Qonşusunu öldürən qatil danışır - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Qonşusunu öldürən qatil danışır - ŞOK TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə ittiham olunan Sabirabad rayon sakini, Azəri Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Azəri Mirzəyev qonşusu Nadir Məlikovu bıçaqlayaraq öldürüb.

Hadisə 2014-cü il aprel ayının 22-də saat 21:30-da Maştağa qəsəbəsində yerləşən Nizami küçəsində qeydə alınıb. O, həmin küçədə qonşusu Nadir Məlikovla mübahisə edib. Qonşuların əvvəllər də bir neçə dəfə mübahisələri olub. Həmin gün Azəri Mirzəyev heç bir səbəb göstərmədən Nadir Məlikovdan məhəlləni tərk etməsini tələb edib. Bu səbəbdən yaranan mübahisə zamanı Azəri Mirzəyev qonşusuna çoxsaylı zərbələr vurub. Nadir Məlikov aldığı bıçaq zərbələrinin təsirindən ölüb.

“Məni küçə söyüşlərlə təhqir etdi”

Azəri Mirzəyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Azəri Mirzəyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Azəri Mirzəyev bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün iki dəfə məhkumluq həyatı yaşayıb: “2013-cü ilin avqust ayında azadlığa çıxdıqdan sonra heç bir işlə məşğul olmamışam. Nadir Məlikovu on ilə yaxındır ki, Maştağa kənd sakini kimi tanıyıram. Təxminən aprel ayının 17-də günorta saatlarında evmizdən bir-iki küçə aralıda tək gedirdim. Həmin vaxt Nadirlə rastlaşdım. Salamlaşandan sonra ondan siqaret istədim. Nadir mənə sənə ”palojna" deyil" deyə cavab verdi. Daha sonra küçə söyüşləri ilə məni təhqir etdi".

“Əsəbləşdirməməsini tələb etdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman onların arasında mübahisə yaranıb. O, deyib ki, bir-birlərini sillə ilə vurublar: “Yoldan keçən tanımadığım şəxslər bizi ayırdılar. Sonradan Nadirlə rastlaşmamışam. Aprelin 22-də gün ərzində yemək yeyərkən iki dəfəyə bir litr araq içdim. Sonra təxminən saat 21:15 radələrində küçəyə çıxdım. Əzizağanın dükanının qarşısında Nadirin dayandığını gördüm. Həmin vaxt Nadirə yaxınlaşaraq dükanın qarşısını tərk etməsini tələb etdim. Nadir isə əmisi Əzizağanı göstərdi və onunla söhbət etdiyini bildirdi. Təkrar olaraq məhəllədən getməsini və məni əsəbləşdirməməsini tələb etdim”.

“Bıçağı boğazına çəkdim”

Azəri Mirzəyev daha sonra ifadəsində qeyd edib ki, Nadir Məlikov onun sözlərinə baxmayıb və dükanın qarşısını tərk etməyib: “Gödəkcəmin cibindən bıçağı çıxardım. Bıçağı Nadirin boğazına dirədim. Onu vurduqdan sonra boğazından qan sıçradı. Qanın ləkəsi köynəyimi bulaşdırdı. Nadir internat tərəfə qaçaraq yenidən geri qayıtdı. O, qonşumuz Mollaağanın qapısının qarşısında üzü üstə yerə yıxıldı. Həmin vaxt Mirzəağa təcili yardım çağırlmasını istədi. Ətrafda olan Mirzəağanın əmisi oğlu Elşad, qonşumuz Mollaağanın oğlu Elnur və bir neçə nəfər həmin yerə yığışdı. Hadisə yerindən uzaqlaşaraq evə getdim. Olay barədə evdəkilərə heç nə demədim. Bir qədər sonra qapı döyüldü, qapını açdıqdan sonra Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının gəldiyini gördüm. Polislər məni 14-cü polis bölməsinə apardılar”.

“Qardaşım demişdi ki...”

Zərərçəkmiş şəxsin hüquqi varisi Nadim İsmayılovun sözlərinə görə, mərhum Nadir Məlikovla doğma qardaşdırlar: “Soyadlarımızın fərqli olmasına səbəb atam Əli İsmayılovun anamdan ayrılmasıdır. Bundan sonra qardaşım Nadir anamın soyadını götürüb. Azəri Mirzəyevi qonşumuz kimi tanıyırdım və onun məhkum olduğunu da bilirdim. Aprelin 22-də Nadir müalicə aldığım vərəm xəstəxanasına gəldi. Həmin vaxt qardaşım mənə yemək gətirmişdi. Günorta saatlarına qədər qardaşımla söhbət etdim. Sonra qardaşım evə qayıtmaq üçün məndən ayrıldı. Axşam saatlarında qonşularımız mənə zəng etdilər. Onlar qardaşımı Azərinin bıçaqla vurduğunu bildirdilər. Buna əvvəlcə inanmadım. Başqa bir qonşumuza zəng etdim və qardaşımın bıçaqlandığını dəqiqləşdirdim. Tələsik xəstəxanadan çıxdım və evə getdim. Evə çatanda qardaşımın öldüyünü bildirdilər. Nadir öldürülməmişdən 4-5 gün əvvəl mənə demişdi ki, Azəri ondan pul istəyib, pul vermədiyinə görə, mübahisə ediblər”.

Məhkəmənin hökmü ilə Azəri Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Azəri Mirzəyev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayətinə baxılması üçün cinayət işinin materialları Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Yaxın günlərdə şikayət üzrə məhkəmə prosesi başlayacaq.

Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm