• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş sərgi keçirilir

Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş sərgi keçirilir

AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli Azərbaycan alimi, professor Aida xanım İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş geniş ədəbiyyat sərgisi təşkil olunub.

Publika.az xəbər verir ki, sərgini giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxananın direktoru filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli xalqımızın böyük zəka və fövqəl istedad sahiblərindən biri olan tanınmış ədəbiyyatşünas, şərqşünas, tərcüməçi, tənqidçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın həyatından, zəngin elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətindən geniş bəhs edib.

A.Əliyeva-Kəngərli alimin Azərbaycan şərqşünaslıq elminin və elmi məktəbinin formalaşmasında və inkişaf etdirilməsində müstəsna rolunun, xüsusilə ərəbşünaslığın, ərəb ədəbiyyatının geniş tədqiqatlara cəlb edilərək fundamental ümumiləşdirilmələr aparılmasında əvəzsiz xidmətlərinin olduğunu və fəaliyyət epoxasının maraqlı məqamlarını dilə gətirib.

A.Əliyeva-Kəngərli həmçinin qeyd edib ki, professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim olub. O, 20 ildən artıq bir müddət ərzində BDU-nun Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxuyub, xüsusi kurslar aparıb, dissertasiya və diplom işlərinə rəhbərlik edib.

Aida xanımın əsərləri dünyanın bir çox ölkələrində nəşr olunur, oxunur və yüksək qiymətləndirilir, adı nüfuzlu elmi məclislərdə, simpozium və konfranslarda hörmətlə çəkilir.

Daha sonra çıxış edənlər vurğulayıblar ki, professor Aida xanım İmanquliyevanın alim qələmi ilə uğrunda mübarizə apardığı ideya və amallar nə qədər ki, öz aktuallığını itirməyib, onun əsərlərinə müraciət edəcək və gələcək nəsillər onu daim minnətdarlıqla xatırlayacaqlar. Çünki A.İmanquliyeva Şərq və Qərb münasibətlərində çoxtərəfli dialoq və əməkdaşlığın olmasını son dərəcə vacib saymış, mədəniyyətlərin yalnız və yalnız qarşılıqlı hörmət, dialoq və inteqrasiya yolu ilə inkişafı və təkmilləşməsini, eləcə də bəşəriyyətin xoşbəxt gələcəyinin yalnız sülhdə, mədəniyyətlərarası dialoqda, elmi-ədəbi və mədəni inteqrasiya şəraitində mümkün olduğunu dönə-dönə qələmə alıb.

Sərgidə alimin “Cübran Xəlil Cübran”(1975; 2002), “Qələmlər birliyi və Mixail Nuaymə” (2002), “Yeni ərəb ədəbiyyatı korifeyləri”(2003), “Şərq və Qərb: Ortaq mənəvi dəyərləri” (2004) kimi , eləcə də onun həyat və yaradıcılığına həsr olunmuş Səlahəddin Xəlilovun “Şərq ruhunun Qərb həyatı” (2009), Şərəf Cəlillinin “Daşda çiçək açan Dilbər”, eyni zamanda “Dünya deyilən sənmişsən”, “Романтическая поэзия в контексте Восточно-Западной проблематики” (2009), həmçinin AMEA MEK-də “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası ilə 2009-cu ildə tərtib edilən və alimin həyat və yaradıcılığının biblioqrafiyalaşdırılması sahəsində böyük əhəmiyyətə malik “Aida Nəsir qızı İmanquliyeva: Biblioqrafiya” və s. 100-ə yaxın kitab , 40-dan çox məqalə, virtual görüntülər, video filmlər və fotomateriallar oxuculara nümayiş etdirilir.

Sərgi 15 gün davam edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR