Müğənninin çay evi - əxlaqsızlıq yuvası, yoxsa hacıların məkanı? - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Müğənninin çay evi - əxlaqsızlıq yuvası, yoxsa hacıların məkanı? - FOTOLAR

Bir neçə gündür “New Life” çay evinin başının üstündən qara yellər əsir. Çay evində əxlaqsızlıq yuvasının aşkarlanması qısa müddətdə medianın əsas xəbər lentini işğal etdi.

Şəhərdə onlarla əxlaqsız yuvalarının olması, hər gün iki-üçünün aşkarlanması xəbəri mütəmadi olaraq gündəmə gəlir. Lakin həmin “yuvaların” aşkar olunandan sonra da rahat və reklam olunmuş kimi fəaliyyətini davam etdirməsi də heç kəsə sirr deyil. Amma nədənsə yuxarıda adı çəkilən çay evinin mətbuata bu qədər sürətlə yol tapması diqqətimizdən yayınmadı. Səbəb, bəlkə də, çay evinin gənc müğənni Elçin Hüseynova məxsus olması idi. Xəbər portalları bir az da uzağa gedib Elçin Hüseynovun müğənni Yusif Mustafayevin qaynı olmasını xüsusi vurğu ilə qeyd edirdi.

Gərək bizimlə əlaqə saxlayaydılar

Axar.az olaraq yayılan xəbərdə adı hallanan tanınmışlarla əlaqə saxladıq. Hər iki tərəf xəbərdən şoka düşdüklərini dedilər. Yusif Mustafayev hal-hazırda rayonda olduğunu, bu çay evi ilə ümumiyyətlə heç bir əlaqəsi olmadığını dedi. Elçin Hüseynov isə sadəcə burada anlaşılmazlıq və qərəzin olması ehtimalını dilinə gətirməkdən çəkinmədi:

- Jurnalistlər xəbəri yaymazdan qabaq bizimlə əlaqə saxlamalı idilər. Bununla bağlı mətbuat konfransı keçirəcəyik, – dedi. - Bu, onların peşə fəaliyyətinin tərkib hissəsidir...

Doğru söz idi. Amma nəzərə alsaq ki, məlumat DİN-in Mətbuat xidməti tərəfindən yayılıb, xəbərin ciddiliyinə şübhə yeri qalmırdı.

Çay evinin sahiblərinin obyektləri haqda arzuolunmaz informasiyanın getməsini digər yerlərin sahibləri kimi susqu ilə qarşılamamsı doğurdan da hansısa anlaşılmazlıqdan xəbər verə bilərdi. Əks halda susmağa üstünlük verər, xəbərin yanlış olması haqda danışmaz və mətbuat konfransı keçirməzdilər.

Foto reportyorumuz İsmi ilə mətbuat konfransına saat yarım qalmış deyilən məkanda olduq. Həm kənardan, həm ərazidə yaşayanlardan, həm də içəridən müşahidələr aparıb reportaj hazırlamaq istədik.

Tanıyırıq, aşağıdadır...

Bir qədər kənarda dayanan taksi sürücüsünə yaxınlaşıb çay evini soruşduq. Sürücü yolun əks istiqamətini göstərdi:

- Tanıyıram, aşağıdadır. Gedin görəcəksiz.

Getdik və gördük. Çay evi hündürmərtəbəli binanın birinci mərtəbəsindədir. İçəri keçməzdən öncə yaxınlıqda müştəri gözləyən taksi sürücüsünə yaxınlaşdıq:

- Qardaş, bizə istirahət etmək üçün yer lazımdır. Yanımızda zərif məxluqlar da olacaq, yaxşı yer tanımırsan?

Taksi sürücüsü bir neçə restoran və kafenin adını çəkdi:

- Buralarda şərait əladır. Yataq otağı, hamamı və sair.

Bu işi gizlində görənin dərisini soyarlar

Qiymətini də soruşuruq. Sürücünün məlumatından aydın olur ki, qiymətlər heç də pis deyil:

- Otaqlar var ki, saatı 15-30 manatdır. Yemək-içməkdən əlavə.

- Bəs, polis-zad ilişmir?

-Yox əşi, nə polis. O yerlər problemlərini çoxdan həll edib. Hamısı sərbəst işləyir. Bu işi gizlində görənin dərisini soyarlar.

Ətraflı məlumat versə də axırda:

- Amma inciməyin, mən elə yerlərə adam aparmıram. Yəni bu niyyətlə gedənləri. Tobalıyam. Namaz qılıram. Yaxınlaş o oğlana aparar. Hələ istəsən, əlinin altında ürəyin istəyən qadınların telefonu da var. Ancaq mənlik deyil, – deyib bizi naümid qoymasına görə üzr də istədi.

Bura hacılar, sənət adamları gəlir

- Bəs, “Nyu Layf” çay evi necə? Orda olmaz?

- Yox. Ora mədəni bir yerdir. Məşhurlar, hacılar, sənət adamları gəlir... Ora getməkdənsə dediyim yerlərə gedin. Həm də...

Üzünü yana çevirdi. Hiss etdim ki, bu mövzuda söhbət ürəyincə deyil.

Qonşuluqdakı marketə giririk. Marketin məsul işçisi zənd etdiyim bir nəfərlə söhbət edirəm və qonşuluqdakı “əxlaqsızlıq yuvası” ilə necə yola getdiklərini soruşuram. Həmsöhbətim də bu xəbəri yanlış hesab edir:

- Boş söhbətdir, o obyektin sahibi elə şeylə pul qazanmaz. Həm də əxlaqsızlıq yuvaları belə yerdə olmur. Üstü və ətrafı yaşayış binalarıdır. Elə yerlər bir qədər “qluxoy” yerdə olur. Mən özüm bu binada oluram.

- Onların xidmətindən bəhrələnmisiz? Necədir, qiymətlər münasibdir?

- Baxır kimə necə. Burda əsasən çay verirlər. Az olmuşam. İki dəfə qonaqlarım gəlib, onlarla oturmuşuq. Bir dəfə də qızım birinci sinfə gedərkən dost-tanışla ailəvi yığışmışıq. Burda o ab-hava ola bilməz...

Həmsöhbətimlə sağollaşıram.

Bunlardan haqq istəyiblər

Bir nəfər özü marağımızı görüb yaxınlaşır:

- Jurnalist olduğunuzu bildim. Mən bura mal verən firmalardan birinin işçisiyəm. O söhbəti belə eşitmişəm. Bunlardan haqq istəyiblər. Çay evinin rəhbərliyi verməyib. Əslində, düz də ediblər. İşçilərini müqavilə ilə işə götürüblər, vergidən yayınmırlar. FHN-ilə problemləri yoxdur, “sanepidemiya” da yoxlayır. Niyə versinlər? Qazanclarını hesablayırlar. Bilirsən, bura məşhur müğənnilər, toy danışan müştərilər çox gəlir. Saat 12-dən sonra “manısların çoxu burdadır”. Özü də o şalvarı cırıq, qulağı sırğalılar yox e, Yusif Mustafayev, Abbas, Ədalət, Emil kimi özünü tanıyanlar gəlir. O qaval götürüb oxuyanlar, xanəndələr var ha, onlar gəlir.

- Bəs onlardan haqq tələb edənlər kim imiş?

- Nə bilim, amma öyrədilmiş bir oğlanı qızla müştəri kimi göndəriblər bura. Xidmətçilər görüb ki, oğlan köynəyini soyunub, deyiblər, qardaş, bura mədəni yerdir, belə olmaz. Elə bu moment də polislər girib içəri. Yüz faiz öyrədiliblər də. Özü də günorta vaxtı...

Ruhumuza yaxın adamların toplaşdığı yer

Çay evinin şüşəli qapısından içəri keçirik. Tanış simalar görünür. Şair-publisist Vüqar Əhməd, xanəndə Səfər Məmmədov, gənc müğənni Mir Kamil Kamilov foyedə oturub çay içirlər. Hər biri ilə səmimi görüşürük. Vüqar Əhməd məni təqdim edir.

- Xeyir ola, burda, ay hacı? – Səfər müəllimə ünvanladığım suala Vüqar bəy cavab verir:

- Boş vaxtlarımız olanda Hacı Səfərlə vədələşib bura gəlirik. Düzdür, bunların vaxtı toydan sonra olur. Amma gündüzlər də vaxt tapıb gəlirik.

Səfər bəy gənc oğlana İsmi ilə mənə stəkan gətirməyi tapşırır. Otururuq.

Mir Kamil də sözarası vaxtının səmərəli keçirdiyi yerin bura olduğunu deyir:

- Sənət dostlarımı görürəm. Söhbətimizi bura salırıq. Bu yer bizim ruhumuza yaxın adamların toplaşdığı yerdir.

- Nə əcəb başqa, daha münasib yerlərə getmirsən? Bu kişilər yaşlı nəslə mənsubdur. Sən ki gəncsən?

Bu dəfə isə Mir Kamilə ünvanlanan suala Hacı Səfər cavab verir:

- Həmin “münasib” yerlər bizlərə, Kamil kimi tərbiyəli gənclərə namünasibdir.

Hiss edirəm ki, hər üç sənətçi dostlarına dəstək üçün burdadır. Elə ona görə də söhbəti əxlaqsızlıq yuvası mövzusuna gətirirəm. Hər üç sənətkar bu sözü özlərinə təhqir kimi qəbul edir:

- Bu yaşımızda bizə heç yaraşar elə yerlərdə olaq? Düzü budəfəki gəlişimiz Elçinə dəstək olmaqdır. Gözümüzün qabağında böyüyüb, atasının, babasının, nəslinin əxlaqı, tərbiyəsi göz önündədir. Yerlimdir. Sənətdə də ilk addımlarını elə bizim yanımızda atıb, – bunları da Səfər Məmmədov deyir. O, Elçin Hüseynovun həmyerlisidir.

Otaqları gəzirik. Səliqəli və kifayət qədər komfort şəraiti olan bir yerdir. Amma deyilən məqsəd üçün burada heç bir şərait yoxdur. Buradan əxlaqsızlıq yuvasının iyi gəlmir.

Telefonum susmaq bilmir

Bir azdan çay evinin sahibi kimi təqdim olunan Elçin bəy də gəlir. Söhbət edirik.

- Doğrusu, saytlarda bu məlumat getdikdən bəri telefonum susmaq bilmir. Dostlar narahatdır. Axı bura məni tanıyanlar da gəlir. Bu çay evinin mənə bağlılığı həm var, həm də yox. Bura mənim yaxın qohumumundur. Amma mən həmişə burada oluram. Məşqlərimi burada edirəm, hətta burada klip də çəkdirmişəm. Kliplərimin təqdimetmə mərasimləri də burada keçirilib.

Adət-ənənəyə bağlılıq

Elçin bəy TV-lərin bəzi proqramlarından uzaq olduğunu deyir:

- Mənim xarakterim, mənsub olduğum ailə, nəslim, özümün adət-ənənəyə bağlılığım imkan vermir bəzi verilişlərə çıxım. Bir dəfə TB-lərin birindən zəng edib verilişə çağırdılar. Mövzu ilə maraqlandım. Verilişə getdim. Görürəm tamam başqa şeydən, cinsi əlaqədən, nikahsız yaşamadan və daha eybəcər şeylərdən bəhs edirlər. Danışmadım. Reklam zamanı aparıcı deyir ki, niyə danışmırsan? Dedim, axı mənə tamam başqa mövzu demisiz. Deyir, belə mövzular aktualdır. İndi mən necə rəvac verərəm ki, mənə məxsus olan çay evi əxlaqsızlıq yuvası olsun?

İnanclı ailədə böyümüşük. Atam Hacıdır. Mənim özümün biznesim var və pis də dolanmıram. Hər gün də toydayam, normal qiymətə də gedirəm. Bu çay evindən isə ofis kimi yaralanıram həm də. Dostlarım məni axtarıb, harasa dəvət edəndə deyirəm ki, burdayam, bura gəlin, özümüzündür.

Abbasın “hücrəsi”

Reklamını edirəm, danmıram. Niyə də etməyim? Axı bizimdir, qardaşım oğlunundur. Demək, həm də mənimdir. Təsəvvür elə, bura sənətçilərimiz üçün elə bir doğma məkana çevrilib ki. Məsələn, Xalq artisti Abbas məni harasa çağırmışdı, dedim yox, gəl bura. İndi həmişə gəlir. 6 saylı kabinənin üstündəki rəqəmin qarşısına iki ədəd “0” yapışdırıb, olub ”006”. Maşınının nömrəsidir. Orda oturur. Burda xoş əhval-ruhiyyə var.

Qanun qarşısında boynumuz tükdən də nazikdir

İsmiyə baxıram. Gülümsəyir və otaqdan çıxır. Başa düşür ki, ona həmin otağın da şəklini çəkməyə işarə etmişəm. Elçin isə davam edir:

- Bir dəfə qardaşım oğluna deyiblər ki, saat 12-dən sonra işləməsin. Mən də ordaydım. Dedim ki, qardaş, axı buranın müştərilərinin əksəriyyəti müğənnilər, musiqiçilərdi. Onların sərbəst vaxtı o zaman olur. Yox, əgər qanun bunu deyirsə, biz kimik ki, qanun qarşısında boynumuz tükdən də nazikdir. Bir söz demədilər. Getdilər.

Deyir, erməni toyu edibsən

Elçin Hüseynov özünə olan haqsızlıqlardan da bəhs etdi:

- Bir dəfə Moskvada yəhudi toyunda olmuşdum. Üstündən neçə müddət keçəndən sonra məşhur saytlardan birinin baş redaktoru gecə mənə zəng vurdu. Dedi ki, bizə deyirlər, Moskvada erməni toyu aparıbsan. Deyirəm ki, yalandır. Həmin toyun diskini verim, özün bax. Görərsən ki, heç də elə deyil. Deyir yox, baxmıram. Bizə deyiblər belədir.

Mətbuat konfransı

Çay evinin vəkili Ceyhun bəy danışdı. İnformasiyanın DİN-in Mətbuat xidmətindən yayıldığını bildirdi:

- Lakin bəzi saytlar həmin məlumatı təhrif ediblər. Bu çay evinin Hüseynov Anar Əlibala oğluna məxsusdur, bütün hüquqi sənədlər onun adınadır. Elçinin adının hallanması onun işgüzar fəaliyyətinə mənfi təsir göstərir. Bu onun şərəf və ləyaqətinin təhqir olunması deməkdir.

Faiq Balabəyli

İsmi Şahzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm