Mehriban Əliyeva Bakıda ilk dəfə keçirilən “V1 Challenge Azerbaijan” yarışının açılış mərasimində iştirak edib
Bizi izləyin

Qırmızı.az

Mehriban Əliyeva Bakıda ilk dəfə keçirilən “V1 Challenge Azerbaijan” yarışının açılış mərasimində iştirak edib

Bu gün Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakı Kristal Zalında ilk dəfə olaraq “V1 Challenge Azerbaijan” yarışı start götürüb.


Trend-in məlumatına görə, yarışın açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Əvvəlcə "V1 Challenge Azerbaijan" yarışının təqdimat şousu keçirilib.

Təqdimat şousunda İsraildən olan dünya şöhrətli “Voca People” qrupu konsert proqramı ilə çıxış edib.


Tamaşaçılara incə yumor, gözəl səslər və maraqlı repertuarları özündə cəmləşdirən proqram təqdim olunub. Canlı vokal səslənmə ilə yüksək səviyyəli bitboksu özündə birləşdirən akapella-şou zövqləri oxşayıb.

Sonra şounun aparıcısı Murad Dadaşov səhnəyə çıxıb. O qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq belə bir möhtəşəm yarış keçirilir.


Sonra Azərbaycanın üçrəngli bayrağı ilə bəzədilmiş kart maşınların nümayişi olub. Bundan əlavə, "V1 Challenge Azerbaijan" yarışmasına hazırlığı əks etdirən videoçarx nümayiş etdirilib.


Daha sonra isə Azərbaycan Avtomobil Federasiyasının Prezidenti Anar Ələkbərov yarışmanı rəsmi olaraq açıq elan edib.


Tamaşaçıları salamlayan A.Ələkbərov qeyd edib ki, Azərbaycanın bir- birindən maraqlı və əhəmiyyətli tədbirlərə, beynəlxalq konfranslara, forumlara, sərgilərə və idman yarışlarına ev sahibliyi etməsinin şahidi oluruq:

“Fərəhləndirici haldır ki, bu gün Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi təcrübə və nailiyyətlər, bir çox istiqamətlərdə həyata keçirdiyi layihələr beyəlxalq qurumlar tərəfindən örnək kimi qəbul edilir. Ölkəmizin coğrafi mövqeyi və tarixi, xalqımızın mədəniyyətlər və sivilizasiyalararası dialoqa verdiyi önəm Azərbaycanı yüksək tolerantlıq ənənələrinin və multikulturalizm dəyərlərinin mövcud olduğu məkan kimi tanıdıb”.


Federasiya prezidenti vurğulayıb ki, dövlət siyasətinin nəticəsi olaraq, bu gün biz Azərbaycanı dünya birliyində idman ölkəsi kimi də təqdim edə bilərik.


A.Ələkbərov vurğulayıb ki, son 10 ildə Azərbaycanda 40-dan çox olimpiya mərkəzi istifadəyə verilib, gənc idmançılarımız qarşısında yeni perspektivlər və imkanlar açılıb:

“Biz dəfələrlə ayrı-ayrı idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi etmişik. Bu gün isə paytaxtımız 2015-ci ildə idman tarixində ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına hazırlaşır. Ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə, təşkilat komitəsinin səyləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək templə görülən hazırlıq işlərinə birbaşa nəzarət etməsi deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarını layiqincə keçirəcək”.

Federasiya prezidenti bildirib ki, idmanın təbliği, idman infrastrukturunun yaradılması və yenilənməsi, əhalinin maarifləndirilməsi kimi mühüm sahələri əhatə edən dövlət siyasəti ayrı-ayrı qurumları, o cümlədən Azərbaycan Avtomobil Federasiyasını bu sahələrdə daha aktiv fəaliyyətə sövq edir:

“Azərbaycan Avtomobil Federasiyası avtomobil idmanı, yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti iştirakçılarının hüquqlarının müdafiəsi, avtomobil sənayesi və nəqliyyat infrastrukturu, avtomobil yarışları üzrə mütəxəssislərin, peşəkar pilotların hazırlanması sahəsində yeni layihələrin həyata keçirilməsinə başlayıb. Bizim əsas məqsədimiz ölkə ərazisində yol hərəkəti təhlükəsizliyi və mədəniyyətinin təbliğ olunmasına, vətəndaşların, xüsusilə də yaşlı və gənclərin yol hərəkəti təhlükəsizliyi mözusunda maarifləndirilməsinə, nəqliyyat vasitələrinin istismarı sahəsində ətraf mühitin mühafizəsinə yönəlmiş layihələri reallaşdırmaqdır”.


A.Ələkbərov əlavə edib ki, siması gündən-günə dəyişən Bakıda aparılan quruculuq işləri, salınan yeni yollar və körpülər idman yarışları həvəskarlarına avtomobil yarışlarını paytaxtımızda canlı izləmək şansını da verir:

“2016-cı ildə ölkəmizdə ilk dəfə olaraq “Formula-1” üzrə Avropa Qran-pri yarışları keçiriləcək və Azərbaycan Avtomobil Federasiyası yarışların rəsmi tərəfdaşı kimi tədbirin təşkilində yaxından köməklik göstərəcək”.


A.Ələkbərov vurğulayıb ki, bu gün keçirilən "V1 Challenge Azerbaijan" yarışımasında 12 ölkədən, o cümlədən Almaniya, Belçika, Bolqarstan, Fransa, Xorvatiya, İtalya, Livan, Moldova, Portuqaliya, Türkiyə və Türkmənistandan peşəkar pilotlar yarışacaqlar.


Çıxışdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Bundan sonra isə tryüklar nümayiş etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm