• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sərnişinlər ən çox hansı avtobuslardan şikayətçidir?

Sərnişinlər ən çox hansı avtobuslardan şikayətçidir?

Bu ilin doqquz ayı ərzində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin “141-Qaynar Xətt” xidmətinə 30251 zəng daxil olub. Zənglərin 30%-i avtobuslarla bağlı şikayətlər, 69%-i məlumat və informasiyaların öyrənilməsi, 1%-i isə təkliflər olub.

Bu barədə Publika.az-a Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı məlumat verib.

Onun sözlərinə görə, “Qaynar xətt”ə müraciətlər azalıb. Belə ki, ötən ilin müvafiq dövründə quruma 38957 müraciət daxil olub.

Ş.Mehmanqızının sözlərinə görə, “141 Qaynar xətt” xidmətinə günün 24 saatı zənglər qəbul edilir. Gün ərzində təxminən 50 zəng olur:

“Gün ərzində olan zənglərin 25-i sorğular olur. Bu zaman insanlar getdikləri ünvanlara hansı avtobuslarla gedə biləcəklərini, hansı ərazidə sıxlıq olduğunu soruşur. Həmçinin dayanacaqlarla bağlı aparılmış təmir işləri, hər hansı problemin aradan qaldırılması ilə bağlı təşəkkür də edirlər. Təxminən 15-20 zəng avtobuslardan şikayətlər olur. Ümumilikdə zənglərin 40%-i sorğu, 10%-i təşəkkür, 50%-i isə şikayətlər olur”.

NİİM rəsmisi avtobuslarla bağlı şikayətlərə də toxunub.

“Avtobuslarla bağlı həm sərnişinlər, həm də sürücülər tərəfindən şikayətlər olur. Sərnişinlər daha çox sürücülərin kobud davranışı, dayanacaqda saxlamaması, avtobusun yüksək sürətlə idarə edilməsi, sürücülərin siqaret çəkməsi, söyüş söyməsi, avtobusların qapısı açıq olarkən idarə edilməsi və pulun qalığının düzgün qaytarılmaması ilə bağlı müraciət edirlər. Həmçinin sürücülərin də sərnişinlərdən narazılığı olur. Onlar daha çox avtobus dolu olduğu halda sərnişinlərin zorla minməsini, dayanacaqdan kənarda saxlamağa məcbur etmələrindən şikayət edirlər”.

Ş.Mehmanqızı ən çox müraciətlərin hansı avtobuslarla bağlı olmasına da aydınlıq gətirdi.

“Ən çox müraciətlər Bakıətrafı kənd və qəsəbələr, Xırdalan istiqamətində hərəkət edən avtobuslardan olur. Çünki bu istiqamətlərdə hərəkət edən avtobusların marşrut yolu uzun olur, gecələr yaxşı işləmir və intervalları uzanır. Lakin bütün şikayətlər ay ərzində toplanır, NİİM-in müvafiq qurumlarına aiddirsə onlara, həmçinin Bakı Sərnişin Nəqliyyat MMC-yə məlumat verilir. Bu şikayətlərə baxıldıqdan sonra nəticələr barədə NİİM rəhbərliyinə rəsmi məktub göndərilir. Orada şikayət əsasında hansı tədbirin görülməsi, qanunu pozanların necə cəzalandırılması barədə məlumatlar əks olunur”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR