Goranboyda 7 nəfəri öldürən şəxs haradadı?
Bizi izləyin

Qırmızı.az

Goranboyda 7 nəfəri öldürən şəxs haradadı?

Goranboyda 7 nəfəri qətlə yetirən Rafiq Hüseynov rayon Polis şöbəsindən çıxarılıb.

Axar.az-a yerli mənbədən verilən məlumata görə, Səfikürd kəndində kütləvi qətl törədən şəxs artıq Gəncə Şəhər Polis İdarəsində saxlanır.

Qatilin istintaqı davam edir və ailəsi ilə də görüşü olmayıb. Valideynlərinin onunla görüşmək istəmədiyi də vurğulanır. Hadisə nəticəsində yaralanan Natiq və Günel Məmmədovların isə vəziyyəti yaxşılığa doğru gedir. Qatilin ailəsi isə bu günə kimi Səfikürd kəndindən kənarda yaşayırlar. Onların kəndə qayıdacağı yaxın vaxtlarda gözlənilmir.

Onu da deyək ki, Səfikürd kənd İcra nümayəndəliyinin rəhbəri Eldəniz Həsənəliyev ANS-in “Günəbaxan” verilişinin canlı yayımına qoşulub.

Onun sözlərinə görə, qatilin ailəsinin kənddən çıxarılması bir gecədə 7 nəfər üzvünü itirən ailənin yaxınlarının xahişi ilə olub. İcra nümayəndəsi istintaq tamamlanandan sonra başqa tədbirlərin görüləcəyini də mümkün sayıb.

Xatırladaq ki, Goranboy rayonunda faciəli hadisə oktyabrın 1-də baş verib. Rafiq Hüseynov toyundan bir neçə gün sonra həyat yoldaşına qarşı zorakılıq edib. Nəticədə yeni gəlin atası evinə qayıdıb. R.Hüseynov arvadından evə qayıtmasını tələb edib. Ailə isə qızlarını geri göndərməyəcəyini bildirib.

R.Hüseynov gecə saat beş radələrində həyat yoldaşının ata evinə basqın edərək qumbara atıb. O, evdə olan 7 nəfəri öldürüb, 2 nəfər isə yaralanıb. Ölənlərdən biri 3 yaşlı uşaq olub. Bunlar - arvadı Südabə, qaynı Namiq, qayınanası Diləzbər Məmmədova, qohumları Ofelya, Həvayət, Fərqanə və azyaşlı İsa Məmmədovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm