14 774 halda əmək qanunvericiliyi pozulub
Bizi izləyin

Qırmızı.az

14 774 halda əmək qanunvericiliyi pozulub

Oktyabrın 16-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə cari ilin 9 ayında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan islahatların və işçi hüquqlarının təminatı sahəsində görülən işlərin nəticələrinə dair mətbuat konfransı keçirib.

Publika.az-ın məlumatına görə, F.Əlizadə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası olaraq, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) yaradılması və tətbiqinə başlanılmasını hesabat dövrünün ən uğurlu islahat tədbirlərindən biri kimi qeyd edib: “Cari ilin 01 iyulundan istifadəyə verilən bu sistem artıq tam fəaliyyətdədir. Sistem tətbiq olunduqdan sonra işəgötürənlərin məlumatlandırılması, sistemdən istifadə ilə bağlı onların praktik bilgilərə sahib olmaları üçün DƏMX tərəfindən ardıcıl və çoxşaxəli işlər görülüb. Müvafiq Qaydalar, metodiki materiallar nazirliyin rəsmi saytında (www.mlspp.gov.az, www.eesmn.gov.az) yerləşdirilib. KİV-lərdə çoxsaylı təbliğat-maarifləndirmə materiallarının yayımı, bütün bölgələrdə “Açıq qapı” günü-vətəndaş forumlarının keçirilməsi, “Yardımçı masaları”nın yaradılması və s. təşkil olunub.

Bu işlərin, habelə EİS-in mükəmməl və işəgötürənlərin istifadəsi üçün rahat və əlverişli proqram təminatına malik olmasının müsbət nəticəsi kimi, işçilərlə bağlanmış əmək müqavilələrinin müvafiq bildiriş formalarında EİS-də qeydiyyatdan keçirilməsi prosesində işəgötürənlər fəal iştirak edib. Təkcə cari ilin sentyabr ayı ərzində EİS-dən 1 116 873 nəfər, istifadəyə verildiyi vaxtdan, yəni bu ilin iyulun 1-dən isə 1 milyon 753 minə yaxın vətəndaş istifadə edib. Onu da nəzərinizə çatdırım ki, sistem istifadəyə verildikdən sonra ötən qısa müddət ərzində 1 milyon 400 mindən çox əmək müqaviləsi EİS-də qeydiyyatdan keçirilib”.

Bunun uğurlu göstərici olduğunu qeyd edən F. Əlizadə bildirib ki, hazırda davam edən bu prosesə ciddi nəzarət olunur: “Bağlanan hər bir yeni əmək müqaviləsi, yaxud bu müqaviləyə dəyişiklik edilməsi və ya xitam verilməsi bildiriş formasında EİS-də əksini tapmalıdır. Qanunvericiliyin bu tələbinə əməl olunmaması təbii ki, hüquq pozuntusu faktı kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələr tətbiq ediləcək”.

Xidmət rəisi Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyatı mexanizminin yaradılmasının beynəlxalq qurumlar tərəfindən maraq və rəğbətlə qarşılandığını, bunun dünyada mütərəqqi təcrübələrdən biri və digər bir çox ölkələr üçün nümunə kimi dəyərləndirildiyini bildirib: “Çünki bu sistem əmək münasibətləri sahəsində şəffaflığın təmin olunmasına, bu sahəyə birbaşa və obyektiv dövlət nəzarətinin həyata keçirilməsinə, işçilərin əmək və gələcək sosial təminat, layiqli pensiya hüquqlarının etibarlı təminatına imkan yaradıb. Dövlət nəzarəti zamanı qeyri-leqal işçiləri dərhal müəyyən etməyə imkan verən bu sistem nəticə etibarilə sosial sığorta, vergi daxilolmalarının artmasına şərait yaradır. Həmçinin EİS-in tətbiqi işəgötürənlərin qısa bir dövrdə elektron imzaya, e-imza ilə işləmək bacarıqlarına yiyələnmələrinə, bağlanan hər bir əmək müqaviləsinin artıq kağız daşıyıcılıq formasından çıxaraq elektron sənəd kimi formalaşmasına və istənilən halda işçilərin hüquqlarının müdafiəsində hüquq əsas rolu oynaya bilməsinə səbəb olub”.

F.Əlizadə cari ilin yanvar-sentyabr aylarında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin nəticələri barədə də məlumat verib. O bildirib ki, qeyd olunan dövrdə dövlət nəzarəti zamanı ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda 14 774 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar olunub. Əsasən özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında yol verilən bu hüquq pozuntuları ilə bağlı olaraq işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq madəlləri üzrə cərimələr tətbiq edilib. Tətbiq edilmiş ümumi cərimələr 3 437 650 təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7.3 dəfə çoxdur. Tətbiq edilmiş ümumi cərimələrdən 41,1 %-i, yəni 1 411 600 manatı dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur. Eyni zamanda, cari ilin 9 ayında qeyri-leqal şəkildə əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilmiş 6 420 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanılması təmin olunub”.

Xidmət rəisi dövlət nəzarəti, eləcə də vətəndaşların müraciətlərinin araşdırılması zamanı hesabat dövründə ümumilikdə 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin olunduğunu bildirib. “Həmin vəsaitin 388 125 manatı əmək haqları, 19 767 manatı zərərə görə ödənclər, 10 315 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Bu sahədə aparılan işlərin müsbət nəticəsi kimi iş yerlərində əmək haqlarının və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının azalması özünü göstərir. Bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə gecikdirilmiş əmək haqlarının məbləği 19,1 faiz, gecikdirilmiş zərərə görə ödənclərin məbləği 15,3 faiz, gecikdirilmiş sosial müavinət və kompensasiyaların məbləği isə 34 faiz az olub”.

İşəgötürənlərin heç də hamısının işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına ciddi yanaşmamasının təəssüf doğurduğunu qeyd edən F.Əlizadə ona görə də bu sahəyə nəzarətin xeyli artırıldığını vurğulayıb: “Əməyin mühafizəsi tələblərinin ciddi şəkildə pozulduğu bir sıra müəssisələrdə, o cümlədən tikinti obyektlərində işlər əməyin mühafizəsi sahəsində onlarda aşkar olunan nöqsanlar aradan qaldırılana qədər dayandırılıb. Bu tədbirlər davam etdiriləcək və işçilərinin həyat və sağlamlığı üçün təhlükəli iş şəraiti olan müəssisələrə qarşı sərt tədbirlər həyata keçiriləcək”.

Daha sonra xidmət rəisi KİV nümayəndələrinin suallarını cavablandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm