• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Xaçmazda inanılmaz ailə dramı - ŞOK TƏFƏRRÜAT

Xaçmazda inanılmaz ailə dramı - ŞOK TƏFƏRRÜAT

Xaçmaz şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Mövlanov bibisi Gülbikə İsgəndərovanı öldürüb. Teleqraf.com xəbər verir ki, hadisə 17 iyun 2003-cü ildə baş verib.

Samir Mövlanovun həyat yoldaşı Ülviyyə Quliyeva ərindən gizlin mobil telefon işlədərək onun bibisi oğlu Nurlan İskəndərov ilə telefon əlaqəsi saxlayıb. Samir 11 iyun 2013-cü ildə öz bibisi oğlu ilə həyat yoldaşı Ülviyyənin sevgi münasibətində olduğunu öyrənib. O, həyat yoldaşından bu barədə soruşub. Ülviyyə Quliyeva ərinin məsələdən xəbər tutmasını biləndən sonra qorxuya düşüb və həmin gecə evdən qaçıb.

Bibi-qardaşoğlu davası

Samir Mövlanov həyat yoldaşının bibisi oğlu ilə birlikdə Bakı şəhərinə getdiyini öyrənib. O, həyat yoldaşının bibisi oğlu Nurlan İskəndərovla ona xəyanət etdiyini başa düşüb. Samir bu məqsədlə onları axtarıb.

Samir Mövlanov hər dəfə bibisi Gülbikə İskəndərovadan onların yerini soruşub. Gülbikə hər dəfə onların harada olduğunu bilmədiyini deyib. Hadisə baş verən gün Samir spiritli içki qəbul edib və saat 22 radələrində bibisi İskəndərovanın Köhnə Xaçmaz kəndi, Qudyalçay küçəsi 14 ünvanında olan evinə gəlib. O, bibisindən oğlu Nurlanın yerini soruşub. Bu zaman bibi və qardaşoğlu arasında mübahisə yaranıb.

Xəyanət qisasını bibisindən aldı

Mübahisə zamanı Samir Mövlanov qisas almaq məqsədilə Gülbikə İskəndərovanı öldürmək qərarına gəlib. Samir bu məqsədlə özündə olan bıçaqla Gülbikə İskəndərovanın boyun nahiyəsini kəsib. O, daha sonra bibisinə 22 bıçaq zərbəsi vurub. Gülbikə İskəndərova aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

Samir Mövlanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Arvadım evimizin yıxılacağını bildirdi”

Məhkəmədə ifadə verən Samir Mövlanov bildirib ki, Ülviyyə Quliyeva ilə ailə həyatı qurandan sonra Xaçmaz şəhəri, Müşkür küçəsi, ev 6, mənzil 1-də yaşayıblar. Onun sözlərinə görə, Ülviyyənin mobil telefonu və nömrəsi olmayıb: “İyunun 9-da atama ot yığmaqda kömək etmək üçün Ülviyyə ilə birlikdə Xaçmaz rayonu, Əhməd-oba kəndindəki atama məxsus evə getdik və orada qaldıq. İyunun 11-də evdən təxminən 2-3 kilometr aralıda yerləşən 1 hektar pay torpaq sahəsində atam ilə birlikdə ot yığmağa getdik. Həmin gün saat 15-16 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan bibim oğlu Nurlan bizim yanımıza gəldi. Bibim oğlu bizimlə hal-əhval tutandan sonra Xaçmaz şəhərinə qayıtmalı olduğunu bildirərək getdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün saat 20 radələrində atası ilə sahədə işi başa çatdırıb və Əhməd-oba kəndindəki evə qayıdıblar: “Evdə qaldığım otağa girdim. Bu zaman arvadım mənə yaxınlaşdı və evimizin yıxılacağını bildirdi”.

“Arvadıma yazılan mesajları gördüm”

Samir Mövlanov daha sonra baş verənləri belə danışıb: “Bu zaman arvadımdan nə baş verdiyini, kimin evimizi yıxacağını soruşdum. Ülviyyə heç nə izah etmədən yenə həmin sözləri təkrar edərək ağladı. Ülviyyənin bu sözlərinə fikir vermədim və həyətə çıxdım. Atam ilə birlikdə yemək yeyəndən sonra arvadım olan otağa getdim. Ülviyyə mənə yaxın gəlməməyimi dedi. Ondan bunun səbəbini soruşdum. Ülviyyə heç nə demədi və yenə də ağlamağa başladı. Bu zaman nə isə baş verdiyindən şübhələndim. Buna görə də otağı axtardım. Çarpayıda olan döşəyin altından “Nokia” markalı mobil telefon, onun içərisində isə “Azərcell” MMC-yə məxsus mobil telefon nömrələrinin plastik kartlarının olduğunu gördüm. Telefona həmin gün sim nömrəsindən zənglər gəldiyini, həmçinin mesaj göndərildiyini gördümr. Mesajda isə Nurlan arvadıma narahat olmaması, hər şey yaxşı olacağı, onu sevdiyini və s. yazmışdı”.

“Başa düşdük ki, arvadım qorxub evdən qaçıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, telefonun yaddaşında başqa tanımadığı kişi adları və nömrələri olub: “Bunları gördükdən sonra Ülviyyəni soruşdum. Anam Ülviyyənin harasa qaçdığını dedi. Anam onun harada olduğunu və niyə qaçdığını bilmədyini dedi. Bu zaman Ülviyyəyə kiminsə zənglər etdiyini və mesaj göndərdiyini atama və anama dedim. Bundan sonra başa düşdük ki, arvadım başqası ilə telefonla danışdığını biləcəyimizdən qorxaraq evdən qaçıb. Biz Ülviyyəni axtarsaq da, tapa bilmədik. Ülviyyənin özünə qəsd edə biləcəyindən ehtiyat etdik. Buna görə də atam Xaçmaz Rayon Polis Şöbəsinə gedərək Ülviyyənin evdən yoxa çıxması barədə məlumat verdi və onun tapılmasına köməklik etmələrini istədi. Saat 23.30 radələrində bibim oğlu Nurlana zəng vurdum. Ondan harada olduğunu soruşdum. Arvadımın evdən qaçdığını deyərək Ülviyyənin onlara gəlib-gəlmədiyini soruşdum. Nurlan evdə olduğunu, Ülviyyənin onlarda olmadığını və harada olduğunu bilmədiyini dedi. Bundan sonra bibim oğlu bizə gəldi. Onunla birlikdə Ülviyyənin şəkilini Rayon Polis Şöbəsinə apardıq”.

“Zəng vurduğum kişilərdən arvadımla nə işləri olduğunu soruşdum”

Samir Mövlanov deyib ki, polis şöbəsindən çıxandan sonra Nurlandan ayrılıb. Onun sözlərinə görə, yarım saatdan sonra polis əməkdaşları evinə gəlib və bundan sonra Nurlan da yoxa çıxıb: “Bu zaman Nurlanın mobil telefonuna zəng vursam da, ona zəng çatmayıb. Nurlan ilə Ülviyyənin harada olduqlarını bilməmişəm. Gecə evdə tapdığım mobil telefondakı sim nömrədən və yanındakı iki ədəd sim nömrədən telefondakı nömrələrə bir-bir zəng vurdum. Nömrə sahiblərindən arvadım ilə nə əlaqələri olduğunu soruşdum. Həmin kişilər ailəli olduqlarını, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşadıqlarını, arvadım Ülviyyəni tanımadıqlarını, zəng vurduğum telefon nömrəsinin isə bibim oğlu Nurlanın nömrəsi olduğunu bildirdilər. Başa düşdüm ki, arvadıma telefon nömrələrini bibim oğlu Nurlan verib”.

“Arvadımı tapa bilmədik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 13-də Xaçmaz şəhərində yaşayan bibisi Gülbaharın oğlu Sahib ona zəng vurub: “Sahib Bakıda yaşayan qardaşı Elmanın Nurlanın bir qızla görüşdüyünün, həmin qızı qaçırdığını və qalmağa yer lazım olduğunu bildirdı. Sahib həmin qızın arvadım Ülviyyə olduğunu öyrəndiyini dedi. Sahibin zəngindən dərhal sonra atam Oktayla Şabran şəhərindən qaynatam Qardaşxanı da götürərək Bakı şəhərinə yola düşdük. Bakıya çatandan sonra isə qardaşım Kamili də götürdük və bibim oğlu Elmanın yaşadağı Zığ qəsəbəsinə getdik. Elmanın köməyi ilə Nurlan və Ülviyyəni tapmağa ümid etdik. Lakin Nurlan və Ülviyyəni tapa bilmədik. Buna görə də Xaçmaza qayıtdıq. Həmin gün Nurlana zəng vurdum. Nurlanın telefonu çağırsa da, cavab vermədi. Bundan sonra Nurlana Xaçmaza gəlməsə, anasını evin içində yandıracağım barədə mesaj yazdım. Təxminən 1-2 saat sonra Nurlana zəng vurdum. Nurlan niyə belə mesaj yazdığıma etirazını bildirdi. Nurlan Qubada əsgər yoldaşının yanında olduğunu və Xaçmaza qayıdacağını dedi”.

“Nurlana arvadımı qaçırdığını dedim”

Təqsirləndirilən şəxs bildirib ki, Nurlanla Xaçmaz şəhərinin girişindəki dairənin yanında görüşmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, atası Oktay ilə həmin dairənin yanına gedərək Nurlanı gözləyiblər: “Axşam saat 18-19 radələrində Nurlan həmin yerə gəldi. Biz birlikdə məsələni aydınlaşdırmaq istədik. Evə çatmağa az qalmış atam siqaret almaq üçün yolda mağazaların birinin yanında düşdü. Həmin vaxt Nurlan arxa oturacaqdan düşərək qaçdı. Tez Nuralının arxasınca qaçaraq onu tutdum. Nurlanı evə apardıq. Nurlana arvadıma telefon və telefon nömrələri verdiyini, Bakıya da qaçırdığını dedim və ondan Ülviyyənin yerini soruşdum. Nurlan əvvəlcə heç nəyi boynuna almadı, Ülviyyənin harada olduğunu bilmədiyini dedi. Bu zaman Nurlanı vurdum. Ondan hər şeyin düzünü danışmasını tələb etdim. Nurlan Ülviyyə ilə aralarında heç bir yaxınlıq olmadığını, sadəcə Ülviyyə ilə telefonla danışdığını, Ülviyyəni də gecə kənddən ona kömək etmək məqsədi ilə Bakı şəhərinə apardığını, gecəni Milli Parkda ayaq üstə keçirtdiklərini, Elməddindən qalmağa yer istədiyini bildirdi. Bu zaman atam Nurlanı daha vurmamağı və Ülviyyənin tapılmasına kömək olması üçün polisə təhvil verilməsinin vacib olduğunu dedi”.

“Bibim "get arvadının dərdini çək, mənim oğlumla işin yoxdur" dedi”

Samir Mövlanovun sözlərinə görə, Nurlanı Xaçmaz rayon Polis Şöbəsinə aparıblar. O, daha sonra qeyd edib ki, iyunun 14-də polisə zəng edib və Nurlanın Ülviyyəni gətirmək adı ilə qaçdığını öyrənib: “Bundan sonra Nurlanı axtarmağa başladım. Dəfələrlə Nurlanın telefonuna zəng vursam da, telefonu bağlı olub. Bibim Gülbikə və nənəm Maycamal Nurlanın evdə olmadığını və harada olduğunu bilmədiklərini deyiblər. Bibim və bibim oğlu Elnurun danışıqlarından və özlərini aparmalarından başa düşdüm ki, onlar Nurlanı haradasa gizlədirlər. İyunun 17-də, saat 13 radələrində Nurlanı görmək üçün bibim Gülbikənin evinə getdim. Gülbikədən Nurlanın harada olduğunu soruşdum. Bibim “ay bala, olan oldu keçdi daha, neynirsən Nurlanı” deyə mənə cavab verdi. Bu zaman bibim Gülbikəyə başqa heç nə demədən evimə qayıtdım. Evdə gizlətdiyim bıçağı götürərək yenidən bibimgilə qayıtdım. Yenə də bibimdən Nurlanın harada olduğunu soruşdum. Bibim mənə dedi ki, "get arvadının dərdini çək, mənim oğlumla işin yoxdur". Bibimə Nurlandan iki kəlmə söz soruşmaq istədiyimi dedim. Bu zaman bibim Nurlanın evdə olmadığını, ancaq evdə olsa belə mənə verməyəcəyini bildirdi. Bundan əsəbləşərək özümdə olan bıçaqla bibimə zərblər vurdum. Bıçaq zərbələri bibimin sinə nahiyələrinə və boğazına dəyib. Bibim bərkdən qışqıraraq köməyə adam çağırdı və onu vurmamağını deyərək mənə yalvarmağa başladı. Özümü saxlaya bilmədim və evin qarşısındakı pilləkənin üstündə də bir neçə dəfə bibimə zərbə vurdum. Bu zaman bibim aldığı xəsarətlərdən pilləkənin aşağısına yıxıldı. Bibimin öldüyünə əmin olandan sonra “Xəzər” ticarət mərkəzinin yanına getdim. Orada iki bakal pivə içdim və daha sonra Xaçmaz rayon Polis Şöbəsinə zəng edərək bibimi öldürdüyümü etiraf etdim, sonra polisə təslim oldum”.

Məhkəmə zərərçəkmiş tərəfi və şahidləri dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Samir Mövlanov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Samir Mövlanov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edilməsini istəyib.

Onun şikayəti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İlham Həsənovun sədrliyi ilə araşdırılıb və sonda qərar elan edilib. Qərara görə, Samir Mövlanovun şikayəti təmin edilib və onun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilib. Ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR