Azərbaycanda Ebolaya qarşı tədbirlər gücləndirildi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda Ebolaya qarşı tədbirlər gücləndirildi

Azərbaycanda Ebola təhlükəsi ilə bağlı tədbirlər gücləndirilib. Bunu Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyi yanında Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova deyib.

“Bütün sərhəd keçid məntəqələrinə maarifləndirici çap materialları təqdim edilib. Risk qrupunda olan ölkələrdən gələn vətəndaşlar üzərində 21 gün tibbi müşahidə aparılır. Elmi Tədqiqat-Ağciyər xəstəlikləri İnstitutunda 10-a yaxın xüsusi palata ayrılıb. Orada xəstələrin saxlanılması üçün bütün şərait yaradılıb. Hazırda isə bu virusla bağlı Azərbaycanda hər hansı təhlükə yoxdur, belə fakt aşkarlanmayıb”.

R.İsmayılova qonşu Gürcüstanda Ebola faktının aşkarlanmasının ölkəmiz üçün təhlükənin yaxınlaşdığını göstərməsinə münasibət bildirib:

“Xəstəlik gizli dövrdə yoluxucu deyil. Yəni xəstəliyə yoluxmuş şəxs ilk 21 gün ərzində başqaları üçün təhlükəli deyil. Yalnız xəstəliyin əlamətləri müşahidə ediləndə, yüksək qızdırma, baş, boğaz ağrıları, ürəkbulanma, daxili və xarici qanaxmalar varsa, onlarla ünsiyyətdə olanlar üçün təhlükə var”.

Şöbə müdiri Ebola ilə bağlı yaradılmış “qaynar xətt”ə əsasən xəstəliyin əlamətləri, yoluxma üsulları barədə məlumat almaq üçün zəng edildiyini bildirib.

“Yüksək hərarəti olanlar da müraciət edir. Onlara da Ebolanın yalnız xəstə insanla ünsiyyət zamanı keçdiyi izah edilir. Əks halda, hər yüksək hərarətin Ebola ilə səhv salınmaması tövsiyə edilir”.

Qeyd edək ki, qonşu Gürcüstanda 13 nəfər Ebola şübhəsi ilə saxlanılıb. Ümumilikdə isə qonşu ölkədə Ebola ilə mübarizə çərçivəsində 60-dan çox adam nəzarətə alınıb. Onlardan bir nəfərin Gürcüstan vətəndaşı olduğu, digərlərinin isə risk qrupuna daxil olan ölkələrdən gəldiyi bildirilir.

Qərbi Afrikada Ebola virusundan 3879 nəfər ölüb, 8033 nəfər virusa yoluxub.Liberiya, Siyerra-Leon, Qvineya, Nigeriya, Konqo Demokratik Respublikası və Seneqalda Ebola virusuna yoluxma qeydə alınıb. Hətta ötən gün İspaniyada da tibb bacısının virusa yoluxduğu aşkarlanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm