Abşeronda yeni şəhər salınır - FOTO
Bizi izləyin

Qırmızı.az

Abşeronda yeni şəhər salınır - FOTO

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək yeni körpüdə görülən inşaat işləri ilə tanış olub.

Publiak.az xəbər verir ki, dövlət başçısına bildirilib ki, yeni körpüdə tikinti işlərinə 2012-ci ilin sonunda başlanılıb. Dəniz dalğalarının Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq, avtomobil körpüsünün tikintisini sürətləndirmək və yolətrafı zonada ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə magistral boyu sahilbərkitmə işləri görülüb. Layihə üzrə işlərin 60 faizi artıq icra edilib.

Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu giriş-çıxış hissəsi arasında 710 metr, eni 14, hərəkət zolağının eni isə 12 metrə yaxındır. Körpüdə də inşaat işlərinin xeyli hissəsi görülüb. Körpü istismara verildikdən sonra onun altından gəmilərin hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər başa çatdırılıb. Görülən işlər gəmilərin körpünün altından sərbəst hərəkətinə imkan verəcək.

Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonra dövlət başçısı Pirallahı rayonunda yeni şəhərin konseptual planı ilə tanış olub. İnkişaf layihəsinə uyğun olaraq yeni şəhər üçün Gürgən dəniz sahili boyu və ətraf ərazilər seçilib. Burada ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. İlkin olaraq, yeni şəhər 120 min əhalinin yaşaması üçün nəzərdə tutulub. Burada, həmçinin inzibati binalar, çoxmərtəbəli evlər, ticarət mərkəzləri tikiləcək, istirahət guşələri yaradılacaq, şəhəri dənizlə birləşdirəcək parklar salınacaq.

Layihəyə görə, ilkin mərhələdə 60 yaşayış binasının tikintisi nəzərdə tutulub. Binaların əksəriyyəti dördmərtəbəli terras formasında olacaq. Yeni şəhərdə universitet kompleksi, balıqçılıq platforması tikiləcək və sənaye zonası da yaradılacaq.

Sonra İlham Əliyev Pirallahı qəsəbəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub.

Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasadlarının təmirinə başlanılıb. Binaların fasadlarının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır, şəhərsalma və tikinti normalarına cavab verməyən kiçik və yarımçıq tikililər sökülür, ərazilər təmizlənərək abadlaşdırılır. Binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.

Pirallahı qəsəbəsində sakinlərin rahatlığının təmin edilməsi məqsədilə bazar, ticarət mərkəzləri və yanacaqdoldurma məntəqəsinin inşası nəzərdə tutulub. Bu işlər, eyni zamanda, məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm