Milli Onkologiya Mərkəzi: “İldə üç minədək xəstəyə radioterapiya aparılır”
Bizi izləyin

Qırmızı.az

Milli Onkologiya Mərkəzi: “İldə üç minədək xəstəyə radioterapiya aparılır”

Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.

Publika.az-ın məlumatına görə, sazişə əsasən Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verilib.

Əməkdaşlıq sazişini Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və “Varian Medikal Sistems” şirkətinin vitse-prezidenti Fritz Derrer imzalayıb. İmzalanma mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin direktoru, akademik C. Əliyev bildirib ki, imzalanan saziş Azərbaycan Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın digər lider klinikalar tərəfindən qəbul olunmasını təsdiq edir. Saziş eyni zamanda tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa müddətdə gətirilməsinə, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına imkan verəcək. Nəticədə, ölkə əhalisinə göstərilən onkoloji xidmət daha yüksək səviyyədə olacaq.

Diqqətə çatdırıldı ki, Milli Onkologiya Mərkəzinin yüksək kadr potensialına malik şüa müalicəsi şöbəsində hər gün 200-250, il ərzində isə 3 minədək xəstəyə radioterapiya aparılır. “Varian Medikal Sistems” şirkətinin Bakı beynəlxalq tədris və məsləhət mərkəzində radioterapiya üzrə praktiki nümunəvi məşğələlər tədris olunacaq, xarici ölkələrdən olan həkimlər üçün radioterapiyanın müasir metodlarına həsr edilmiş klinik proqramlar üzrə dərslər təşkil olunacaq. Eyni zamanda, Azərbaycanın radiasion onkoloqları ilə yanaşı, digər mütəxəssislər - fiziklər, mühəndislər və texniklər üçün seminarlar nəzərdə tutulur.

“Varian Medikal Sistems” şirkətinin vitse-prezidenti Fritz Derrer isə təmsil olunduğu şirkətin fəaliyyəti barədə məlumat verərək bildirib ki, beynəlxalq tədris və məsləhət mərkəzi statusu ancaq ən müasir texnologiyalara, yüksək ixtisaslı kadrlara, xəstələrin müayinə və müalicəsində böyük təcrübəsi olan klinikalara verilir. Belə mərkəzlər Avropanın 5 ölkəsində mövcuddur və bağlanan sazişlə yeni bir mərkəz Bakı şəhərində Milli Onkologiya Mərkəzində fəaliyyət göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm