Bakının qış nağılı - kim yatmış, kim oyaq
Bizi izləyin

Qırmızı.az

Bakının qış nağılı - kim yatmış, kim oyaq

Hələ payız qurtarmamış Bakının qış problemləri özünü göstərməyə başlayır. İki gün ardıcıl yağışın yağması paytaxtın nəhəng bataqlığa çevrilməsinə bəs edir. Hələ qışla gələn donmuş problemləri demirəm. Hər il qışa xüsusi hazırlaşan dövlət qurumları elə ilk qardan sonra qışa təslim olurlar. Ən çox problem isə həmişə olduğu kimi paytaxt yollarında yaranır. Bir çox yollarda barmaqlıqlar olmadığından və ya təmizlənmədiyindən yağış və qar suları gölməçələr yaradır. Şaxtalar düşdükdə isə buz bağlayan yollar hər gün qəza və ölümlərə şahidlik edir. Hələ qış gəlməmişdən artıq paytaxtın qaz və elektrik enerjisi təchizatında da bəzi məhdudiyyətlər yaranıb. Dövlət qurumları isə bu il qışa xüsusi hazırlaşdıqlarını deyirlər. Onlara inansaq, bu payız-qış mövsümündə problemlər olmayacaq. Publika.az aidiyyəti qurumların qışa necə hazırlaşdıqlarını öyrənib.

“Azəriqaz” İB-də yeni qurum yaradılıb

“Azəriqaz” İstehsalat Birliyi ötən payız-qış mövsümünün yekunlarını təhlil edib və növbəti tədbirlər planını müəyənləşdirib. “Azəriqaz” İB-nin baş direktorunun əmiri ilə qurum yaz aylarından qış mövsümünə hazırlığa başlayıb”. Bu barədə Publika.az-a “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib.

Onun sözlərinə görə, aprel ayında “Azəriqaz” rəhbərinin əmri ilə 347 bənddən ibarət tədbirlər planı hazırlanıb. May ayından isə istər “Azəriqaz”ın müvafiq şöbələri, istərsə də rayonlardakı Qaz İstismar Sahələri tədbirlər planı çərçivəsində üzərlərinə düşən işlərin icrasına başlayıblar.

Ümumilikdə, 30 min metrdən çox qaz kəmərinin təmir edildiyini və yeniləndiyini deyən Araz Ağayevin sözlərinə görə, 5500 metrdən çox qaz kəməri dayaqlar üstünə qaldırılıb.

“Azəriqaz”da hesab edirlər ki, bu il ötən illərdəki bir sıra problemlər aradan qalxacaq. Artıq “Azəriqaz”da bununla bağlı yeni qurum da yaradılıb. Qurum rəsmisinin sözlərinə görə, “Qaz kəmərləri və cihazlarına texniki xidmət sahəsi” adlanan yeni qurum tərəfindən texniki baxışların keçirilməsi sürətləndirilib və keyfiyyəti daha da yaxşılaşdırılıb:

“Bu qurumda ali təhsilli mühəndislərin çalışması işlərin keyfiyyətini daha da artıracaq. Texniki baxışların gücləndirilməsinin başlıca səbəbi də dəm qazından zəhərlənmə kimi hallarını qarşısını almaqdır”.

Bəzən qaz verilişinin qəfildən və xəbərdarlıqsız kəsilməsi qaz partlayışları və bədbəxt hadisələrə səbəb olsa da, bir sıra hallarda elə öz məsuliyyətsizliyimiz ucbatından özümüzün və ya yaxınlarımızın həyatını təhlükəyə atırıq. “Azəriqaz” rəsmisi abonentlərə müraciət edərək bildirir ki, qış mövsümü ilə bağlı qaz sobalarının tüstü bacaları, mətbəx və hamam otaqlarının hava dəyişmə yolları qış mövsümü başlamadan əvvəl təmizlənməli və işlək vəziyyətə gətirilməlidir:

“Abonentlər nəzərə almalıdırlar ki, mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə edilməməli, qaz cihazlarını işə salmazdan qabaq otağın havası dəyişilməli, qaz iyinin olmadığı yəqin edilməlidir”.

Hələ qış başlamayıb, amma son vaxtlar evlərə verilən qazın azalması müşahidə olunur. “Azəriqaz” İB-də hesab edirlər ki, müəyyən yerlərdə qazla bağlı problemlər ola bilər, lakin bu lokal xarakter daşıyır. Əgər problem yaranırsa, o zaman vətəndaşlar qaz qəza xidmətinə müraciət edə bilərlər.

Qurum rəsmisi bütün tədbirlərin görüldüyünü və abonentlərin payız-qış mövsümündə ciddi problemlərlə qarşılaşmayacaqlarını vurğuladı.

Bakının elektrik problemi olmayacaq

“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyir ki, bu il qurum qışa daha ciddi hazırlaşıb.

“Bakıelektrikşəbəkə”nin 110 kilovotluq dairəvi elektrik sxeminin yaradıldığını deyən mətbuat katibinin sözlərinə görə, bu, Bakının enerji təchizatında yenilik olacaq.

T. Mustafayevin sözlərinə görə, qurum tərəfindən artıq 23 ədəd 110 kilovoltluq yarımstansiya quraşdırılıb. 2006-2014-cü ildə 35 kilovatlıq 65 stansiya inşa olunub. Son 8 il ərzində şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti də artırılıb.

Bir çox hallarda abonentlər qış aylarında şəbəkənin həddindən artıq yüklənməsindən və bu səbəbdən elektrik avadanlıqlarından istifadə zamanı problemlərlə üzləşdiklərindən şikayət edirlər. Bu hal xüsusən də şəhərətrafı ərazilərdə və Bakı kəndlərində özünü göstərir. T. Mustafayevin sözlərinə inansaq bu il artıq şəbəkədə həddindən artıq yüklənmələr olmayacaq:

“Bakıelektrikşəbəkə”nin gücqəbuletmə qabiliyyəti 5980 meqavolt amperə, yəni 96%-ə çatdırılıb. 2000-dən çox transformator məntəqəsi inşa olunub. Paytaxtda və şəhərətrafı kənd və qəsəbələrdə təxminən 12 km 0,4 kilovotluq hava elektrik verilişi xətləri müasir tipli özünüdaşıyan izolyasiya naqilləri ilə yenidən qurulub. Cari hazırlıq hal-hazırda da aparılır. Bütün transformatorlara nəzarət-təftiş həyata keçirilib. Əlavə maşın, mexanizm, işçi qüvvəsində havaların kəskin soyumasi ilə əlaqədar növbələşmə həyata keçirilir”.

T. Mustafayev deyir ki, elektrik verilişində problem yaranarsa, hər kəs 199 qəza xidmətinə müraciət edə bilər. “Bakıelektrikşəbəkə” ümumi işlərin yekunu olaraq qışda elektrik enerjisi təminatında heç bir problem olmayacağını vəd edir.

“Azəryolservis” noyabr ayına kimi qışa hazrlıqları başa çatdıracaq

“Azəryolservis” ASC-nin bütün idarə və müəssisələri qışa hazırlıqla bağlı verilən əmrin icrasına başlayıb. Noyabr ayının 20-nə qədər bu işlər tam başa çatdırılacaq”. Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələr, əsas magistrallarda işlərə başlanılıb: “Yenidən qurduğumuz bütün yollarda drenaj sistemi də yenidən qurulur. Ziya Bünyadov prospektində səth sularının yığılıb qalması prospekti bərbad vəziyyətə salırdı. Biz həmin prospektdə drenaj sistemini artıq yenidən qurmuşuq. Təxminən 95 % işlər bitib. Hansı yolları ki yenidən qururuq, o ərazilərdə drenaj sistemini də bərpa edirik”.

P. Mürsəliyevin bildirdiyinə görə, problemlər Bakı şəhərinin əksər avtomobil yollarının keçmiş dövrdə sovet normalarına uyğun qurulduğundan baş verir. Onun sözlərinə görə, yeniləmə işləri mərhələ-mərhələ həyata keçirilir. Yol İstismar idarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planını hazırlayaraq icrasına başlayıb. Buraya avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirmək, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların təmizlənməsi, işçilərin xüsusi geyimlərlə təmin olunması, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatının yaradılması daxildir. Bütün bu işlərin oktyabr ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Onun sözlərinə görə, magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün sutkalıq növbətçilik təşkil olunub. Avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatlar operativ növbətçilər tərəfindən müntəzəm şəkildə qeydə alınacaq.

Bakıda bütün yollara “Azəryolservis”in nəzarət etmədiyini deyən P. Mürsəliyevin sözlərinə görə, quruma aid yenidən qurulan yollarda müdafiə sistemi də yenidən qurulur. Ümid isə qışı gözləməyə qalır.

“Azərsu” ASC qışa hazırlıqla bağlı işlərə başlayıb

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının Publika.az-a bildirdiyinə görə, bu ilin doqquz ayında 700 kilometrdən artıq magistral və şəbəkə su xətləri çəkilib. Çəkilən xətlərin 600 kilometrdən çoxu regionlarda həyata keçirilib. 200 kilometrdən artıq kanalizasiya kollektorları və xətləri, 22 ədəd su anbarı tikilib.

Qurum həm regionlarda, həm də Abşeron yarımadasında içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması üçün mühüm işlər həyata keçirir. Hazırda qurum tərəfindən paytaxt yollarında kanalizasiya xətlərinin və yağış barmaqlıqlarının yuyulub təmizlənməsi işləri aparılır.

Bakı kəndlərində və şəhər ətrafında yaşayan əhalinin su probleminə gəlincə, qurum rəsmisi bildirdi ki, bu problemlər daha çox yayda olur və qış aylarında əhalinin bir hissəsi bağ evlərindən şəhərə köçdüyündən orada suya o qədər də tələbat olmur. Ötən il yaranan problemlər isə yerüstü xətlərin partlaması ilə bağlı idi ki, bu da fərdi yaşayış sahələrində olduğundan quruma aid problem sayıla bilməz. Qurum rəsmisi paytaxtın qışa tamamilə hazır olduğunu deyir.

Bu il 3500 yaşayış binası istiliklə təmin olunacaq

Payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən yeni istilik təchizatı mənbələrinin yaradılması, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşdirilməsi, qazanxanaların qaz təchizatının təmin edilməsi üçün yeni qaz xəttinin çəkilməsi, magistral və məhəllədaxili istilik xətlərinin yenisi ilə əvəz edilməsi, sosial obyektlərin aşağı paylayıcı və binadaxili istilik sistemlərinin bərpası və yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərinin yenidən qurulması istiqamətində tədbirlərə start verilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Rafiq Əliyevin Publika.az-a bildirdiyinə görə, bununla əlaqədar növbəti istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib. Qazanxanalarda olan nasoslar, elektrik mühərrikləri təmir olunub, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.

R. Əliyev onu da bildirdi ki, 2014-ci ilin investisiya proqramı çərçivəsində “Azəristiliktəchizat” ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası istiqamətində 370 müxtəlif tipli layihələr həyata keçirilib. Bu layihələrin icrası olaraq 9 yeni qazanxana tikilib, 15 qazanxananın müasir tipli avadanlıqlarla təmin olunaraq yenidən qurulub, 8 obyektdə modul tipli və kaskad tipli istilik mənbəyi yaradılıb, 7 istilik məntəqəsi yenidən qurulmaqla qazanxanaya çevrilib, qazanxanaların qazlaşdırılması ilə əlaqədar 48 layihə icra olunub, 4 məktəbin, 3 uşaq bağçasının, 3 səhiyyə müəssisəsinin və 4 digər sosial obyektin aşağı paylayıcı və binadaxili istilik sistemləri, 270 yaşayış binasının aşağı paylayıcı istilik sistemləri yenidən qurulub.

Onun sözlərinə görə, yeni yaradılmış bütün istilik mənbələrində Almaniya, İtaliya və Türkiyədə istehsal olunmuş ən müasir tipli avadanlıqlar quraşdırılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində “Azəristiliktəchizat” ASC tərəfindən növbəti payız-qış mövsümündə 539 qazanxana və 115 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcəkdir ki, onların da vasitəsilə 2014/2015-ci illər payız-qış mövsümündə 3500 yaşayış binasının, 281 məktəbin, 155 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin və 431-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub.

Bundan başqa, sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC tərəfindən 956 saylı “Qaynar xətt” istifadəyə verilmişdir ki, bu da sakinlərin ərizə və şikayətlərinin qısa müddət ərzində araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin olunmasına şərait yaradacaq. Eyni zamanda, “Azəristiliktəchizat” ASC-nin azeristilik.gov.az saytı fəaliyyətə başlayıb ki, bu sayt vasitəsilə də vətəndaşlar elektron ərizə ilə müraciət edərək onları maraqlandıran suallara operativ cavab ala bilərlər. Sakinlər tərəfindən istilik haqlarının ödənilməsinin asanlaşdırılması məqsədi ilə bütün abonentlər kodlaşdırılaraq Azərbaycan Respublikası Mərkəzi Bankının kütləvi ödənişlərin mərkəzləşdirilmiş idarə sistemi olan hökumət ödəniş portalına qoşulub.

Sovet İttifaqı ilə birgə dağılan istilik sistemi bəzi binalarda bərpa olunsa da, bəzən paytaxt sakinləri öz vəsaitləri hesabına evlərinin istilik-qızdırılma sistemini təmin edirlər. Bu zaman “Azəristiliktəchizat” ASC ilə vətəndaşlar arasında müəyyən problemlər yaranır. Belə ki, hər hansı 9 mərtəbəli binanın istilik sistemi bərpa olunan zaman bir neçə sakin evinin təzəcə təmir olunaraq fərdi istilik sistemi ilə təchiz olunmasının əsas gətirərək ümumi şəbəkəyə qoşulmaqdan imtina edir. Belə olan halda ondan yuxarı mərtəbədə olan sakinlər də istiliksiz qalmalı olurlar. Rafiq Əliyevin sözlərinə görə, ötən il 30-40 min mənzil bu səbəbdən istilik sistemindən kənarda qalıb: “Keçən il “Azəristiliktəchizat” ASC ilə vətəndaşlar arasında 200-dək məhkəmə işi olub ki, məcburi qaydada məhkəmə qərarı ilə həmin mənzillərin içərisindən qızdırıcı boruları keçirərək növbəti mənzilləri istilik sistemi ilə təchiz etmək mümkün olub.

Belə hallarla çox tez-tez qarşılaşdıqlarını deyən R. Əliyev onu da bildirdi ki, əslində vətəndaşlar özləri belə şəxsləri məhkəməyə versələr daha yaxşı olar. Çünki belə hallar tez-tez baş verdiyindən qurumun hüquqşünası hər gün məhkəmə çəkişmələrində qalır.

Bakı metrosu qışa yaydan hazırlaşır

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a bildirdiyinə görə, metro artıq qışa hazırdır. Qurumda yay qrafikində işləyəndən qış qrafiki ilə bağlı bütün işlər tamamlanıb: “Qış rejiminə sentyabrın 15-dən keçmişik. Bu iyunun ortalarına kimi davam edir. Bütün işlər tamamlanıb, istər yol xidməti, istər hərəkət xidməti, qışa tam hazırıq”.

N. Paşayevin sözlərinə görə, depo ilə Nərimanov stansiyası arasında - Bakmil stansiyasında bəzi yerüstü yollar var ki, onlarla bağlı da bütün işlər görülüb.

Bakı Şəhər İcra Hakimiyyəti daxili problemlərini həll edə bilmir

Bakı Şəhər İcra Hakimiyətinin qışa hazırlıqları ilə bağlı qurumun mətbuat xidməti ilə əlaqə saxlasaq da, suallarımızı cavablandıran tapılmadı. Mətbuat xidmətindən Mənzil Kommunal Departamenti ilə əlaqə saxlamağımızı bildirsələr də, adıçəkilən qurum məlumatı mətbuat xidmətindən almağımızı məsləhət gördü.

BŞİH-nin mətbuat xidmətindən isə onların Mənzil Kommunal Təsərrüfat Departamentinə deyil, departamentin onlara tabe olduğunu dedilər: “Biz məlumat almaq üçün heç kimə sorğu göndərə bilmərik. Departament bizə tabedir, biz departamentə yox. Onlar bununla bağlı məlumatlı qurumdurlar və məlumatı da onlar verməlidir. Yəqin, əllərində məlumat yoxdur, ona görə də verə bilmirlər”.

... Qışa isə az qalıb. Görək başımıza nə gələcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm