Savaş zamanı eşq: xanım qazinin yaralı xatirələri - VIDEO
Bizi izləyin

Qırmızı.az

Savaş zamanı eşq: xanım qazinin yaralı xatirələri - VIDEO

“Cəbhə xətti” layihəsində:

“Cəbhə xətti” layihəsinin budəfəki xanım qonağı Abdullayeva Zibeydə Nəsib qızıdır. 1959-cu ildə Yevlax rayonunda anadan olub. Orta təhsilini burda başa vurduqdan sonra Bakı şəhərinə ali təhsil almaq üçün gəlib.

Lakin ailə problemləri ucbatından təhsil ala bilməyib. Yevlaxa qayıdıb. Rayonda İstehsalat birliyində işləyib. Gənc yaşında Kommunist partiyasına üzv olub. 1985-ci ildə ali təhsil almaq üçün Rusiyanın Kaluqa şəhərinə yollanıb. Burada iki il əczaçılıq ixtisası üzrə təhsil aldıqdan sonra təyinatla Tula şəhərində işləyib. Daha sonra Perm Əczaçılıq İnstitutuna daxil olub. Lakin burada da iki il oxuduqdan sonra təhsilini yarıda qoyaraq 1991–ci ildə Azərbaycana qayıdıb. Savaşa qoşulmaq üçün döyüş təlimlərinə qatılıb.

O günləri belə xatırlayır:

- Artıq həm tibb bacısı, həm də döyüşçü kimi döyüşə hazır idim. Amma atam, ailəm döyüşə getməməyim üçün məni bir aptekə işə düzəltdilər. Zorla olsa da, mənə imkan vermədilər ki, Qarabağa gedim. Ancaq mən hələ Rusiyadan zəng edəndə Azərbaycana gəlib döyüşəcəyimi demişdim.

Binəqədi İcra Hakimiyyətinin qabağından avtobuslar hər həftə Qarabağa könüllü gedənləri daşıyırdı. Mən də buradan döyüş bölgəsinə dava-dərman göndərirdim. Gələn şəhidlərə, axan qana dözmədim və döyüşlərə qatılmaq üçün komissarlığa müraciət etdim. Hərbi forma geydim, ailəmin xəbəri olmadan yollandım Şuşaya.

Donuzçuluq ferması

Daşaltına gəldik, burda bizi donuzçuluq fermasında yerləşdirdilər. Düz bir həftə oradakı dəhşətli qoxudan yata bilmirdim. Qapının ağzında bir daş vardı, onun üstündə yatırdım.

- Zibeydə xanım, bəzən ağır günlərin içində də xoş xatirələr olur. Sonralar xatırlandıqca ağrıları unutdurur.

- Elədir. Düz deyirsiz. Bir gün səhər yatmışdım. Bir də hiss etdim ki, kimsə məni səsləyir. Baxdım ki, bizim batalyonun uşaqları haradansa bir kauçuk gül tapıb gətiriblər ki, 8 mart bayramımı təbrik etsinlər. Bu, ömür boyu unuda bilməyəcəyim bir an idi. Əbülfəz Elçibəyin hakimiyyət vaxtları idi. Uşaqlar hamısı saf, təmiz, qeyrətli idilər. Xanımlara qarşı çox tərbiyəli davranırdılar. Onlar mənə bir əl-üz dəsmalı, bir sabun da hədiyyə etdilər. Artıq döyüşlərimiz başlamışdı. Hər gün şəhidlər verirdik. Mən tibb bacısı idim. Həm də döyüşürdüm. Yanımdakı uşaqların əksəriyyəti mənim məhlə uşaqlarım idi. Birlikdə boya-başa çatmışdıq.

Qan su yerinə axırdı

- Döyüş yolunuz haralardan keçdi, döyüşçülərimizi necə xatırlayırsız?

- Kosalarda dəhşətli döyüşlər gedirdi. Döyüşçülərimiz gözümün önündə şəhid olurdular. Dəhşətli yaralar alırdılar. Başı bədənindən qopanlar, qolunu, ayağını itirənlər olurdu. Dəli olacaq vəziyətdəydim. Ən dəhşətli atışma Zarıslı yolunda oldu. Qan su yerinə axırdı. Sumqayıt tibb məktəbinin sütül gəncləri bizə köməyə gəlmişdilər. Ermənilər onları top atəşinə tutdular. Hər kəs qırıldı, düz bir Kamaz meyit vardı. Özüm onları Şuşa hospitalına gətirdim. Heç biri tanınmırdı. Tikə-tikə olmuşdular. Yalnız bir nəfəri sağ idi. 19-20 yaşında gənclərdi.

Ayaqqabım qan içində idi

- Sizin işiniz daha da çətin olardı. Bir xanım olaraq, həm döyüşçü, həm də tibb bacısı kimi ağır yük düşürdü çiyninizə...

- Bütün gün ayaq üstə idik. Dağlara qalxır, oradakı meyitləri, yaralıları daşıyırdıq. Həm də erməniylə atışırdıq. Ayaqlarımın dərisi soyulmuşdu. Ayaqqabım qan içində idi - yeriyə bilmirdim, ayaqyalın döyüşürdüm. Onda bir həftəlik evə buraxdılar. Yenidən geriyə döndüm. Köhnə bir yanacaqdoldurmanın binasını öz gücümə tibb məntəqəsinə çevirmişdim. Məzuniyyətdən döndükdə gördüm ki, buranı QRAD-la vurublar. Yerlə-yeksan olub. Döyüşçü dostlarım buranı tərk edib qalxmışdılar Kosalara. Batalyonumuzdan kimsəni tapa bilməyib yola çıxdım. Gördüm bir tank gəlir onlarla, qalxdım döyüş yoldaşlarımın yanına. General Elbrus Orucov Abşeron batalyonuyla gəlmişdi ora. Mən də bu briqadaya gəldim və burada ilk dəfə normal hərbi geyimli əsgərləri gördükdə çox sevindim. Əsgərlərimiz ilk dəfə normal cərgələrə düzülmüşdülər. Burada mənim qadın olduğumu kimsə bilmədi. Bir əsgərin sözü ilə saçlarımı dibindən kəsdirmişdim. Bir dəfə gecə yatanda eşitdim ki, bir əsgər dostuna deyir ki, hələ sən bunun saçlarına bax... Bu da mənə ağır gəldi, saçlarımı kəsdirdim. Yerləşdiyimiz bir texnikomun binasını yenidən tibb məntəqəsinə çevirdim. Bütün döyüşçülər qardaşım idi. Bir gün səhər tezdən ermənilər bizi toplarla vurmağa başladı. Texnikaları çox idi. Bizim texnikamız da, əsgərlərimiz də sayca xeyli az idi. Hər postumuzda 10 əsgər vardısa, onlarda isə bu 100 əsgər idi. Suriya erməniləri, zəncilər, rus əsgərləri onlar tərəfindən vuruşurdu. Onlarla müqayisədə çox zəif görünürdük. Snayperləri bizə göz açmağa imkan vermirdi. Bilmirdim ki, ayaqlarım suda, ya qan içindədir. Bir əsgərimizin içini mərmi tamam aparmışdı, sadəcə, bədəninin dərisi qalmışdı. Bu, çox dəhşətli mənzərə idi. Artıq əlbəyaxa döyüşürdük.

Savaş zamanı eşq

- Çox maraqlıdı: döyüş vaxtı sizə eşq elan edən olmuşdumu?

- Bəli, sevgisini etiraf edənlər çox olub. Ramiz adında döyüşçümüz vardı. Məni dəlicəsinə sevirdi. Amma bu sevgiyə qarşılıq verə bilməzdim. Mən vətən üçün, torpaq üçün getmişdim döyüşə. Bu məsələlər ancaq torpaqlarımız azad olandan sonra ağlıma gələ bilərdi. Onunla birlikdə bir səngərdə döyüşürdük. O mənim üçün narahat idi. Ailəsi də bilirdi bunu. Bir gün birlikdə Maraldağda mühasirəyə düşdük. Vertolyotlarımız bizi mühasirədən çıxara bilsə də, itkimiz çox oldu. Mən də yaralandım. Beynimdə indi də qəlpə var. Hospitalda ayıldım, başağrılarım vardı. Onlar kimyəvi silahlarla vururdular bizi. Mən döyüşə bilmirdim, ona görə də Gəncə şəhərinə, hospitala gətirdilər. Böyrəklərim funksiyasını itirmişdi, artıq 1996-cı il idi. Məni əməliyyat etmək lazım oldu. Amma əməliyyat üçün pul istədilər, mən də əməliyyat oluna bilmədim. Bu, biabırçılıq idi, mənə deyirdilər ki, nə etmisiz axı, torpaqları verib gəlmisiz. Baxın, bu da bizə olan münasibət idi.

- İndi nə işlə məşgulsunuz? Ailə-uşaq?..

- İşsizəm. Xəstəyəm. Ev yox, eşik yox. Bacımın evində yaşayıram. 2001-ci ildə “Azpetrol” şirkətində işləyəndə öz iş yoldaşımla ailə qurdum. Üç il evli olduq, övladımız olmadı. Yenə deyirəm, bu döyüşlərə heç bir imtiyaz üçün getməmişdim. Savaş olsa, yenə də gedərəm.

- Zibeydə xanım, dövlət baba qayğınıza necə qalır?

- 301 manat təqaüd alıram. Prezident təqaüdüm isə 130 manatdır. Amma böyrəklərim xəstədir. Heç bir xəstəxana mənə sahib çıxmır, pul istəyirlər. Mənim isə pulum olmadığı üçün özüm-özümü müalicə edirəm. Beynimdə qəlpə var - bəzən huşumu itirirəm, iybilmə hissimi itirirəm. Təkcə 5 saylı xəstəxanada mənimlə yaxşı davranıblar. Müalicəm üçün lazım olan dərmanları vermirlər. Bahalı dərmanlardır, beyinlə bağlıdır. Ona görə də ayda 200 manat dərmana pul verirəm. Mən nə deyim, hər şey göz qabağındadır. Təəssüf ki, aramızda elə veteranlar var, cəmi 45 manat təqaüd alırlar və hər kəsin yadından çıxıblar. Azərbaycanda böyük şirkətlər var, olmazmı ki, döyüşən qadınlara birotaqlı ev verələr? Bilirsiz, Şəhidlər xiyabanında yatanlar artıq rahatdır, şəhid, ölü bizik. Nəfəsimiz eləcə yalandan gedib-gəlir...

Nihat Cəbrail

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm