• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gömrük orqanlarının əməkdaşları üçün təlimlər keçirilir

Gömrük orqanlarının əməkdaşları üçün təlimlər keçirilir

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində BMT-nin Narkotik və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və ÜGT-nin birgə lahiyəsi olan “Konteyner Daşınmalarına Nəzarət üzrə Qlobal Proqram” layihəsi çərçivəsində təlimlər başlayıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Tacikistanın gömrük orqanlarının əməkdaşlarının qatıldığı təlimlərdə ÜGT-nin nümayəndələri Peter Timmermans, Cesar Sohiaffino və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən iştirakçılara risklərin idarə olunması və qiymətləndirilməsi, elektron qeydiyyat, konteyner plomblarının saxtalaşdırılması və digər mövzularda məlumat verilir. Mütəxəssislər beynəlxalq təcrübədən nümunələr gətirərək bu proqramın icra olunması ilə birlikdə gömrük sahəsində hüquqpozmaların və narkotik qaçaqmalçılığının qarşısının alınmasında ciddi nailiyyətlərin əldə olunacağını vurğulayıblar.

Təlimlərin ikinci günündə proqram çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən Azərbaycan gömrüyünə 2 ədəd kimyəvi maddələrin müəyyən ediməsində istifadə olunan “Hazmat” avadanlığı təqdim edilib. Bu münasibətlə keçirilən imzalama mərasimində BMT-nin Orta Asiya ofisinin nümayəndəsi Batır Geldiyev və Azərbaycan Respublikası DGK-nin sədr müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev iştirak edib. R. Həsənəliyev təqdim edilən avadanlığa görə komitə rəhərliyi adından minnətdarlığını bildirərək bu avadanlığın gömrükçülərin işini həm keyfiyyət, həm də kəmiyyət baxımından artıracağını, eyni zamanda tərəflər arasındakı əməkdaşlığın vacibliyini vurğulayıb. Öz növbəsində B. Geldiyev də təlimilərin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycanın narkotik qaçaqmalçılığı ilə mübarizədə mühüm rol oynadığını qeyd edən BMT rəsmisi qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin önəmindən danışıb.

Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsi və Astara Gömrük İdarəsində istismara veriləcək “Hazmat” avadanlığı naməlum kimyəvi maddələrin tərkibinin yerindəcə müəyyən edilməsinə və prosesin həyata keçirilməsinə sərf olan vaxt itkisinin aradan qaldırılmasına imkan verəcək. Yaxın günlərdə isə avadanlığın istifadə olunması ilə bağlı xarici mütəxəssislər tərəfindən Azərbaycan gömrükçülərinə xüsusi təlimlər keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR