəlcə həkim olmağı arzu etsə də, xəstəxanalarda tez-tez olmaq onu bu fikirdən daşındırıb. Daha sonra incəsənətin üzərində dayanıb. Deyir bütün daxilim incəsənətlə bağlıdır. Harada oluramsa olum, yenə gedib incəsənətə çıxıram. Həm şeir yazan, həm mahnı oxuyan, həm müxtəlif əl işləri hazırlayan bu qızın əl işləri ilə tanış olmaq kifayətdir ki, onun incəsənətə olan sevgisini duya biləsən. Bəlkə də, gələcəyin tanınmış memarı, dizayneri olacaq Mətanət. Belə də olacaq. Amma hər kim olursa-olsun, o, yaratdığı işə ürəklə yanaşacaq, ona ruhunu, qəlbini qoyacaq. Mən buna onunla etdiyim kiçik bir söhbətdə ürəkdən inandım...

Mətanət üzləşdiyi çətinliklərdən bizə gen-bol danışmasa da, onunla söhbətdən ailəsinin, xüsusən də, anasının qızının çətinlik çəkməməsi üçün hər işi öz öhdəsinə götürdüyünü, bu səbəbdən də Mətanətə sərbəst həyata alışmağın bir qədər çətin olduğunu anladım. Amma bu balaca qızda olan qətiyyət, qorxmazlıq onu həmişə çətinliyin üstünə getməyə məcbur edib. O, həmişə ən çətin işdən yapışır və bunu bacararam deyir. Elə bacarır da. Əslində, tək və valideynlərinin köməyi olmadan yaşamağın nə qədər çətin olacağını bilə-bilə bu mərkəzə üz tutub. Lakin öz dediyi kimi, “bir dəfə yıxılaram, beş dəfə yıxılaram, sonunda özüm öyrənərəm” məntiqilə bütün çətinliklərə qalib gələ bilib. Evdə bacarmadığı bir çox işləri də burada öyrənib. Tək qalmaq, hər şeyi tək idarə eləmək bu gün onunçun asan bir işdir. Deyir burada qaldığı müddətdə öz üzərində məsuliyyət hissi yaranıb. Sərbəst həyata qədəm qoymasında mərkəzdə olan işçilərin böyük rolu olub, burada sıxıntı hiss etməyib. Mətanət artıq bir çox çətinlikləri aşdığını deyir. Əvvəlcə kompüter kursu öyrənmək üçün mərkəzə gələn bu qız indi bossiya idman növü ilə, rəssamlıqla da məşğul olur. Mən həm də bu söhbətdən onu anladım ki, istedad ya hərtərəfli olur, ya da heç olmur.

Yanvar ayında evə dönəcək Mətanət var qüvvəsi ilə hazırlaşaraq növbəti qəbul imtahanlarında yaxşı nəticə göstərəcəyinə də inanır. Əsas insanda məqsədin olmasıdır. Qarşıda məqsəd varsa, getdiyin yer bəllidir, demək.

Əlil arabasındasansa, evdə oturmalısan

Cəmiyyətdə bəzən onu sıxan hallar da olur. Mətanət elə adı kimi hər şeyə dözümlə, mətanətlə yanaşır. O, təkcə özü kimi sağlamlıq imkanları məhdud gənclərlə deyil, həm də fiziki cəhətdən sağlam insanlarla da ünsiyyət qurmağa çalışır. Lakin gəzintiyə çıxdıqda, cəmiyyət içərisində olduqda bəzi insanların yad baxışlarını öz üzərində hiss edir. Bəzən qulaqlarını çəkirlər, bəzən gətirib pul verirlər. Bəzən yaxınlarının toy mərasimində sağlam bacı və qardaşlarına evlilik arzu etsələr də, əlil arabasında olan uşağı göstərib “bu, anasının yanında qalsın” demələri də ona pis təsir edir. Bunlar onu sıxsa da, heç vaxt özündən böyüyə cavab qaytarmaq istəməyən Mətanət bəzən dözə bilməyib kiməsə kobud cavab da verir. Deyir ki, bir çatışmayan cəhəti var ki, bu da yeriməməyidir. O, öz zəkası və böyük ürəyi ilə digərlərindən fərqlənir Hətta kobud münasibət gördüyü insanlara da daxilindəki aqressiyanı bildirməməyə çalışır.

İnsanlarda belə bir mənfi düşüncə var ki, əgər əlil arabasındasansa, evdə oturmalısan, keçəyə çıxmamalı, məktəbə getməməlisən. Mətanət bacarsaydı, bu streotipləri qırardı. Bunu onun gözlərindən hər dəqiqə oxuyurdum. Məqsədi odur ki, iş adamı olsun, cəmiyyət yaradaraq insanları fiziki qüsurlu şəxslərin vəziyyətləri ilə tanış etsin. İstəyir ki, insanlar bilsinlər əlil arabasında olan şəxslər fiziki cəhətdən qüsurlu olsalar da, bütün müsbət və mənfi xüsusiyyətləri ilə adi, normal insandırlar. Bütün insanlar da onları olduğu kimi qəbul etsinlər.

Mətanəti narahat edən həm də Azərbaycanda heç bir ali məktəbdə əlillər üçün şəraitin olmamasıdır. Əsində bu təkcə Mətanəti deyil, hər birimizi narahat edəcək bir məslədir. Qəribə orasıdır ki, indiyə kimi heç kimin ağlına gəlməyib ki, arabada olan insan da oxuya bilər. Buna görə də, heç bir təhsil müəssisəsində əlil arabaları üçün piilləkən qoyulmayıb. Əlil insanların bu qədər arxa planda qalması onu narahat edir.

Mətanət deyir ki, zalda böyük güzgülərin qarşısından keçəndə əlil arabasında oturduğunun fərqinə varır. Normalda isə arabada olduğu heç onun ağlına da gəlmir.

Mətanət tez-tez yuxularında özünü ayaq üstə, gəzən, qaçan vəziyyətdə görür. “Yuxuda o qədər qaçıram, qaçıram, qaçıram ki, təngnəfəs oluram və ayılanda tez gözlərimi yumub yuxunun davamını görmək istəyirəm. Yuxudan ayılmaq istəmirəm”.

Mətanətin arzuları

Ən böyük arzusunu da soruşdum. Bir az utandı, başını aşağı saldı və bir xeyli fikrə getdi. Qısa fasilədən sonra dilləndi ki, elə də çox böyük arzum yoxdur. Ən böyük arzusu, elə məqsədi də xeyirxah bir insan olmaqdır. Əlil arabasında oturan bu qız özünə o qədər var-dövlət, pul arzulayır ki, heç olmasa, ən azı ayda bir dəfə qocalar və uşaq evlərinə baş çəkə bilsin. Təşkilat müdiri olmaq, ora insanları cəlb etmək, özünə televiziya kanalı açmaq, tanınmış şairə olmaq istəyir. Əslində o qədər böyük arzum yoxdu desə də, bu bir dəqiqə ərzində o qədər böyük arzular səsləndirdi ki, az qala bir insan ömrünə sığışmayacaq qədər böyük.

Amma nədənsə mənə elə gəldi ki, o, ən böyük arzusunu dilinə gətirməkdən çəkindi. Niyəsə utandı. Mən bunu hiss etdim. Və mənə elə gəldi ki, onun ən böyük arzusu ailə qurmaq, övlad sahibi olmaq idi. Bilmirəm, bəlkə də səhv elədim, amma mən bunu onun gözlərindən oxudum.

Gülnar Əliyeva

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm