Məktəblərdə telefona QADAĞA
Bizi izləyin

Qırmızı.az

Məktəblərdə telefona QADAĞA

Paytaxtın bəzi məktəblərində şagirdlərin mobil telefondan istifadəsi qadağan edilib. Qadağaya səbəb telefondan istifadənin dərs prosesinə mane olmasıdır.

Hələ ötən ildən paytaxtın 50-yə yaxın məktəbində bu qadağanın tətbiq edilməsi ilə bağlı məlumat yayılmışdı. Lakin hələ də məktəbə mobil telefonla gələn şagirdlər var. Çünki bu məsələdə valideynlərlə məktəb rəhbərliyi ortaq məxrəcə gələ bilmir.

Övladını telefonla məktəbə göndərən valideynlər bunu uşaqlarından istədikləri vaxt məlumat ala bilməklə əsaslandırırlar. Bəzən məktəb evdən uzaq məsafədə yerləşir, xüsusən də işləyən valideynlər uşağın dərsdən çıxması, evə qayıtmasını, repititor yanına getməsini məhz mobil telefonun köməyi ilə öyrənir.

Valideynlərin narahatlığı, övladları barədə məlumat əldə etmək istəmələrinə sözümüz yox. Lakin məsələnin başqa tərəfləri də var ki, bunları gözardı edə bilmərik.

Mobil telefonlar bir vaxtlar məktəblilər arasında olan daha dəbli geyim yarışının yeni formasıdır. Ən bahalı, ən son model mobil telefon istifadə etmək artıq şagirdlərin əsas müzakirəsinə çevrilib. Bu yarış onları həm də tədrisdən yayındırır.

Çünki valideynlərin dediyi kimi, şagirdlər mobil telefondan yalnız onlarla əlaqə saxlamaq üçün istifadə etmir. Telefonun oyun, çat, foto və video imkanlarından yararlanırlar. Bununla həm də dərs prosesini pozurlar. Son dövrlər müəllimlərlə bağlı yayılan video çəkilişlər də şagirdlərin telefon marağının nəticəsidir.

Bunlar bir tərəfə, ən önəmli məqam isə mobil telefonun uşaqların səhhətinə vurduğu ziyandır. Araşdırmalara görə, bütün istifadəçilər üçün zərərli hesab edilən mobil cihazlar uşaqlara daha tez təsir edir. Mobil telefonlar eşitmə və görmə funksiyalarının pozulması ilə yanaşı, beyin xərçənginə tutulmaqda uşaqlar daha çox risk altındadır.

Bunları nəzərə alaraq hələ də övladını məktəbə telefonla göndərən valideynin onu düşünməsi sual altındadır.

Lakin məsələ ilə bağlı konkret əmrin olmaması hələ ki məktəb rəhbərliyini valideynlərin istəklərinə boyun əyməyə məcbur edir.

19 saylı məktəbin direktoru Akif Əliyev məsələnin alternativ yolunu tapdıqlarını bildirib:

“Şagirdlərin məktəbə telefon gətirməsini qadağan etmişik. Çünki şagirdlər telefondan tədrislə bağlı məlumatlar öyrənmir, əksinə, dərs prosesində müxtəlif sosial şəbəkələrdə olur, mesajlaşırlar. Valideynlərin övladları barədə məlumat almaq istəyini də nəzərə alaraq, məktəbə valideynlər üçün əlavə telefon çəkdirmişik, həm valideynlər istədikləri vaxt övladları ilə danışmaq üçün zəng edə bilər, həm də uşaqlar tənəffüsdə həmin telefondan istifadə edə bilər”.

190 saylı məktəbin direktoru Ceyran Quliyeva isə məsələ ilə bağlı konkret qərar qəbul etdiklərini bildirdi. Onun sözlərinə görə, 9-cu sinfə qədər şagirdlərə məktəbdə mobil telefondan istifadə qadağandır. 10-11-ci siniflərdən isə 1-ci dərsdə telefonlar alınır və dərsdən sonra onlara geri verilir:

“Həmin şagirdlərin repititor yanına getdiyini və valideynlərin onlardan nigaran qaldığını anlayırıq. Çünki bəzən şagirdləri səhər saat 08:00-da evdən çıxır və hazırlıqları axşam saatlarında başa çatır. Valideynin həmin saatda övladından məlumat alması normaldır. Lakin telefonu dərsdə istifadə etmək olmaz. Çünki telefon həm dərs prosesinə mane olur, həm də bəzən xoşagəlməz çəkilişlər edib sosial şəbəkələrdə yayırlar. Dərsdən sonra isə onların telefondan istifadə etmələri problem deyil. Qərarımıza əsasən kimdə dərs zamanı mobil telefon aşkarlansa, əlindən alınacaq. Bu vaxta kimi belə hal olmayıb, lakin olsa, alacağıq”.

Mobil telefondan istifadə ilə bağlı Təhsil Naziri tərəfindən xüsusi əmr verilməsinə gəldikdə, C.Quliyeva buna ehtiyac olmadığını bildirdi. Onun sözlərinə görə, məktəbdə sözükeçən, nüfuz sahibi olan direktor bu işə nəzarət edə bilər. Bunun üçün xüsusi qərara ehtiyac yoxdur.

Təhsil eksperti Etibar Əliyev isə direktorlardan fərqli olaraq, məsələnin həllinin nazirliyin qərarından asılı olduğunu düşünür.

“Artıq nazirlik tərəfindən bu məsələ ilə bağlı əmr verilməsinin vaxtı çatıb. Məsələni direktorların nəzarətinə buraxmaq düzgün deyil. Çünki direktorların böyük bir kəsiminin valideynə söz demək ixtiyarı çatmır. Hansı məktəbdə valdeynlərlə münasibət qurulubsa, onlar məsələyə sərt yanaşa bilmir. Bu məsələdə nazirliyin qəti mövqeyi olmalıdır. Yuxarı sinif şagirdləri telefondan daha çox istifadə edirlər. Şagird dərs zamanı gələn zəngə cavab vermək üçün ya icazə alıb dəhlizə çıxmalı, ya da sinifdə danışmalıdır. Hər iki halda dərs prosesi pozulur. Ona görə də, nazirlik bu məsələdən boyun qaçırmamalıdır. Qaydanı pozan şagird mütləq cəzalandırılmalıdır”.

Valideynlərin övladlarından məlumat almaqla bağlı əsaslandırmalarına gəldikdə, E.Əliyev bunun yalnız əsassız bəhanə olduğunu dedi.

“Bir çox inkişaf etmiş ölkələrdə şagirdlərin telefondan istifadəsinə icazə verilmir. Bundan başqa, bu məsələyə yanaşmaq spesifik olmalıdır. Şagirdlər telefondan dərsi pozmaq üçün istifadə edirlərsə, ona qarşı da tədbir görülməlidir”.

Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna verilən məlumata görə, orta məktəblərdə şagirdlərin telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir təlimat verilməyib. Tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi tövsiyə olunmur. Xüsusilə də dərs zamanı bu mövqe birmənalıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm